“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyasının tikiləcəyi qeyd edilib. Milli Strategiyada 2024−2040-cı illər ərzində ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə işğaldan azad edilən ərazilərin su ehtiyatlarından istifadə sahəsində tədbirlərin həyata keçiriləcəyi də nəzərdə tutulub.
Strategiyaya əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından və hidroenerji potensialından “ağıllı su” sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcək. Yerüstü suların hidroenerji potensialı qiymətləndirilərək su elektrik stansiyaları, o cümlədən su təsərrüfatı obyektlərinin imkanları nəzərə alınmaqla kompakt enerji stansiyası yaradılacaq.
Bütün bunlarla bərabər, sağlamlıq, sahil və su turizmi imkanları üzrə qiymətləndirmə aparılacaq, əhalinin içməli su ilə təchizatının daha da yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi və su ehtiyatları potensialından səmərəli istifadə edilməsi hövzələrarası su transferini həyata keçirməyə imkan verəcək. Beləliklə, iqtisadi rayonlarda 300 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək.