“Trendyol”un nümayəndəsi: Azərbaycan bizim üçün ikinci məqsədyönlü investisiya və biznesin inkişafı bazarıdır

post-img

Azərbaycan bizim üçün vəsait yatırmaq və biznesi genişləndirmək məqsədi daşıyan ikinci beynəlxalq bazardır. Əlbəttə, biz əvvəlcə ölkənin ekosistemi haqqında məlumat topladıq və müşahidə etdik ki, Azərbaycanda insanlar elektron ticarətə maraq göstərir və buna hazırdırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “INMerge” innovasiya sammitində “Dəyişən istehlakçı davranışına uyğunlaşma” mövzusunda panel iclasında “Trendyol” qrupunun beynəlxalq departamentinin rəhbəri İrem Çağrı Yilandil deyib.

O əlavə edib: “Bundan əlavə, biz Şərqi Avropa ölkələrini, məsələn, Bolqarıstan, Rumıniya, Çexiya, Slovakiya və başqalarını nəzərdən keçiririk. Yeni bazara girməzdən əvvəl onu diqqətlə izləyirik: əhalini, kredit kartlarının nüfuzetmə səviyyəsini, rəqiblərin məhsul çeşidini və qıt malların kateqoriyalarını öyrənirik. Bazarı mənimsədikdən sonra biz öz texnoloji bazamızdan, məlumatların təhlili və əks əlaqə üzrə qruplarımızdan - yəni, mövcud müştərilərin rəy sistemindən istifadə edirik.

Bu bölgəyə investisiya qoymaq bizim üçün çox sərfəlidir. Prioritetimiz Azərbaycanda biznesin inkişafı üçün yerli mütəxəssislərin tapılması və hazırlanmasıdır. Elektron ticarət təkcə texnologiyadan istifadəni və innovasiyaları əhatə etmədiyindən, informasiya texnologiyaları sahəsində də mütəxəssislərə ehtiyac var.

İqtisadiyyat