XİN rəsmisi: COP29 çərçivəsində 70-ə yaxın beynəlxalq səviyyəli görüşün keçirilməsi planlaşdırılır

post-img

Biz iqlim dəyişikliyi və dövlətlərarası münaqişələr arasında olan əlaqələri araşdırmalıyıq. Bu təsirləri aradan qaldırmaq əsas məqsədlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bunu Pre-COP29 konfransı çərçivəsində keçirilən COP29-da İqlim və sülh arasında qarşılıqlı əlaqəyə dair ümumi məsləhətləşmələr zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov deyib.

O qeyd edib ki, qlobal sülh və iqlim təhlükəsizliyi arasında əlaqələr var. Bütün dünya ölkələri kollektiv öhdəliklər götürüb bunun icrası üçün planlar hazırlamalıdır.

“COP29 çərçivəsində 70-ə yaxın beynəlxalq səviyyəli görüşün keçirilməsi planlaşdırılır və bu görüşlərdə fikir müxtəliflikləri müzakirə olunacaq. Əsas məqsədimiz iqlim dəyişikliyinin təsirlərini aşağı səviyyəyə, hətta minimuma endirməkdir. COP29 zamanı Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda və digər ölkələrin nümayəndələri sülh və iqlim təşəbbüsü mövzusunda çıxış edəcəklər. Eyni zamanda, tədbir çərçivəsində Şamaxıda iqlim dəyişikliyi, sülh və insan axınları arasında əlaqələrin araşdırılması müzakirə olunacaq. Bundan əlavə, Afrika qitəsində olan ölkələrin yüksək səviyyəli dəyirmi masa görüşü keçiriləcək. Burada həssas ölkələrə iqlim dəyişikliyi ilə mübarizə istiqamətində maliyyə dəstəyinin göstərilməsindən danışılacaq”, - deyə o əlavə edib.

Sosial həyat