Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndəsi Fransanın Sen-Deni şəhərinə işgüzar səfər edib.
AZSTANDART-dan AZƏRTAC-a bildirilib ki, qurumun əməkdaşı Beynəlxalq Standartlaşdırma Təşkilatı çərçivəsində (ISO) “Zərif keramika” standartlaşdırma üzrə Texniki Komitənin iclasında iştirak edib.
Fransa Standartlaşdırma Assosiasiyasının təşkilatçılığı ilə baş tutan iclasa Azərbaycanla yanaşı, Almaniya Standartlar İnstitutu, Britaniya Standartlar İnstitutu, Belçika Standartlar İnstitutu, İtaliya Standartlar Qurumu, Çexiya Standartlar, Metrologiya və Sınaq İdarəsi, Yaponiya Sənaye Standartları Komitəsi, Koreya Texnologiya və Standartlar Agentliyi, Çin Standartlaşdırma İdarəsi, Malayziya Standartlar Departamenti və digər ölkələrin standartlaşdırma üzrə qurumlarından ümumilikdə 81 nümayəndə qatılıb.
Tədbirdə sözügedən komitə tərəfindən təqdim edilmiş beynəlxalq standart layihələrinə dair üzv ölkələr tərəfindən verilən rəy və təkliflərin perspektiv imkanları müzakirə olunub, həmin layihələrin tətbiqi üzrə səsvermə həyata keçirilib.
Daha sonra zərif keramika sahəsində hazırlanması nəzərdə tutulan standart layihələri üzrə müvafiq işçi qrupların nəzdində fəaliyyət göstərmələri üçün ekspertlər təyin edilib.