İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə cari ilin yanvar–sentyabr aylarında 12 milyard manatdan çox vergi daxil olub. Qurumun verdiyi məlumata görə, bu müddətdə vergi daxilolmalarının 8 milyard 418 milyon manatı və yaxud 70,2 faizi (ötən ilin müvafiq dövrünə nisbətən 13,4 faiz çox) qeyrineft–qaz sektorunun payına düşüb.
Xatırladaq ki, son illərdə ölkədə tətbiq edilən vergi güzəştləri və sosial sığorta üzrə fərqli rejim bu sahədə şəffaflaşmanı gerçəkləşdirib. Bu istiqamətdə həyata keçirilən islahatlar qeyri–neft sektorunun özəl bölməsində münasibətlərin şəffaflaşmasına, sahibkarların yükünün azaldılmasına, daimi iş yerlərinin və sosial təminatı olan işçi qüvvəsinin yaradılmasına müsbət təsir göstərib. Nəticədə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə daxilolmaların artımı nəzərə çarpıb.
Ölkədə sahibkar–dövlət münasibətlərində etimad da getdikcə güclənir. Bu isə vergi öhdəliklərinin könüllü yerinə yetirilməsində müsbət dinamika ilə müşahidə olunur. Son vaxtlar aparılan inzibatçılıq və qanunvericilik islahatları isə vergi öhdəliklərinə əməletmənin asanlaşmasını şərtləndirir, eyni zamanda, qeyri–neft sektoru üzrə büdcəyə vergi daxilolmalarının artım tempi qeyri-neft ÜDM-nin artım tempini üstələyir.
Ümumiyyətlə, hazırda sosial-iqtisadi sahələrdə həyata keçirilən islahatların məqsədi iqtisadi səmərəliliyin və rifahın təmin olunması prinsiplərinə söykənir. İqtisadi şəffaflaşma, biznes mühitinin cəlbediciliyinin artırılması, “kölgə iqtisadiyyatı”nın minimallaşdırılması, haqsız rəqabətin aradan qaldırılması, intizamlı biznes üçün mühitin təmin edilməsi vergi siyasətinin əsas istiqamətləridir.
Məhz bunun nəticəsidir ki, son bir neçə ildə biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, əgər 2018-ci ilə, yəni vergi sistemində “yeni keyfiyyət başlanğıcı” adlandırılan dövrün əvvəlinə qayıtsaq, istər vergi sistemində, istərsə də biznes–dövlət münasibətlərində böyük dəyişikliklər qeydə alınıb.
Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində müəyyənləşdirilən hədəfə nail olmaq üçün dövlət–sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, beynəlxalq standartlara uyğun elektron xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsində qeyri-neft sektorunun inkişafında əhəmiyyətli irəliləyişlərə nail olunur.
Son illərdə bütün bu istiqamətlərdə gerçəkləşdirilən təşəbbüslər ölkəmizin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırıb, sahibkarlıq sahəsində sürətli inkişafın davamlılığını təmin edib və rəqabət qabiliyyətini möhkəmləndirib, eyni zamanda, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırıb.
Azərbaycanda hazırda “kölgə iqtisadiyyatı”nın azaldılması məqsədilə vergi qanunvericiliyində dəyişikliklər edilməklə yanaşı, vergi inzibatçılığında da mütəmadi olaraq təkmilləşdirmələr aparılır. Bu, dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsini, vergiödəyicilərinə xidmətlər çeşidinin artırılmasını və özəl bölmədə biznesin fəaliyyətinə səmərəli şəraitin yaradılması şərtləndirir.
Yeri gəlmişkən, vergi xidməti strukturunda aparılan islahatlar çərçivəsində yeni vergi orqanları təsis edilib– əvvəllər işğal altında olan rayonların vergi şöbələrinin bazasında Qarabağ Ərazi Vergilər Baş İdarəsi və Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsi yaradılıb. Burada əsas məqsəd işğaldan azad olunan ərazilərdə vergi inzibatçılığının və idarəetmə modelinin respublikanın digər regionlarına və ümumi idarəetmə modelinə uyğunlaşdırılması, Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın inkişafının stimullaşdırılması, vergi ödəyicilərinin vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı rahatlığının təmin olunması, vergi xidmətlərinin əlçatanlığının gerçəkləşdirilməsi, həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrqsiyasının sürətləndirilməsidir.
Dövlət Vergi Xidmətində həyata keçirilən struktur islahatları sırasında Vergi Risklərinin İdarə Edilməsi Baş İdarəsi yaradılması da mühüm əhəmiyyətə malikdir. Bu idarənin təsis edilməsində əsas hədəf vergi nəzarətinin səmərəliliyinin artırılması məqsədilə vergidənyayınma risklərinin əvvəlcədən təhlil olunması və aşkarlanan risklər əsasında tədbirlərin keçirilməsi mexanizminin qurulmasıdır.
Xatırladaq ki, bununla da vergi ödəyicilərinin vaxtına qənaət olunacaq, vergi orqanlarının resursları risk potensialı daha yüksək olan vergi ödəyicilərinə yönəldiləcək, resursların bölüşdürülməsi optimallaşdıracaq. Eyni zamanda, vergi inzibatçılığının təkmilləşdirilməsi və çevik nəzarət mexanizmlərinin formalaşdırılması sahibkarlıq subyektlərinin vergi öhdəliklərinin icrasında mümkün risk amillərini aradan qaldırmağa, vergi nəzarəti tədbirlərinin ünvanlılığının təmin edilməsinə, riskli vergi ödəyiciləri ilə işin sürətləndirilməsinə müsbət təsir göstərəcək.
Vergi Ombudsmanı Xidməti Baş İdarəsinin yaradılmasında isə əsas hədəf vergi orqanlarında vergi ödəyicilərinin hüquqlarının pozulmaması üçün preventiv tədbirlərin görülməsi, pozulmuş hüquqların bərpası və şikayətə səbəb olan halların aradan qaldırılması ilə bağlı səmərəliliyin artırılması, sahibkarların qarşılaşdığı çətinliklərin həllində onlara əlavə dəstək verilməsidir.
Dövlət Vergi Xidmətində həyata keçirilən islahatlar çərçivəsində bəzi funksiyalar da mərkəzləşdirilib. Yeni struktur əvvəllər fərqli vergi orqanları daxilində fəaliyyət göstərən funksiyaları vahid çətir altında birləşdirərək vahid vergitutma çərçivəsini yaradacaq. Bu konsolidasiya prosesləri sadələşdirmək, izafi resurs sərfini aradan qaldırmaq və vahid vergi inzibatçılığı sistemi yaratmaq üçün nəzərdə tutulub. Bununla əlaqədar olaraq Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin bazasında Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş idarəsi yaradılıb. Qeyd olunan dəyişikliklə Bakı şəhəri üzrə vahid uçot fəaliyyətini və operativ nəzarəti həyata keçirəcək vergi orqanı təsis edilib.
Bütün bunlardan başqa 4 ərazi vergi orqanının səyyar və kameral vergi yoxlamalar ilə bağlı funksiyaları Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin müvafiq funksiyalarına birləşdirilib. Pilot olaraq tətbiq edilən bu layihə səyyar və kameral yoxlamalar sahəsində yeni yanaşmanın tətbiq edilməsi, yoxlamaların effektivliyinin artırılması, həmçinin qərarların qəbul edilməsi müddətlərinin optimallaşdırılmasına imkan verəcək.
Ümumiyyətlə, son illərdə ölkədə reallaşdırılan vergi islahatları qeyri-neft sektorunun özəl bölməsində münasibətlərin şəffaflaşmasına, sahibkarların yükünün azaldılmasına, daimi iş yerlərinin və sosial təminatı olan işçi qüvvəsinin yaradılmasına müsbət təsir göstərib. Nəticədə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə daxilolmaların artımı nəzərə çarpıb.
Ölkədə sahibkar–dövlət münasibətlərində etimad da getdikcə güclənir. Bu isə vergi öhdəliklərinin könüllü yerinə yetirilməsində müsbət dinamika ilə müşahidə olunur. Son vaxtlar aparılan inzibatçılıq və qanunvericilik islahatları isə vergi öhdəliklərinə əməletmənin asanlaşmasını şərtləndirir, eyni zamanda, qeyri-neft sektoru üzrə büdcəyə vergi daxilolmalarının artım tempi qeyri-neft ÜDM-in artım tempini üstələyir.
Beləliklə, göründüyü kimi, son illərdə iqtisadi şəffaflaşma, biznes mühitinin cəlbediciliyinin artırılması, “kölgə iqtisadiyyatı”nın minimallaşdırılması, haqsız rəqabətin aradan qaldırılması, əlverişli biznes şəraitinin yaradılması vergi siyasətinin əsas istiqamətləri kimi diqqət mərkəzində saxlanılıb. Hazırda isə vergi sahəsi ilə bağlı əsas hədəflərin, ilk növbədə, iqtisadi təşviq, effektiv nəzarət, rəqəmsallaşma prinsipləri əsasında reallaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulub. İqtisadi diversifikasiya və investisiyaların cəlbində vergi siyasətinin tənzimləyici rolunun davam etdiriləcəyi və “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizənin yenə də əsas prioritet olaraq qalacağı nəzərdə tutulub.