Şərqi özünə və Qərbə tanıdan görkəmli şərqşünas

post-img

Aida İmanquliyeva – 85

Neçə-neçə filosof və şərqşünas qoca Şərqi oyanışa, dünya ilə yarışa qovuşdurmaq üçün onu Böyük Köçün qopduğu yola - İpək yoluna səsləyib. Bu yolu qəlbinin və qələminin nuruna qərq edənlərdən biri də ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısı, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva idi.

Aida xanım 1962-ci ildə ali təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasından aspiranturaya daxil olub. O, şərqşünas alim Rüstəm Əliyevin rəhbərliyi ilə “Qələmlər cəmiyyəti” və Mixail Nüaymənin onun yaradıcılığında rolu” mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başlayıb.

XIX – XX yüzillərdə Cənubi Amerikaya mühacirət etmiş Suriya və Livan ədiblərinin yaradıcılığına həsr olunan bu mövzunun işləməsində əsas məqsəd ərəb -məhcər ədəbiyyatının bu qatı ilə bağlı faktları bir araya toplamaq və bu ədəbiyyatı yaradanları dünyaya tanıtmaq idi. İşin əhatə dairəsinin genişliyi, mənbələrin qıt olması gənc tədqiqatçını Moskvaya getməyə məcbur edir. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna ezam olunan Aida xanım Şərqin məşhur bilicilərindən olan İosif Braginskinin rəhbərliyi ilə dissertasiyasını tamamlayır.

Düşüncə gəmisində dərin dəryaları aşanları bəşəri dəyərlərin ayrılıqda nə Şərqə, nə də Qərbə məxsus olmadığını anlayanların əksəriyyəti bu qənaətdə idi ki, “dünya malı” dünyada qalan kimi, sivil insan da insanlığın duyğu-düşüncəsinin, istedadının və zəhmətinin bəlgəsi olan həqiqətlərin ortağı, şərikidir. Ortaq dəyərlər, müştərək ideyalar anlayışı da məhz bu səbəbdən meydana gəldi.

“Avropa tarixin sonu, Asiya başlanğıcıdır” qənaətinə gəlsə də, çox zaman Şərq - İslam dəyərlərini yetərincə dəyərləndirmək iqtidarında olmayan Hegelə cavab bir əsr sonra Azərbaycandan – Şərqlə Qərbin körpüsü olan Odlar yurdundan verildi. “Şərqdə həyatın təkmilləşməsi üçün yalnız Qərbin həyatı və fəlsəfi idrakın dərinliyi bəs olmadığı kimi, mədəni nailiyyətlər və texniki tərəqqi də hələ insanın mənəvi və sosial dirçəlişi üçün kifayət deyil” qənaəti şərqli Aida İmanquliyevaya məxsus idi. Onu XX yüzilin, Şərqin, Türk dünyasının, müsəlman aləminin səsi kimi də qəbul etmək olardı. Bu bir gerçəklik idi.

XXI əsrdə dünyanı bürüyən qloballaşma siyasəti, sivilizasiyaların dialoqu ideyası, mədəniyyətlərin inteqrasiyası prosesi bu faktın zamanında ortaya qoyulduğunu təsdiq edəcəkdi. 1966-cı ilin martında Şərq özünün gözəl bayramlarından birini – Novruzu qeyd etdiyi ərəfədə Aida xanım hər iki məşhur elmi rəhbərinin – Rüstəm Əliyevin və İosif Braginskinin xeyir-duası ilə dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi aldı. Onun bahar bayramında şərqşünas alim, özü də ilk müsəlman, türk, azərbaycanlı şərqşünas qadın alim kimi özünü təsdiq etməsi Şərqin yeni günəşinin qadın, Ana üzündə parlaması, yurdu nura qərq etməsi idi.

Ötən əsr Azərbaycan ictimai-siyasi fikrinə, ədəbi-mədəni həyatına o qədər böyük istedadlar bəxş edib ki, bu gün onların haqqında, sadəcə, siyasət, elm, mədəniyyət və ədəbiyyat adamları kimi söhbət açmaq olmur. Bu da var ki, 1920-ci ildə Şura hökuməti qurulduqdan, Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra Azərbaycanı mənəvi terror dalğası bürüdü. Şərqdə ilk demokratik respublika quran Azərbaycan ziyalılarının vətəndə qalanları repressiyalara uğradılaraq Sibirə, Qazaxıstana sürgün edildilər. Vətəndən qırağa çıxan, əslində isə əcəldən macal tapan vətənpərvərlərimiz sonadək mühacirət həyatı yaşadılar. M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, C.Hacıbəyli, M.Məmmədzadə, Almas İldırım kimi istiqlal fədailəri, müqtədir qələm sahibləri siyasi fəaliyyətlərinin mühacirət üzünü yaşayaraq, milli mənlik və kimlik uğrunda mücadilələrini Türkiyədə, Avropanın müxtəlif ölkələrində davam etdirdilər. Tarixin bu acı səhnəsindən dərs alan, mühitin, zamanın millətinə yasaq buyurduğu haqlar uğrunda mübarizəyə qalxan Aida xanım İmanquliyeva SSRİ məkanında basqılara məruz qalan türklərin - Türküstanda Çolpanın rəhbərlik etdiyi “Cığatay gürüngü” ədəbi birliyinin üzvlərinin, Bakıda Seyid Hüseynin qurucusu olduğu “Yaşıl qələmlər” birliyinin repressiya qurbanı olmuş yazarların haqq səsinə nəfəs verdi.

Şərqdən Qərbə, Latın Amerikasına mühacirət edən ədiblərin yaradıcılığını tədqiq etməklə, onların əsərlərində qoyulan ideyaları müdafiə etməklə Hüseyn Cavid, Cübran Xəlil Cübran kimi ədiblərin əsərlərindəki müştərək ideyaların eyni ağrıdan boy aldığını, vahid amala xidmət etdiyini elmi əsaslarla sübut etməklə mənəvi dəyərlərimizə sahib çıxmış oldu. Şübhəsiz ki, bunun başlıca səbəbi Aida xanımın mənsub olduğu xalqın, millətin söykəndiyi dəyərlər, yaşadığı gerçəklər idi. Bu, adi gerçəklər deyildi: “Harada ki, sülh var, xeyir var, məhəbbət var, orada Allahın özü var”, – deyib Allahsız və mədəniyyətsizcəsinə məscidləri klublara, anbarlara çevirən, “allahsızlar partiyası” yaradıb ciblərə “allahsız knişkası” qoyan quruluşa etiraz idi. Ziyalının, müəllimin, böyük mənada isə Vətəndaş, Alimin etirazı idi.

Çünki o, dünyaya göz açanda Azərbaycanda repressiya, mənəvi terror hələ bitməmişdi. Gecələr gələn qara maşınların ziyalıları gedərgəlməzə apardığı ağır günlər davam edirdi. Əgər II Dünya müharibəsi başlanmasaydı, sovetlər bu müharibəyə sürüklənməsəydi, çox qapılar çırpılacaq, çox evlərin çırağı qaralacaqdı. 1941–45-ci illər müharibəsi də minlərlə sovet adamının ömrünə son qoyub, şikəstə, əlilə çevirdiyi dövrdən Aida xanımında uşaqlığına da pay düşmüşdü. Onun ərəb-məhcər ədəbiyyatına könül verməsinin başlıca səbəbi Azərbaycan mühacirlərinin Vətən, torpaq sevgisini, yurd nisgilini anlamaq və anlatmaq duyğusu idi.

Tədqiq etdiyi ədiblərin yaradıcılıqları ilə bağlı elmi fikirlər irəli sürüb, monoqrafiyalar yazmaqla bərabər, “Dünyanın dərki, əslində, qəlbin dərinliklərindəki gizli qatların oyanışı sayəsində mümkün olur”, – deyən Aida xanımın şərqşünas alim kimi ən böyük uğuru onda idi ki, o, dövrün ictimai-siyasi xəritəsini çəkir, ədəbi-bədii, fəlsəfi mühitlərin mənzərəsini yaradırdı. Bu gün demokratik dəyərlərin inkişaf etdiyi, açıq sözün söyləndiyi bir zamanda bu fikirləri söyləmək çox asan görünə bilər. İnformasiya texnologiyalarının olmadığı, sərhədlərin qapalı qaldığı, ideya döyüşlərinin, soyuq müharibənin tüğyan etdiyi 60-cı illərdə bu fikirləri söyləmək o qədər də asan deyildi. Özü də nəzərə alaq ki, bu fikirlərin sahibi Şərqin bir çox yörələrində müsəlman qadını hələ də dünyanı qara çadranın altından seyr etdiyi vaxtlarda cavan bir alim xanım idi. Aida İmanquliyeva Şərqin, türk dünyasının o qadınlarından idi ki, xatun ucalığından, ana siqlətindən, alim dəyanətindən müsəlman dünyasına boylanır, onun inkişafını, cəhalətdən və səfalətdən qurtuluşunu ideya və məfkurə birliyində görürdü.

Amerikaya, Fransa, Türkiyə və Avropanın başqa diyarlarına mühacirət etsələr də, ruhlarını Vətənə əmanət edən ərəb yazarları Vətən sevgisinə, azadlıq eşqinə söykənib yaşadıqları kimi, Aida xanım da qələminə söykənib qoca Şərqə 60-cı illərdən şərqilər söyləyir: “Qələmlər Birliyi” ilə Avropaya, Latın Amerikasına müsəlman mədəniyyəti və dəyəri gətirən ərəb fədailərinin haqq səsinə dönən Mixail Nüaymə irsinin carçısına çevrilərək söyləyir: “Mixail Nüaymə yeni həyat quruculuğu prosesinə böyük enerji, heyrətamiz fədakarlıqla qoşulan, bu hərəkatda tarixi keçmişinin özünəməxsusluğunu və zənginliyini unutmayan ərəb ziyalılarının ən qabaqcıl, həssas və istedadlı oğulları sırasında olmuşdur”.

“Mixail Nüaymə və “Qələmlər Birliyi” monoqrafiyasından sonra Aida xanımın ikinci ən böyük əsəri 1975-ci ildə işıq üzü görmüş “Cübran Xəlil Cübran” monoqrafiyasıdır. Uzaq Amerikada – Nyu-Yorkda ərəb ziyalılarını birləşdirən ideya və məfkurə birliyindən söhbət açan ünlü müəllif Cübran Xəlil Cübranın da yaradıcısı, qurucusu olduğu cəmiyyətin əhəmiyyətindən danışarkən qeyd edir: “Bu cəmiyyətin yaranması yeni ərəb mədəniyyətinin inkişafında görkəmli rol oynayan təzə və böyük ədəbi məktəbin meydana gəlməsi demək idi”.

Aida xanım Şərqin bu istedadlı qələm və fırça sahibinin haqqa xidmətdə bulunduğunu söyləyir. O, Cübran Xəlilin bu sahədəki xidmətləri barədə yazır: “Cübran Xəlil Cübran hansı məsələdən danışırsa danışsın, o, həmişə mütəfəkkir, böyük sənətkar, söz ustası və öz xalqını, bütün bəşəriyyəti hədsiz dərəcədə sevən bir insan olaraq qalır”. Aida xanım bütün ömrünü “Müasir ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyası ilə yeni bir dünya – müasir ərəb ədəbiyyatı ilə bağlı sanballı mənbə yaratmış oldu. 1992-ci ildə işıq üzü görən kitab bu böyük alimin elmi ictimayyətə təqdim etdiyi son, möhtəşəm əsər idi.

Şərqşünas alim kimi arxada qoyduğu 30 ilə abidə ucaldan Aida xanım ərəb ədəbiyyatı korifeylərinin fikirlərini, düşüncələrini tədqiqata cəlb edə-edə özü də ucalırdı. Akademik üslubdan çox bədii, publisistik ruha köklənən Aida xanım bu əsəri ilə özünün təkcə alim, şərqşünas obrazını deyil, şair, yazıçı, mütərcimliyini də təqdim etdi. Onun bu qüdrəti ərəb məhcər ədəbiyyatının müxtəlif sahələrinə həsr olunmuş məqalələrində, özünün təşkil etdiyi konfrans və simpoziumlarda təsdiqlənirdi. Şərqşünas alimlər Ziya Bünyadov, Vasim Məmmədəliyev, İosif Braginski, İrina Bılik, Anna Dolinina, Aleksandr Kudelin, Valeriya Kripçenko, Malik Qarayev, İ.Filiştinski, O.Frolova dəfələrlə onun hökmlərinə şərik çıxırdılar.

Bir vaxtlar təhsil aldığı Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəb filologiyasından mühazirələr oxuyan Aida xanım pedaqoq alim kimi Azərbaycan, ərəb, rus və Avropa ədəbiyyatlarının müqayisəsini verir, biri digərindən qidalanaraq formalaşan bu ədəbiyyatların bəşəriyyətə bəxş etdiyi dəyərlərdən soraqçı olur, müasir ərəb ədiblərinin əsərlərinin tərcüməsini ədəbi-mədəni əlaqələrimizin inkişafında körpü hesab edirdi. Aida xanım ömrünün 30 ilini təmənnasız sərf etdiyi, məhəbbətlə bağışladığı şərqşünaslıq elmində öz möhürünü vurdu. Adını Azərbaycanın və dünyanın tanınmış şərqşünaslarının, ərəbşünas alimlərin cərgəsinə yazdı.

Tanrının ona bəxş etdiyi istedadın, zahiri və batini kamilliyin, gözəlliyin işığını elmimizin üstünə salan Aida xanım əhatəli yaradıcılığı ilə “Ərəb filologiyası məsələləri”, “Yaxın və Orta Şərq”, “Sovet şərqşünaslığının problemləri və perspektivləri”, “Şərqin problemləri: tarix və müasirlik”, “Romantizmin problemləri və Şərq” adlı əsərləri, məqalələri ilə Şərqin təkcə ədəbi-fəlsəfi baxışlarına deyil, ictimai-siyasi quruluşuna, yaşam tərzinə də aydınlıq gətirdi.

Sent Bövün bioqrafik, İppolit Tenin mədəni, Vilhelm Dilteyin mənəvi tarixi, Yunqun analitik psixoloji, Bartın strukturalizm metodlarından, Şərqin böyük filosofu, düşüncə sahibləri olan Nizami Gəncəvinin İnsan sevgisindən, Məhəmməd Füzulinin İlahi eşqindən, İmadəddin Nəsiminin “Haqq mənəm, Haqq məndədir” ucalığından, rus klassiklərinin, Mirzə Fətəli Axundzadənin maarifçilik ideyalarından, Cəlil Məmmədquluzadənin realizmindən, Məhəmməd Hadinin romantizmindən keçərək özünün bütöv Dünya Modelini yaradan professor Aida İmanquliyeva ictimai, fəlsəfi sistemlərin mövcud olduğu elm, mədəniyyət, mənəviyyat və düşüncə səmasında Ağlının, Məntiqinin ulduzu ilə parladı.

Onun cismani yoxluğunu 1992-ci ilin payızından, sentyabrın 19-dan hesablayırlar. Əslində o, hər yazısından sonra bir dəfə mələklər kimi köç edir, sonradan yazı masasına qayıdıb bir başqa nəğmə oxuyur, dastan bağlayırdı. Yarım əsrdən azca çox, qısa, lakin mənalı ömür yolu ilə örnəyə çevrilən, əcəl şərbətini Şərqin qüdrətli sənət-söz adamları, fikir və düşüncə sahibləri kimi eşq badəsindən içərək ölümsüzlüyə qovuşan, “Məhəbbət və gözəllik, ağıl və kamal elə mənəvi işıqdır ki, qəlbi nurlandırır”, deyən elmi əsərləri, daxili və zahiri gözəlliyi, ömrünün yarısından şoxunu həsr etdiyi əsərləri ilə dəyərlər əyarına çevrilən Aida xanım Şərqlə Qərbin ortaq dəyərlərinin aynası olan əsərlərində yaşayır. Onun ünvanına tam uyğun gələn bir fikir də var. Qərbli filosof Emerson deyir: “Dahilərin bioqrafiyası qısa olur, çünki onların bütün həyatı yaradıcılığındadır”...

“İnsanın etdiyi xeyirxahlıq zahiri mərasimlərə riayət etməkdən yüksəkdə durur və buna görə onu mükafatlandıran Allah üçün daha əziz, daha istəniləndir” kəlamı ilə yerin və göyün mükafatına, Tanrının lütfünə layiq görülən Aida İmanquliyeva indi həm də övladlarının – bütün həyatını milli-mənəvi dəyərlərin qorunmasına, bəşəri idealların təntənəsinə həsr edən, batini kamilliyinə, şərqli məlahətinə, qərbli cizgiləri əlavə etməklə Qərbə şərqli badəsindən şərbət, Şərqə qərbli təfəkküründən nemət paylayan, dünyanın nicatını xeyirxahlıqda, mərhəmət və məhəbbətdə görən, Avropa və Asiyada xoşməramlı səfir kimi sonsuz hörmət və ehtirama layiq görülən Azərbaycan Mədəniyyəti Fondunun, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, Azərbaycan – İngiltərə Dostluq Cəmiyyətinin sədri, elmin nizamişünaslıq və qafqazşünaslıq istiqamətlərini yenidən müəyyənləşdirən, silahları kitabların əvəz etməsi üçün ümumbəşəri dəyərlər sistemini zənginləşdirən, ÜNS Yaradıcılıq Səhnəsinin qurucusu, akademik Nərgiz xanım Paşayevanın həyata keçirdikləri genişmiqyaslı layihələrdə, sevimli nəvələri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın, “Bakı” Media Mərkəzinin qurucusu Arzu xanım Əliyevanın Vətən sevgisində, YARAT Müasir İncəsənət Məkanının rəhbəri Aida xanım Mahmudovanın, “Nargis” jurnalı ilə incəsənəti dəbə gətirən Ülviyyə xanım Mahmudovanın yazılarında, sənət əsərlərində, bir də yetirmələrinin, tələbə və aspirantlarının duyğularında yaşayır.

Şərəf CƏLİLLİ,
yazıçı-publisist, fəlsəfə doktoru





Sosial həyat