2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
• Oktyabrın 9-da günün ikinci yarısından oktyabrın 10-u səhər saatlarınadək bütün cəbhə boyu hərbi əməliyyatlar müxtəlif intensivliklə davam edib, düşmənə atəş zərbələri endirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusunun hücum əməliyyatı nəticəsində bu müddətdə düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 “Zastava” zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.
• Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibədə Azərbaycanın bu müharibədə əsas məqsədi ölkəmizin bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi, azərbaycanlıların əvvəlki, ənənəvi yaşadıqları yerlərə, o cümlədən Şuşaya, Dağlıq Qarabağdakı digər yaşayış məntəqələrinə və əlbəttə, keçmiş DQMV-nin inzibati hüdudlarından kənardakı bütün başqa ərazilərə qaytarılmasıdır. Buna görə bizim məqsədimiz dəyişməz qalır. Sadəcə, bu məqsədə doğru necə getməliyik? Biz həmişə siyasi yolla getməyə çalışmışıq, həmişə də eşitmişik ki, hərbi həll yoxdur. Biz sübut etdik ki, bu, belə deyil.
Ali Baş Komandan daha sonra qeyd edib ki, Azərbaycan döyüş meydanında göstərdi ki, hərbi yol, yəni indiki müharibə olmasa idi, Azərbaycan–Ermənistan danışıqları daha 30 il də davam edərdi. O vaxta qədər nələr baş verərdi? Qanunsuz məskunlaşdırma həyata keçirilərdi. Bu, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarının pozulmasıdır. Təəssüf ki, buna heç kəs – nə Minsk qrupu, nə Avropa İttifaqı, nə də BMT reaksiya vermədi. Azərbaycanın tarixi irsinin dağıdılması, mədəni, tarixi, dini abidələrin məhv edilməsi, toponimlərin, rayonların inzibati sərhədlərinin dəyişdirilməsi, bir sözlə, bizim dağların, çayların və şəhərlərin adlarının dəyişdirilməsinə laqeydlik göstərildi.
Prezident İlham Əliyev sözlərinə əlavə edərək deyib: “Yəni, biz daha 30 il gözləməli olardıq, sonra da bizə deyərdilər ki, bilirsiniz, iş belə gətirib, bununla barışın. Bizə belə də deyirdilər. Buna görə düşünürəm ki, hərbi yol və ya onun birinci mərhələsi sona çatıb, indi biz siyasi nizamlama mərhələsinə çatmışıq. Məhz bu mərhələ bizim axıra qədər getməyimizi və hüquqa görə bizə məxsus olanı almağımızı təmin edəcək. Ona görə düşünürəm ki, Azərbaycan cəmiyyəti dünən və bu gecə baş verənləri çox düzgün qəbul edəcək və bizim siyasətimizi bundan sonra da dəstəkləyəcək. Çünki biz həmişə xalqa həqiqəti demişik. Həmişə xalqın mənafelərini müdafiə etmişik. Döyüş meydanında baş verənlər bunu bir daha hamıya sübut etdi”.
Ali Baş Komandan müsahibədə diqqətçəkən bir məqama da toxunub. Jurnalistin “Siz bütün bu hadisələrə qədər Ermənistanın baş naziri Nikol Paşinyan ilə bir neçə dəfə görüşmüsünüz. Bu hadisələrdən sonra Siz onunla bir masa arxasına əyləşməyə və ya danışmağa hazırsınızmı?” sualına cavabında bildirib ki, etimad bəsləmədiyin adamla danışmaq çətindir. Mən onun sələfləri, müharibə cinayətkarları hesab etdiyim adamlarla danışıqlar aparmağa məcbur idim. Çünki onlar Xocalıda qanlı soyqırımı törədiblər, onlar Azərbaycanın dinc əhalisini məhv etməkdə, bizim tarixi və mədəni irsimizin dağılmasında təqsirkardırlar. Lakin mən məcbur idim: “Ona görə ki, biz bu münaqişənin nizamlanması yolunu tapmalı idik. Ermənistanda yeni iqtidar, yeni rəhbərlik hakimiyyətə gələndə əvvəlcə onlarla əlaqələrimiz çox ümidverici idi. Mən bir dəfə bu barədə danışmışam, təkrarlamaq istəmirəm. Lakin sonra tamam əks hadisələr baş verdi, yəni, biz özümüzü aldadılmış hiss etdik”.
Dövlətimizin başçısı həmin müsahibədə, Ermənistanla danışıqların nəticəsi barədə isə qeyd edib ki, opponentin hər kəlməsi yalandırsa, onun yalanları dünya KİV-lərində yayılırsa, bütün dünyaya translyasiya edilirsə, onunla nə barədə danışmaq olar? Yəqin onlar öz ölkələrində yalan danışmağa adət ediblər. Lakin internet dövründə tarix barədə, münaqişənin mahiyyəti barədə yalan danışanda bu yalan çox tezliklə ifşa olunur: “İndiki mərhələdə mən danışıqları səmərəli hesab etmirəm. Əksinə, Ermənistan rəhbərliyində, nəhayət, başa düşməlidirlər ki, Azərbaycanla ultimatumlar, təhqirlər və şantaj dilində danışmaq olmaz. Mən istər ölkə daxilində, istərsə də xüsusən xaricdə heç kəslə bu tonda ünsiyyəti özümə heç vaxt rəva görməmişəm. Lakin Paşinyan bizə 7 ultimatum təqdim edəndə, o, azərbaycanlıların hisslərini təhqir edəndə buna görə cəzalandırılmalı idi və biz bunu etdik”.
• Müdafiə Nazirliyi: Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut qəsəbəsi, Aragül və Banazur istiqamətlərindən Cəbrayıl istiqamətində hücuma cəhd göstərib. Bölmələrimizin qabaqlayıcı tədbirləri nəticəsində xeyli sayda canlı qüvvə və döyüş texnikası itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını sıradan çıxarılıb.
• Azərbaycan Ordusu Qubadlıda düşmənin “S-300” idarəetmə sistemini məhv edib.
• Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda, bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Azərbaycan Ordusunun bölmələri düşmənin bütün hücum cəhdlərinin qarşısını qətiyyətlə alıb.
• Atəşkəs rejimini pozan düşmənin zirehli və digər hərbi texnikası, tank və artilleriya bölmələri, atəş nöqtələrinə çıxardığı ağır artilleriyası, döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri Azərbaycan Ordusu bölmələrinin dəqiq atəşi ilə məhv edilib.
• Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfi Azərbaycan Hava Hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
• Düşmənin havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası (RLS) məhv edilib.
• Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 10-da saat 12:00-dək mülki əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 31 nəfər həlak olub, 171 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1137 ev, 45 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb.
Rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.
XQ