Orta Dəhlizin “yaşıllaşdırılması” təşəbbüsü

post-img

Paytaxtımızda “Qara dəniz və Xəzər dənizlərində beynəlxalq nəqliyyat dəhlizləri” mövzusunda keçirilən “Qara dəniz–Xəzər Logistika Forumu 2024” konfransında Türkiyənin “Albayrak” şirkətlər qrupunun biznesin inkişafı üzrə direktoru Cumhur Güzəlçiftçi Bakı və Trabzon dəniz liman­larının Orta Dəhlizin buraxılış gücünü artırmaq niyyətində olduqlarını bildirib. 

Türk şirkətinin təmsilçisinin sözlərinə görə, bu ilin yanvar–avqust aylarında iki liman arasında 180 min ton yük daşınıb. Gələcəkdə bu göstəricinin daha da yük­sələcəyi proqnozlaşdırılıb. Ona görə də Trabzon limanının daha da artan yük axını­nı qarşılamaq üçün infrastrukturun geniş­ləndirilməsi planlaşdırılıb. Bu istiqamətdə davamlı investisiya qoyuluşu nəzərdə tutu­lub. 

Qazaxıstanın “NurZholCompany” şirkətinin Müşahidə Şurasının həmsədri və Milli İxracatçılar Assosiasiyasının rəh­bəri Kanat Kobessov forumda mövcud iqtisadi çətinliklərə baxmayaraq, qlobal ticarətin qarşıdakı illərdə hər il artacağının proqnozlaşdırıldığını qeyd edib. O, belə bir vəziyyəti Avrasiya regionunun dünya nəq­liyyat sisteminin getdikcə daha əhəmiy­yətli hissəsinə çevrilməsi ilə əlaqələndirib. “Şərqi Rusiyadan keçən Şimal dəhlizi ge­osiyasi və iqtisadi dəyişikliklər səbəbindən mövqeyini itirir. 

Qazaxıstan ərazisindən keçən Orta dəhlizin isə fəaliyyətində ciddi canlanma nəzərə çarpır. Həmçinin Qafqazı Mərkəzi Asiya ilə Qazaxıstan ərazisindən birləş­dirən və yeni formalaşan Cənub dəhlizi də mühüm rol oynayır. Bu infrastrukturun in­kişafında dəmir yolu əlaqəsi böyük önəm daşıdığından sözügedən istiqamət dinamik inkişaf gedir və dəmir yolunun yeni mar­şrutlarla genişləndiriləcəyi proqnozlaşdı­rılır”. 

Rumıniyanın dövlətə məxsus dəmir yolu yükdaşıma şirkəti “CFR Marfă”nın kommersiya direktoru Renata Godja isə Orta Dəhlizin bütün tərəflərə əlverişli im­kanlar yaratdığını bildirərək deyib: “Hər kəs Orta Dəhlizi təşviq etmək üçün əlin­dən gələni etməlidir. Hazırda dəhlizdə əsas çətinliklər prosesdur qaydaları ilə bağlıdır. Rumıniyanın Milli Nəqliyyat Operatoru bu sahəni inkişaf etdirmək, nəzərə çarpan çə­tinlikləri aradan qaldırmaq üçün ciddi səy göstərir. Bunun üçün Rumıniyada bütün lazımi resurslar – ixtisaslı kadrlar, lokomo­tivlər və s. var”. 

Almaniyanın “DB Cargo Eurasia” törəmə şirkətinin rəhbəri Yinqnan Yao isə təmsil etdiyi qurumun Asiya və Avropa arasında mühüm nəqliyyat marşrutu kimi Orta Dəhlizin inkişafını dəstəklədiyini bil­dirib. Asiya, Avropa və MDB ölkələri ara­sındakı marşrutlarda Orta Dəhlizin önəmli yer tutduğunu vurğulayan Y.Yao infrast­rukturun inkişafında əhəmiyyətli poten­sial müşahidə etdiyini və onun təşviqinə “Deutsche Bahn” konserninin fəal şəkildə kömək göstərməyə hazır olduğunu diqqətə çatdırıb. 

“DB Cargo Eurasia” şirkəti 2022-ci ilin iyun ayından Xəzər və Qara dəniz va­sitəsilə Çin və Avropa İttifaqını birləşdirən konteyner qatarlarını işə salıb. Qatarlar Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçərək həmin şirkətə ötürülür. Daha son­ra yük daşımaları Avropanın 18-dən çox ölkəsini əhatə edən “DB Cargo AG” şə­bəkəsi üzrə davam edəcək.

Nəqliyyat və logistika sahəsində fəa­liyyət göstərən Sinqapurun “Global DTC Pte Ltd” şirkətinin proqramların inkişafı şöbəsinin rəhbəri Janar Bağaşarova forum­dakı çıxışında COP29-da Orta Dəhlizin “yaşıllaşdırılması” təşəbbüsünün irəli sü­rüləcəyini qeyd edib. Bu təşəbbüsün Orta Dəhlizin dayanıqlılığının artırılmasına yönəldildiyini vurğulayan şöbə rəhbə­ri burada əsas məqsədin karbon izinin və karbon emissiyalarının azaldılması, başqa sözlə, Orta Dəhlizin ekoloji cəhətdən tə­miz marşruta çevrilməsi olduğunu bildirib. 

Sinqapur şirkətinin nümayəndəsi daha sonra marşrut boyunca yerləşən ölkələ­rin, xüsusilə, Qazaxıstan, Azərbaycan və Gürcüstanın inteqrasiyasının vacibliyini vurğulayaraq son vaxtlar bu sahədə əldə edilən əhəmiyyətli uğurları diqqətə çat­dırıb və rəqəmsal platformanın tətbiqi ilə Qazaxıstanın “boz zonadan” çıxarmasına və Çin sərhədində proseslərin şəffaflığının artırılmasına imkan yarandığını xatırladıb. 

Qeyd edək ki, 2024-cü ilin may ayın­da Sinqapurun “Global DTC Pte Ltd” və Qazaxıstanın “KTZ Express” şirkətləri arasında imzalanan saziş Orta Dəhliz mar­şrutu vasitəsilə Çindən Avropa İttifaqına yüklərin tranzitini sadələşdirmək üçün rəqəmsal dəhlizin yaradılmasına yönəlib. Artıq “Global DTC” rəqəmsal platforması ilə yüklərin Mərkəzi Asiya ölkələrinə çat­dırılmasında elektron gömrük rəsmiləşdi­rilməsinin istifadəsinə başlanılıb.

Bu platforma Orta Dəhliz boyunca ti­carət axınını artırmağa kömək edən qlobal neytral multimodal xarekteri daşıyır. O, bir çox ölkədə logistika proseslərinin işti­rakçıları arasında vəsaitlərə qənaət etmək və səmərəliliyi artırmaq üçün rəqəmsal texnologiyalardan istifadə edərək sənəd­ləşdirmə prosesini optimallaşdırır.

Azərbaycan hazırda Orta Dəhlizin səmərəliliyi istiqamətində davamlı la­yihələr gerçəkləşdirir və bu zaman nəqliy­yat daşımalarının elektronlaşdırılmasına, məlumat mübadiləsinin çevikləşdirilmə­sinə üstünlük verir. Bu isə dəhlizin inkişafı istiqamətində atılan uğurlu bir addımdır. Çünki belə bir əməliyyat Orta Dəhliz bo­yunca ölkələrin yük keçidini asanlaşdırır, konteynerlərin sürətli daşınmasını reallaş­dırır. Dünyada ticarət həcminin dinamik artması, buna uyğun nəqliyyatın genişlən­dirilməsi şəraitində nəqliyyat daşımaları­nın elektronlaşdırılması zəruri bir proses­dir. 

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştira­kı ilə yaradılıb. Sonradan layihəyə Ukray­na, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən baş­layır və Qazaxıstan, Xəzər dənizi, Azər­baycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pən­cərə” prinsipi tətbiq olunur.

Orta Dəhlizlə bağlı bir məqamı da vur­ğulamaq istərdik. Belə ki, Çini Avropa İtti­faqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən bu dəhliz ölkəmizin iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. Bu layihə ilə əlaqə­dar fəaliyyətin gücləndirilməsi Qərblə Şərq arasında körpü rolunu oynayan Azər­baycan üçün mühüm önəm daşıyır.

İqtisadi baxımdan səmərəli, siyasi cəhətdən də xüsusi əhəmiyyətə malik Orta Dəhliz Avrasiya regionunda son illər ən çox müzakirə edilən məsələlərdən biridir. Çinin “Bir kəmər, bir yol” layihəsinin bir hissəsi olan bu dəhliz, həmçinin tarixi İpək yolunun ən mühüm komponentlərindən biri kimi dəyərləndirilir. Buna görə də Orta Dəhliz üzrə tranzit müddətinin 2024-cü il ərzində 18-23 gündən 14-18 günə, o cüm­lədən Qazaxıstan ərazisində 6 gündən 5 günə endirilməsi planlaşdırılır.

Onu da xatırladaq ki, 2023-cü ildə Orta Dəhliz çərçivəsində yükdaşımaların həc­mi, təqribən, 90 faiz artaraq 2 milyon tonu keçib. Yeri gəlmişkən, 2022-ci ildə marşrut üzrə yükdaşımaların həcmi 2,5 dəfə artaraq 1,5 milyon tona çatıb. Mövcud marşrutlara ciddi alternativ kimi dəyərləndirilən dəhli­zin ümumi ötürücülük qabiliyyəti isə il ər­zində 5,8 milyon ton yükə hesablanıb.

İqtisadiyyat