Alman deputatın yalanları bitib-tükənmir

post-img

Azərbaycana qarşı hər zaman qərəzli mövqeyi ilə seçilən Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin rəhbəri Mixael Rot yenidən çox sevdiyi Ermənistana səfər edib. Onun budəfəki səfəri Azərbaycan Ordusu­nun Qarabağ iqtisadi rayonunda keçirdiyi lokal xarakterli antiterror təd­birlərinin birinci ildönümü günlərinə təsadüf edir. Əlbəttə, səfər üçün bu tarixin seçilməsi qətiyyən təsadüfi sayıla bilməz. Ermənilərə canıyananlıq edən, onların əsassız iddialarına qahmar çıxan deputat haylar üçün hüznlü günlərdə onların yanında olmaq, necə deyərlər, dərdlərini bölüşmək yolunu tutub.

Təbii ki, alman parlamentarinin indiki səfəri də ölkəmizin əleyhinə açıqlamalarla “zəngin” oldu. O, İrəvanda jurnalistlərlə görüşündə özünə aid olmayan məsələlər barədə gen-bol danışıb. Deyib ki, onun üçün ağır olsa da, ermənilərin Qarabağa qayıtması üçün artıq heç bir imkan görmür. “Biz insanlara nəyinsə dəyişəcəyi ilə bağlı ümid verə bilmərik. Çünki buna zəmanət vermək olmur. Zəmanət verə bilmədiyimiz şeyi insanlara vəd edə bilmərik” – deyən parlamentari Qarabağdan hayların bir il öncə separatçı “qlavar”ların və xarici havadarların fitnələrinə uyaraq, könüllü köç etməsini “etnik təmizləmə və erməni xalqının tarixində faciəli səhifələrdən biri” adlandırıb. Onun sözlərinə görə, bu, həm Ermənistan, həm də Qarabağ ermənilərinə əzab-əziyyət verib: “Azərbaycan bunu inkar edir, lakin biz o dəhşətli hadisələri unutmamışıq və biz Almaniyada Ermə­nistanın dostları kimi regionda davamlı sülhün əldə olunmasına töhfə verməyə ça­lışacağıq. Keçən il olduğu kimi, mən Qara­bağdan olan qaçqınlara (?) baş çəkdim. Biz onlara dəstək göstəririk”.

M.Rot Ermənistanın çətin qonşularla (?) əhatə olunduğunu deyib. Əlavə edib ki, bu, onun üçün böyük sınaqdır. Daha sonra alman deputat həyasızlıq edərək “Ermənis­tanın ən çətin və təcavüzkar qonşusu”nun Azərbaycan olduğunu bildirib: “Biz başa düşürük ki, ölkəyə qarşı təhqirlərdən sonra Azərbaycanla danışıqlar masasına oturmaq çətindir. Lakin Almaniya regionda sülhün vacibliyini vurğulayaraq, Ermənistanı dəstəkləməyə çalışacaq. Regionda sabit­lik Ermənistanın ərazi bütövlüyünü təmin edən məcburi qüvvəyə malik sülh müqa­viləsinə əsaslanmalıdır”.

Almaniyalı deputat ümid etdiyini bil­dirib ki, Azərbaycan regionda sülh və sabitlik üçün müqavilə bazası yaratmaq üçün çeviklik nümayiş etdirəcək. Onun toxunduğu növbəti məsələ Bakıda saxla­nılan separatçı rejimin keçmiş başçıları ilə bağlı olub. Bütün ermənipərəstlər kimi o da xunta rejiminin cinayətkar rəhbərlərini “ermənilərin Azərbaycan tərəfindən girov götürülməsi” adlandırıb: “Mən dəfələrlə erməni girovların azad edilməsi ilə bağlı çıxış etmişəm və bildirmişəm ki, bu, müm­kün qədər tez baş verməlidir”.

M.Rot regionda nəqliyyat kommuni­kasiyalarının açılmasına qarşı da çıxıb və bunu “qondarma dəhliz” adlandırıb. Deyib ki, dəhlizin keçəcəyi yer Ermənistan ərazi­si olub və belədir. Bu məsələyə son qoyula bilər. O, bunu sülh prosesinin çox mühüm, həssas və hiss olunan bəndi adlandırıb: “Bizim üçün Ermənistanın mövqeyi göz önündədir. Bu da ondan ibarətdir ki, İrəvan özü bu yolda (Zəngəzur dəhlizi nəzərdə tu­tulur–S.H.) təhlükəsiz və sərbəst hərəkəti təmin etməyə hazırdır, lakin bu ərazinin Ermənistanın suveren ərazisi olaraq qal­ması vacibdir. Bu, hər şeyi deyir”.

Bundestaqın komitə sədri dünən Ermə­nistan baş naziri Nikol Paşinyanla da gö­rüşüb. “Armenpress”in məlumatına görə, görüşdən sonra “X” platformasındakı hesabında paylaşım edən M.Rot Azərbay­canla sülh müqaviləsi üzərində işləməkdə göstərdiyi “cəsarət və qətiyyətə” görə Pa­şinyana təşəkkür edib. Deputat Rusiya­nın da, necə deyərlər, bostanına daş atıb. Bununla da Cənubi Qafqazda sülh və sa­bitliyə imkan verməkdə maraqlı olmadıq­larını ortaya qoyub: “Baş nazir Paşinyan Rusiya imperializminə qarşıdır və Azər­baycanla hər iki ölkənin ərazi bütövlüyünü təmin edəcək sülh müqaviləsi üzərində çox çalışır. Demokratiya və azadlığın təhlükə­sizliyə ehtiyacı var və Avropa İttifaqı, nə­hayət, Ermənistan və Cənubi Qafqaz üçün daha çox işlər görməlidir”.

Qeyd edək ki, M.Rot ötən ilin oktyab­rında da İrəvana səfər etmişdi. O, həmin günlərdə sosial şəbəkədə çoxmənalı payla­şım etmişdi. “Erməni sevgisinin dozasını” bir qədər də artıran Rot hayları ölkələri uğrunda bayraq qaldırmağa çağırmışdı: “Gənc demokratiya (Paşinyanın rəhbər­liyi dövründəki Ermənistanı nəzərdə tu­tur–S.H.), sülh və ərazi bütövlüyü uğrunda bayraq qaldırın!” Alman deputat İrəvanda N.Paşinyan, parlamentin sədri Alen Si­monyan və erməni həmkarı Sarkis Xan­danyanla görüşmüşdü.

Onun ermənilərin Qarabağa qayıdışı barədə fikirlərinə dair qeyd etmək lazımdır ki, rəsmi Bakı bununla bağlı mövqeyini ilk gündən bəyan edib və bu mövqedə hansısa dəyişiklik yoxdur. Ölkəmizin mövqeninin nədən ibarət olduğunu təkrar yazmaq niy­yətində deyilik. Çünki dəfələrlə diqqətə çatdırılmış mövqe yəqin ki, cənab Rota da məlumdur. Ən azı onun Bundestaqın Xa­rici əlaqələr komitəsinin rəhbəri vəzifəsi­ni daşıması bu barədə məlumatlı olmasını şərtləndirir. Əminik ki, hayların qayıdışı ilə bağlı Bakının mövqeyi ilə alman depu­tat ilk gündən tanışdır. Amma indi özünü elə aparır ki, sanki hər şeydən xəbərsizdir. Əgər ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəklərsə, qanunlarımıza hörmətlə yanaşacaqlarsa, bir sözlə ölkəmizin nor­mal, loyal vətəndaşları olacaqlarsa, onların geri qayıtması da mümkün ola bilər. Bu şərtlər daxilində vətəndaşlığı qəbul edən erməni əsilli şəxslərin təhlükəsizliyinə di­gər Azərbaycan vətəndaşları kimi zəmanət veriləcəyi də əzəl gündən bəyan edilib.

Əlbəttə, qayıdıb-qayıtmamaq onların öz işidir. Biz heç kəsə minnətçi düşəsi de­yilik. Sadəcə, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Əslində, ermənilərin Qarabağa qayıdışına imkan verməyən elə yazımızın girişində qeyd etdiyimiz kimi, Qərbdəki müəyyən hay havadarları oldu. Onların Paşinyan hökumətinə və Qarabağdakı se­paratçılara bölgədən əhalinin çıxarılması ilə bağlı verdikləri göstəriş nəticəsində re­gion tez bir zamanda boşaldıldı. Səbəb də sonradan Azərbaycana təzyiq göstərmək, ölkəmizə qarşı sanksiyalar qəbul etmək idi. Məhz onların əhali arasında yaratdıqları təşviş, benzin almaq üçün yaranan basabas Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayışa, sonra isə yanğına səbəb oldu. Nəticədə xeyli erməni həyatı­nı itirdi. Bütün bunlar M.Rot sayaq özünü ermənilərin təəssübkeşi kimi göstərənlərin, necə deyərlər, özfəaliyyətinin nəticəsi idi. İndi isə onlar öz suçlarını etiraf etmək əvə­zinə, bizi ittiham etmək yolunu tutublar.

Deputatın Ermənistanın çətin qonşu­larla əhatə olunmasına dair fikirlərinə gəl­dikdə isə qeyd etmək lazımdır ki, əslində, ən çətin qonşu elə Hayastanın özüdür. Er­mənistanın təkcə Azərbaycan və Türkiyəyə qarşı deyil, Gürcüstan və İrana qarşı da əra­zi iddiaları var. İrəvan ötən əsrin 80-ci illə­rinin sonlarından Azərbaycana qarşı ərazi iddialarını işğalçı müharibəyə çevirdi. On­ların “növbəti ünvanı” Türkiyə olmalı idi. Heç də təsadüfi deyil ki, ölkənin üçüncü prezidenti – Xocalı soyqırımının birbaşa iştirakçısı Serj Sarkisyan hələ 2010-cu ildə Ermənistandakı bayram tədbirlərinin birin­də erməni gənclərə müraciətində demişdi: “Bizim nəsil Qarabağı azad etdi, sizin də borcunuzdur ki, Araratı (Türkiyə ərazi­sindəki Ağrı dağı) bütünlüklə ərazimizə daxil edəsiniz”. Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin də orada separatçılıqla məşğul olduqları danılmaz faktdır. Bu baxımdan alman deputatın yad­daşını təzələməsinə, sözlərinə diqqət etmə­sinə ehtiyac var.

M.Rotun Azərbaycanın regionda sülh və sabitlik üçün müqavilə bazası yaratmaq üçün çeviklik göstərəcəyinə ümid etməsinə dair fikirləri də bizə yox, Ermənistana ün­vanlanmalıdır. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Ermənistana sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsini təqdim edib. İrəvan ötən 3 il ərzində müxtəlif bəhanələrlə pro­sesi uzadır. İndi isə sülhə əngəl olan əsas məsələni – konstitusiya dəyişikliyini həll etmək istəmir. Yaxşı olar ki, M.Rot bu kimi məsələhətləri rəsmi İrəvana versin.

Xunta rejiminin sabiq rəhbərlərinin cinayət məsuliyyətinə cəlb edilməsini Almaniya vətəndaşı olan Mixail Rot tam təbii qarşılamalıdır. Qarabağdakı separat­çı “qlavarlar”ın məğlub olduqdan sonra mühakimə edilmələri nasist Almaniyasının İkinci dünya müharibəsindəki məğlubiy­yətindən sonra onun müharibə cinayətləri törətmiş rəhbərlərinin mühakimə olunma­larına çox bənzəyir. Bu mənada bu gün baş verənlər cənab Rot üçün, əslində, yad mən­zərə olmamalıdır.

Onun ölkəmizi təcavüzkarlıqda ittiham etməsi isə həyasızlığın son həddidir. Azər­baycan torpaqlarının 20 faizinin Ermənis­tan ordusu tərəfindən işğal olunduğunu və bu işğalın 30 ilə yaxın davam etdiyini dünyada az qala hamı bilir. Bununla bağ­lı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi var. Bunu bilərək belə fikirlər səsləndirmək özünü gülünc vəziyyətə qoy­mağa, olan-qalan hörməti də itirməyə və qeyri-ciddi siyasətçi imici qazanmağa xid­mət edir. Əgər Mixail Rotun bütün fəaliy­yəti buna hesablanıbsa, onu təbrik etmək olar. Artıq istədiyi nəticəni əldə edib.

Səxavət HƏMİD
XQ

Siyasət