Özəl bölməyə 8 ayda 138 milyon manatdan çox güzəştli kredit ayrılıb
Bu ilin yanvar–avqust ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 3507 layihənin maliyyələşdirilməsinə 138,3 milyon manat güzəştli kredit verilib. Fondun məlumatına görə, verilən kreditlər hesabına 2808 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsündə mikro sahibkarların payı 97,1 faizə yüksəlib.
Qeyd edək ki, fondun sahibkarlıq subyektlərinə yönəltdiyi kreditlərlə qeyri-neft sənayesinin inkişafının gerçəkləşdirilməsi qarşıya önəmli vəzifə kimi qoyulub. Başqa sözlə, sahibkarlara maliyyə vəsaitləri ayrılan zaman onların idxaldan asılılığın azaldılması üçün adıçəkilən sektorda sənaye müəssisələrinin yaradılmasına üstünlük verilib.
Elə buna görədir ki, son illər aparılan islahatların nəticəsində güzəştli maliyyələşmə, kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmlərinə çıxış imkanları genişləndirilib, investisiya təşviqi mexanizmi əhəmiyyətli dərəcədə təkmilləşdirilib, sənaye zonalarının inkişafı təşviq olunub, dövlətin yeni dəstək alətləri tətbiq edilib. Eyni zamanda, özəl bölmədə lisenziya tələb olunan fəaliyyət növlərinin sayı əhəmiyyətli dərəcədə azaldılıb, investisiya yatırımının stimullaşdırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsinə başlanılıb, satınalmalar sahəsində kotirovka sorğusu proseduru tamamilə elektronlaşdırılaraq, vahid internet portalı yaradılıb.
Bütün bunlarla yanaşı, sahibkarlığın inkişafını şərtləndirən vergi qanunvericiliyi müasirləşdirilib. Özəl sektorun fəaliyyətini daha da gücləndirilmək məqsədilə şəffaflıq və hesabatlılığın artırılması, rəqəmsallaşmanın geniş vüsət alması, rəqabət mühitinin inkişafının təmin olunması kimi məsələlər də hər zaman diqqətdə saxlanılıb.
Son illərdə regionlarda sahibkarlıq fəaliyyətinin güzəştli maliyyə mexanizmləri ilə təşviq edilməsi də diqqətdə saxlanılıb. Ümumiyyətlə, bu məsələ məşğulluğun təmin edilməsi və iqtisadi fəallığın dəstəklənməsi üçün önəmli xarakter daşıyıb. Cari ilin ötən ayları ərzində Azərbaycanda verilən güzəştli kreditlərin 70 faizdən çox hissəsinin regionların (Bakı, Sumqayıt və Abşeron istisna olmaqla) payına düşməsi də bunun bariz ifadəsidir.
Onu da deyək ki, sahibkarların qeyri-neft sənayesindəki inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə fikirlərinə həssaslıqla yanaşılıb. Eyni zamanda, iş adamları ilə xammalın keyfiyyəti, daxili bazarın qorunması, kommunal xidmətlərdə differensial tariflər, dövlət satınalmaları, kredit resurslarına çıxış, ixtisaslı kadr potensialı kimi məsələlər müzakirə olunaraq müəyyən layihələr reallaşdırılıb. Sahibkarların təklifləri əsasında dövlətin dəstək və təşviq alətləri daha da təkmilləşdirilərək sistemli şəkildə həyata keçirilib.
Xatırladaq ki, bir müddət bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlarla görüşündə qeyri-neft sənayesindəki inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə müzakirələr aparıb, onların suallarını cavablandırıb. İqtisadiyyat naziri, eyni zamanda son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə bütün sahələrin inkişaf etdiyini, o cümlədən özəl sektorun gücləndiyini, qeyri-neft sənayesi üzrə dövriyyənin, istehsal və ixrac həcminin, yeni iş yerləri və digər iqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.
Yeri gəlmişkən, sahibkarlar son illərdə əldə etdikləri uğurları qeyri-neft sektorunun rəqabətədavamlı inkişafı, yeni istehsal sahələrinin stimullaşdırılması və ixrac qabiliyyətinin yüksəldilməsi ilə əlaqələndiriblər. İş adamları, həmçinin əlverişli biznes mühitinin inkişafı və investisiya imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən vergi və gömrük islahatlarını, daxildə emala xüsusi gömrük prosedurunun, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi üzrə dövlət dəstəyi mexanizmlərini yüksək dəyərləndiriblər.
Beləliklə, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində ölkəmizdə özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, sahibkarlığın ÜDM-də payı 81 faizi, məşğulluqda payı isə 70 faizi keçib. Özəl bölməyə dövlət dəstəyinin daim diqqətdə saxlanılması qeyri-neft sektorunda müasir texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrin yaradılmasına, real sektora investisiya qoyuluşlarının sürətlənməsinə əlverişli şərait yaradıb.
Ölkədə sahibkarlığa dövlət maliyyə yardımı mexanizminin formalaşdırılması kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsini gerçəkləşdirib. Bu, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli maliyyələşmə mexanizmlərinin tətbiqi ilə reallaşıb. Adıçəkilən fondun vəsaiti əsasən, qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib.
Fondun vəsaitləri demək olar ki, dövlət büdcəsindən daxilolmalar hesabına formalaşır və kreditləşməyə yönəldilir. Eyni zamanda, Sahibkarlığın İnkişafı Fondu hazırda potensial maliyyə vəsaitinin cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə qurumlar ilə birgə araşdırmalar apararaq birgə proqramlar hazırlayır.
Sahibkarlığın inkişafını şərtləndirən ən mühüm amil isə hazırda qlobal çağırışlar fonunda respublikamızda mövcud makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyat şaxələndirilməsinin diqqət mərkəzində saxlanılması, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühitinin formalaşdırılmasıdır. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində sahibkarların ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməsi də bunun bariz ifadəsidir.