Dünya üzrə şirkətlərin 90 faizdən çoxu kiçik və orta bizneslərdir. KOB-lar dünyada məşğulluğun 70 faizini, ümumi daxili məhsulun 50 faizini təmin edir. KOB-ların ətraf mühitə fərdi təsiri nisbətən kiçik olsa da, qlobal miqyasda istixana qazı emissiyasının 50 faizi, biznes sektorunun enerji istifadəsinin isə 30–60 faizi onların payına düşür. Milyonlarla KOB-un “yaşıl” iqtisadiyyata keçidi iqlim dəyişiklikləri ilə qlobal mübarizəyə öz töhfəsini verə bilər. Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,6 faizini KOB subyektləri təşkil edir.
Bütün bunlar haqqında “Yaşıl” iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda ətraflı danışılıb, KOB-ların iqlim dəyşiklikləri ilə mübarizəyə, “yaşıl” iqtisadiyyata keçidə verə biləcəkləri töhfə bir daha diqqətə çatdırılıb.
İqtisadiyyat, ekologiya və təbii sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən konfransda aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların və sahibkarların ictimai birliklərinin nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxışlarında “yaşıl” iqtisadiyyatın dayanıqlı inkişafda rolu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi “Təmiz ətraf mühit və “yaşıl” artım ölkəsi” milli prioriteti üzrə görülən tədbirlər, ekoloji təmiz texnologiyaların tətbiqi, eləcə də “yaşıl” istehsalın artırılması, təkrar emal və çirklənmiş ərazilərin bərpasının təşviqi üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Qeyd olunub ki, Azərbaycanda KOB subyektlərinin sosial-iqtisadi inkişafda çəkisi və rolu artmaqdadır. KOB-lar ÜDM-nin artmasına, məşğulluğa, azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına mühüm töhfələr verir. “Yaşıl” iqtisadiyyatın indiki inkişafında da KOB-ların töhfəsi diqqət çəkir.
Konfransda BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayev və Dünya İqlim Fondunun İdarə Heyətinin sədri Cens Nilsen çıxış ediblər.
KOB-ların “yaşıl” transformasiyası milli və qlobal səviyyədə maraqlı tərəflərin birgə fəaliyyəti nəticəsində mümkündür. Bu zərurətdən irəli gələrək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən KOB-ların “yaşıl” keçidinin asanlaşdırılmasına dəstək üçün qlobal təşəbbüs irəli sürülüb və bu, KOB-ların “Yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”ndə öz əksini tapıb. Konfrans çərçivəsində müvafiq bəyannamə COP29-un prezidentinə təqdim edilib.
Tədbirdə KOBİA və “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında KOB-ların “yaşıl” keçidi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “ACWA Power Azerbaijan Renewable Energy” MMC-nin direktoru Səlim Güven tərəfindən imzalanmış sənəd kiçik və orta sahibkarlıq subyketlərinin “yaşıl” iqtisadiyyata keçidinə dəstək məqsədilə birgə əməkdaşlıq tədbirlərini nəzərdə tutur.
Konfransda BMT-nin Qlobal Sazişi tərəfindən korporativ dayanıqlılıq mədəniyyətinin təşviqində fəal iştirakına görə KOBİA-ya sertifikat təqdim edilib.
Tədbir “KOB subyektlərinin yaşıl iqtisadiyyata keçidinin zərurəti” və “İqlim maliyyəsi və KOB-lar” mövzularında panel iclaslarla davam edib.