“Qərbi Çıraq” Xəzərin yeraltı xəzinəsinin qapısıdır

post-img

Ötən müddətdə bu platformadan 30 milyon tona yaxın neft çıxarılıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməyə daxil edilməsini tamamlamaq məqsə­dilə inşa olunmuş 5 hasilat və 1 texniki təchizat platformasının istismara verilməsi ilə ölkəmizdə neft istehsalı sürətlə artmağa başladı. Artıq 2010-cu ildə hasilatın səviyyəsi 50 milyon tonu ötüb keçmişdi ki, bu da Azərbay­canın neft sənayesi üçün rekord göstərici idi. 

Bununla belə, 1997-ci ilin payızında istifadəyə verilmiş “Çıraq” yatağının ge­niş bir ərazinin əhatə etməsi, eləcə də zən­gin neft ehtiyatları burada daha bir hasilat platformasının inşasına zərurət yaradıb. Beləliklə, 2010-cu il martin 9-da AÇG-nin işlənməsi üzrə Rəhbər Komitənin qərarı ilə “Çıraq” adlandırılan yeni neft layihəsi həyata vəziqə qazanıb. Ümumi dəyəri 6 milyard dollar olan bu layihə mövcud “Də­rinsulu Günəşli” və “Çıraq” platformaları arasında yeni bir dəniz qurğusu quraşdır­maqla əvvəlki illərdə yaradılmış infrast­rukturda müşahidə edilən boşluğu aradan qaldırmaq məqsədi daşıyıb. 

Yeri gəlmişkən, “Çıraq” neft layihəsi BP və tərəfdaşlarına Azərbaycanın yer­li ehtiyatlarından istifadəni optimallaş­dırmaq öhdəliyini yerinə yetirmək üçün daha bir imkan yaradıb. Belə ki, layihə çərçivəsində inşa olunmuş “Qərbi Çıraq” platformasının dayaq blokunun, üst mo­dullarının inşasında, eləcə də sualtı boru kəmərlərinin çəkilməsində Azərbaycan Dövlət Neft Şirktinin (SOCAR) birgə müəssisələrindən, gəmilərindən, tikin­ti-quraşdırma meydançalarından və digər zəruru infrastrukturundan istifadə olunub. Bu zaman yerli subpodratçıların imkanla­rından maksimum istifadə edilib ki, bunun da nəticəsində layihə üzrə ümumi vəsaitin 30 faizindən çox hissəsi ölkə daxilində xərclənib. Eyni zamanda, layihənin icra­sı dövründə 20 milyon adam-iş saatı sərf olunub ki, bu zaman da heç bir istehsalat qəzası qeydə alınmayıb. 

Layihə çərçivəsində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin mühüm detal­larından sayılan “Qərbi Çıraq” platforma­sının dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa olu­nub. “Bos Şelf” şirkətinin podraçtçısı ol­duğu dayaq bloku Xəzər dənizində indiyə­dək quraşdırılmış bu tip ən ağır qurğudur. Onun ümumi çəkisi 18 min 200 ton, hün­dürlüyü isə, təqribən, 185 metrdir. Qurğu­nun ümumi çəkisi 6700 ton olan 13 payası (üstəgəl bir ehtiyat payası), 7 dik borusu, 8 “J” şəkilli və 10 qoruyucu borusu var. Da­yaq blokunun tikintisinə 2 min nəfər cəlb olunub. 

“Çıraq” neft layihəsinindigər əsas qurğularından sayılan hasilat platforması­nın üst modulları isə “AMEK-TEKFEN-AZFEN” alyansının Bibiheybətdəki tikin­ti-quraşdırma sahəsində inşa olunub. Onu da qeyd edək ki, platformanın dayaq bloku və üst modulları SOCAR-a məxsus STB-1 daşıma barjı vasitəsilə tam təhlükəsiz şəkildə dənizə çatdırılıb. Bununla yanaşı, layihə çərçivəsində sualtı boru kəmərləri çəkilib, “Dədə Qorqud” üzən yarımdalma qurğusu vasitəsilə ərazidə qabaqlayıcı qu­yular qazılıb. 

“Əsrin müqaviləsi” çərçivəsində əldə edilmiş zəngin təcrübəyə əsaslanan “Çıraq” neft layihəsi üzrə bütün tikinti-qu­raşdırma işləri, qurğu və avadanlıqların in­şası tamamilə ölkə daxilində həyata keçiri­lib. Həmin işlərə, ümumilikdə, 3500 nəfər işçi cəlb olunub. Subpodratçı və təchizatçı mütəxəssislərin də daxil olduğu işçi qüvə­sinin 96 faizini isə yerli vətəndaşlar təşkil edib.

Dənizin 170 metr dərinliyində, möv­cud “Çıraq” və “Dərinsulu Günəşli” plat­formaları arasında quraşdırılmış yeni plat­formanın layihə gücü gündəlik 183 min barel neft təşkil edir. Platforma, həmçinin gündəlik 285 milyon kubmetr qaz ixrac et­mək gücündədir.

“Qərbi Çıraq” platformasından hasilat 2014-cü il yanvarın 28-də öncəqazma qu­yularından biri olan “J05” quyusunun istis­mara daxil edilməsi ilə başlayıb. Xam neft əvvəlcə platformada quraşdırılmış texno­loji qurğulardan keçərək yeni yataqdaxili boru kəməri vasitəsilə mövcud 30 düym­lük sualtı ixrac boru kəmərinə ötürülüb. Daha sonra isə həmin kəmərlə Səngəçal terminalına ixrac edilib. Platformadan di­gər öncəqazma quyuları işə düşdükcə hasi­lat da artmağa başlayıb. 

Sözügedən platformada maksimal illik neft hasilatı isə 2016-cı ildə qeydə alınıb. Həmin il buradan 6 milyon ton neft çıxa­rılıb. Platformada gündəlik orta hasilatın həcmi 120 min barel təşkil edib. Bütöv­lükdə isə hasilat başlayandan indiyədək “Qərbi Çıraq” platformasında, təqribən, 28,8 milyon ton neft hasil olunub. Bunun­la belə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ehtiyatların azalması “Qərbi Çı­raq”platformasına da təsirsiz ötüşməyib. 2024-cü ilin birinci yarısının yekunlarına görə, burada gündəlik orta hasilatın səviy­yəsi 29 min barel təşkil edib.

İqtisadiyyat