Ölkəmizin işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması, bərpası, eləcə də məskunlaşmanın təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ən müasir infrastruktur yaradılır, yeni avtomobil və dəmir yolları çəkilir. Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq Qarabağda başlanılan quruculuq işləri çərçivəsində reallaşdırılan dəmir yolu layihələri də bu baxımdan diqqət çəkir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən həyata keçirilən Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin artıq 57 faizi tamamlanıb. Səhmdar cəmiyyətindən verilən məlumata görə, sözügedən dəmir yolu xəttinin layihələndirilməsi işləri 83 faiz yerinə yetirilib. Bu ilin sonuna qədər isə Horadiz–Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 60 faizindən çoxu, layihələndirmə işlərinin isə 90 faizinin tamamlanması gözlənilir.
Tikinti-quraşdırma işləri çərçivəsində ilin sonunadək dəmir yolunda bir sıra vacib işlərin tamamlanması nəzərdə tutulur. Artıq ox üzrə uzunluğu 110,4 kilometr olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca 60 metr enində ərazilərin minadan təmizlənməsi başa çatdırılıb, əlavə genişləndirilmələrin tələb olunduğu hissələrdə isə proses davam etdilir. Bununla yanaşı, dəmir yolu xəttinin 72-82-ci kilometrlik hissəsində yol oxunun dəyişdirilməsi səbəbindən minatəmizləmə işləri təkrar yerinə yetirilib.
“Horadiz–Ağbənd dəmir yolu xəttinin ox üzrə 72 kilometr, yan yollarla birlikdə isə 83,4 kilometr hissəsində rels-şpal çərçivələri qoyulub, 65,6 kilometr hissəsində uzunölçülü relslərin quraşdırılması işləri tam şəkildə başa çatdırılıb. Hazırda xəttin 72–89-cu kilometr aralığında olan hissəsində torpaq və mühəndis qurğularının tikintisi işləri davam etdirilir. Ümumilikdə isə, tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir”, – deyə məlumatda bildirilib.
Layihənin detallarına, həmçinin yolun 106-cı kilometrində inşa edilən uzunluğu 1071 metr olan tunel də daxildir. Tunelin qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsinə də imkan yaradacaq. “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, yeni Avstriya üsulu əsasında tikilən tunelin ətrafında yerləşən qaya qruntunun yükgötürmə qabiliyyətindən asılı olaraq tunelin konstruksiyasına dəyişikliklər edilir ki, bu da inşaat xərclərinin optimallaşdırılmasına imkan yaradır. Tuneldə qazma işləri qazma-partlatma üsulu ilə həyata keçirilir. Bu işlər isə həm tunelin giriş, həm də çıxış tərəfindən aparılır.
Horadiz–Ağbənd layihəsi çərçivəsində dəmir yolunun 79-cu kilometrində 23 aşırımdan ibarət olan 771 metr uzunluğunda körpünün tikintisi də nəzərdə tutulur. Bunun da səbəbi dəmir yolunun bu həssədə Xudafərin su anbarına yaxın yerləşməsidir. Sözügedən körpünün dayaqları diametri 1200 millimetr olan monolit dəmir-beton qazma-doldurma svayların üzərində layihələndirilib. Artıq körpünün dəmir-beton işləri tamamlanıb, yaxın vaxtlarda isə hərəkət tavasının izolyasiya işlərinin başlanması planlaşdırılır. Ümumilikdə isə, Horadiz–Ağbənd dəmir yolu xəttində işlərin 2025-ci ildə tamamlanması gözlənilir.
Yeri gəlmişkən, hazırda Ağbənddə dəmir yolu qalereyası da inşa edilir. “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata əsasən, Horadiz–Ağbənd dəmir yolu xəttinin 75-ci kilometrində inşa edilən qalereya, dəmir yolunu dağlardan düşə biləcək qaya parçalarından mühafizəsi üçün layihələndirilib. “Qalereyanın uzunluğu 144 metrdir. Tikilən qalereyanın qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsinə də imkan verir. Qalereya svaylar üzərində layihələndirilib və onun konstruksiyası monolit dəmir-betondur. Bu, Azərbaycanın müstəqilliyi dövründə inşa olunan ilk dəmir yolu qalereyasıdır, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il fevralın 14-də təməli qoyulmuş Horadiz–Ağbənd birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq. Həmçinin layihə çərçivəsində, ümumilikdə, 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd stansiyaları da tamamilə yenidən tikiləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin şöbə müdiri Fəryaz Rüstəmov bildirib ki, beynəlxalq kommunikasiya xətləri və daxili logistika baxımından strateji əhəmiyyətə malik olan Horadiz–Ağbənd dəmir yolu layihəsi ölkəmizdə istehsal olunan məhsulların sürətli və etibarlı şəkildə dünya bazarlarına çıxışını təmin etmək baxımından olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, ölkəmizin tranzit rolunun daha da gücləndirilməsinə xidmət edəcək bu layihə fiziki olaraq Azərbaycanı Naxçıvana birləşdirmək, eləcə də respublikamızın Avropa və Asiya arasındakı əsas yollardan birinə çevrilmək üçün böyük potensiala malikdir.