Laçın rayonunda tikilən kiçik su elektrik stansiyalarında işlə təmin olunan əməkdaşların təhsil və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Azərenerji” ASC Dövlət Məşğulluq Agentliyi ilə birlikdə 4 mərhələdən ibarət “Hidrotexniki qurğuların istismarı” üzrə praktik təlim-kursu keçirib.
Təlimdə Laçın rayonu ərazisində 9 yerdə istismara verilən Kiçik Su Elektrik Stansiyalarında çalışan 36 nəfər işçi iştirak edib. Onlardan məhz 7 nəfəri hazırda ərazidə məskunlaşan əhali arasından seçilərək yerindəcə işlə təmin olunanlardır. Ümumilikdə isə 36 nəfərdən 26 nəfəri Laçın rayonundan olan məcburi köçkünlərdir və onlardan 19 nəfəri yaxın vaxtlarda dövlət tərəfindən evlə təmin ediləcək.
“AzərEnerji”nin təşkil etdiyi kurslar bitdikdən sonra Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşları ilə birlikdə təlimdə iştirak edən işçilərə “Sertifikatlar” təqdim edilib.