Sülh gündəminə zidd manipulyasiya

post-img

Ermənistan MN-nin cavabına təfərrüatlı baxış

“Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbər­liyinin və onun havadarlarının üzərinə düşəcəkdir”. Çox­dandı Azərbaycanın Müdafiə Nazirliyi sırf belə fikirlərin əksini tapdığı bəyanat yaymırdı. Axırıncı dəfə qurum 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli anti­terror tədbirlərindən əvvəl bu ritorikaya üstünlük vermiş­di. Sonra yaşananlar hər birimizin yaxşı yadındadır. Elə Ermənistan rəhbərliyinin də həmçinin. 

Qeyd edək ki, 2023-cü ildə də Azərbaycan–Ermənistan sülh gündəliyi aktiv idi. Cənubi Qafqaz regionunun gündəminə tərəflər arasında barışıq sazişinin tezliklə imzalanacağına dair gözləntilər hakim kəsilmişdi. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan ərazilərimizdə qalan qeyri-qanuni erməni hərbi birləşmələrini çıxar­maq, bölgədəki separatçı rejimi aradan qaldırmaqdansa, bildirmişdi ki, Qarabağın özünün seçilmiş hakimiyyəti var. Hazırda isə “seçilmiş hakimiyyət”in gəlmiş-keçmiş bütün başbilənlərinin yeri Bakı həbs-xanasıdır... 

Sözümüz ondadır ki, ölkəmizin Müdafiə Nazirliyi boş yerə bə­yanat vermir. Məlum olduğu kimi, qurumun yaydığı sənəd son günlər Azərbaycan–Ermənistan sərhədində qarşı tərəfdən atəşkəsin pozulması halları ilə bağlıdır. Bəyanatda xatırlanıb ki, Ermənistan Kəlbəcərdə ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törədib. Maraqlı məqam isə bu sayaq təxribatların ilk dəfə baş vermədiyinin, davamlı xarakter daşıdığının vurğulanma­sıdır. Deməli, nazirlik hər şeyə reaksiya vermirmiş, səbirlə gözlə­yirmiş. Amma artıq səbir tükənib və yazımızın birinci cümləsində nəzərə çatdırdığımız fikirlər bunun təsdiqidir. 

Əslində, MN-nin bəyanatı, bütövlükdə, dövlətimizin mövqeyi, cəmiyyətimizin hadisə və proseslərə ümumiləşdirilmiş baxışıdır. Baxış ondan ibarətdir ki, ABŞ-nin Ermənistanda keçirdiyi hərbi tə­limlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında ölkəyə ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilmə­si İrəvanı təxribatlar törətməyə şirnikləndirir. Ən əsası isə nazirlik bu kimi tədbirlərlə Ermənistanın Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırıldığı fikri üzərində dayanır.

Azərbaycan MN İrəvanı və havadarla­rını Cənubi Qafqaz regionunda yeni müha­ribə ocağı yaratmaq niyyətlərindən çəkin­məyə çağırır. Elə xəbərdarlığını da məhz mövcud xüsusda çatdırır: “Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün va­sitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görülə­cəkdir”.

***

Bəs Azərbaycan MN-nin xəbərdarlı­ğı Ermənistanda necə qarşılanır? Əlbəttə, ölkədə normal siyasi başlar həyəcan təbili çalır, danışıqlar gündəminə sadiqliklə bağlı mesajlar səsləndirirlər. Amma belələrinin sayı çox az olduğundan, səsləri eşidilmir. Əvəzində revanşist və şovinist dairələr ölkəmizin baş hərbi idarəsinin bəyanatın­da bildirilənləri rəsmi İrəvana münasibətdə demarş kimi qiymətləndirir və baş nazir Nikol Paşinyan administrasiyasını Bakı­nın qarşısında aciz qismində göstərirlər. Belələrinin niyyəti iqtidarı aşağılayıb si­yasi dividend qazanmaqdır. Nikol və tərəf­darları isə sanki bu ritorikaya cəbhə açan qiyafəsinə bürünüb ən pis erməni olmaq yarışında birinciliyə layiq davrandıqlarını təsdiqləyirlər. Ona görə də azğın bəyanat­lar səsləndirirlər ki, bunların özü də regio­nun sülh gündəminə zərbədir. 

***

Ermənistan müdafiə nazirliyindən Azərbaycan MN-ə verilmiş cavab da az­ğınlıqdan başqa bir şey deyil. Cavabda nələr vurğulanır, bu barədə söz açacağıq. Hələlik, kiçik bir qeydi diqqətə çatdıraq. Yadınızdadırsa, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan MN-nin Şuşan Stepan­yan adlı mətbuat katibi var idi. Bu xanımın işi “rəşadətli erməni hərbi birləşmələrinin cəbhədəki uğurları” barədə dezinformasi­yalar yaymaq, hər cür hədyanlar yağdır­maq idi. İndi Şuşanın yerini Ani Badalyan adlı başqa bir xanım tutub və o, ölkəmizin ali hərbi idarəsinin yaydığı bəyanatı şərh edərkən deyib ki, Azərbaycan MN-nin Ermənistan ordusunun Ermənistan–Azər­baycan dövlət sərhədində təxribat xarak­terli hərəkətləri ilə bağlı növbəti bəyanatı anlaşılmazdır. 

Əslində, A.Badalyanın söylədikləri Er­mənistan baş nazirinin aparatının bir neçə gün əvvəl yaydığı açıqlamanın təkrarı kimi də qiymətləndirilə bilər. Məsələn, onun sözlərinə görə, sərhəd insidentlərinin və ya onlar haqqında məlumatların araşdırılması vacibdir. Bu məqsədlə Paşinyanın ofisi Er­mənistan–Azərbaycan birgə mexanizminin yaradılması ilə bağlı təklif irəli sürüb. Hə­min təklif Bakıya istər diplomatik kanallar, istərsə də açıq şəkildə çatdırılıb. Ancaq, guya, məsələ cavabsız qalıb. A.Badalyanın fikrincə, belə bir mexanizmin işə salınması istənilən vəziyyətə aydınlıq gətirməyə və reallığa uyğun gəlməyən fikirlərin yayıl­masının qarşısını almağa imkan verərdi.

Yeri gəlmişkən, A.Badalyan tərəfindən səsləndirilmiş fikri vaxtilə Azərbaycan rəhbərliyi irəli sürmüşdü. O zaman Er­mənistan silahlı qüvvələrinin açdığı atəş ölkəmizin Sərhəd Xidmətinin hərbçisinin yaralanmasına səbəb olmuşdu. Məsələ ilə bağlı video kadrlar da yayılmışdı. Həmin kadrlarda atəşin haradan açıldığı açıq-aş­kar görünürdü. Bəs rəsmi İrəvan bununla bağlı hansı tədbiri gördü? Heç nə etmədi! Bildirdi ki, guya, atəş açan hərbçi yox, hansısa könüllü birləşmənin təmsilçisidir. Sözügedən şəxs məsuliyyətə cəlb olunma­dı. Çünki ortaya atılan fikir cəfəng idi. Axı hansısa könüllü birləşmənin üzvü ön xətdə peyda ola bilməzdi. Tutalım, həmin şəxs döyüş mövqeyinə gəlib çıxmağı bacarıb, bəs silahı haradan tapıb? 

Başqa suallar da var. Məsələn, necə olur ki, Azərbaycanın mövqelərinin atəşə tutulması ilə Fransadan gəlmiş və içi hərbi yardımla dolu təyyarənin İrəvana enməsi üst-üstə düşür? Üstəlik, nəzərə alaq ki, Ermənistanın son dəfə Kəlbəcər istiqamətində Azərbaycanın mövqelərini Qərbin verdiyi yeni silahlardan atəşə tut­duğuna dair bilgilər var. Bununla əlaqədar məlumatı bir müddət əvvəl “Minval.az” saytı mötəbər mənbələrdən əldə etmişdi. Məlumatda o da bildirilmişdi ki, Ermənis­tan son bir ildə atəşkəsi pozarkən, ilk dəfə olaraq, ağır silahlardan yararlanıb. Bu, ABŞ, Fransa və Avropa İttifaqını təmsil edən hərbi müşavirlərin iştirakı ilə həyata keçirilib. Şübhə yoxdur ki, onlar ölkələri tərəfindən verilmiş öldürücü silahları dö­yüş şəraitində sınaqdan keçirmək qərarı­na gəlmiş, habelə ordu birləşmələrimizin atəşə necə reaksiya verəcəyini öyrənmək istəmişdilər. 

Bundan başqa, ABŞ və Fransanın Er­mənistan silahlı qüvvələrinə peşkəş etdiyi snayper tüfənglərinin Azərbaycan hərb­çilərinə qarşı real döyüş şəraitində istifadə­si barədə məlumatlar var. Bildirilir ki, atəş mövqeyinin seçilməsi, atəş açdıqdan sonra geri çəkilmək, yalançı atəş nöqtələri qu­raşdırmaq, atəşdən dərhal sonra rabitə və digər vasitələrdən istifadə edərək kəşfiyyat aparmaq və bir çox digər tapşırıqlar NATO ölkələrinin hərbi standartlarına uyğun for­mada həyata keçirilib.

Bütün bunlardan sonra A.Badalyan vay-şivən qoparır ki, Ermənistanı eska­lator ritorikaya sürükləmək cəhdləri qə­buledilməzdir, ölkənin hökuməti, guya, sülh gündəminə sadiq qalmaqdadır və bu strategiyadan kənara çıxmayacaq. Əlbəttə, Badalyana rəsmi İrəvanın 44 günlük mü­haribədən sonra həmişə sülh gündəminə üz çevirdiyini xatırlatmağa ehtiyac yoxdur. Çünki həm o, həm də təmsil olunduğu ko­mandada yer alan şəxslər yalan danışmaq üzrə ixtisaslaşıblar. 

Beləliklə, A.Badalyan da Ermənistan silahlı qüvvələrində aparılan islahat cəfən­giyyatı, silah və texnikanın əldə edilməsi barədə sərsəmləyərək bildirir, daha doğ­rusu təkrarlayır ki, döyüşə hazır ordunun olması hər bir ölkənin suveren hüququdur və guya, Ermənistan müdafiə və təhlükə­sizlikdən, beynəlxalq səviyyədə tanınmış ərazisinin müdafiəsindən başqa heç bir məqsəd güdmür, beynəlxalq hüquq nor­maları çərçivəsində hərəkətə üstünlük verir. Elə isə yenə meydana suallar çıxır: Görəsən, sülh gündəminin aktual olduğu indiki dövrdə ordu islahatlarına, xaricdən silah-sursat idxalına nə dərəcədə ehtiyac var idi? Məgər rəsmi İrəvan anlamır ki, belə hərəkətlər onun səmimiliyinə şübhə yaradacaq? Nəzərə alaq ki, erməni ordu­sunda silahlanma danışıqlar prosesində açıq qalan məsələlərin yoluna qoyulma­dığı bir şəraitdə gerçəkləşir. İstər-istəməz düşüncə formalaşır ki, Ermənistan həmin məsələlərin həllində gücə üstünlük vermək haqqında düşünür, bu yolla Azərbaycanın kompromislərə gedəcəyinə ümid bəsləyir.

A.Badalyan xatırladır ki, Ermənis­tan diplomatik kanallar vasitəsilə və açıq şəkildə Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmi yaratmağı və müvafiq saziş bağlamağı təklif edib, Azərbaycan isə təklifi cavabsız qoyub, ancaq buna bax­mayaraq, məsələ qüvvəsində qalır. Əvvəla, bəli, doğrudan da, rəsmi İrəvan tərəfindən ötən il sözügedən təklif səslənmişdi. Onun müəllifi baş nazir N.Paşinyanın özü ol­muşdu. İkincisi, ölkəmiz heç nəyi cavabsız qoymadığı kimi, Nikolun dediyini də eyni tərzdə qarşılamışdı. Azərbaycan məsələnin strukturu ilə razılaşmamışdı. Çünki sülh müqaviləsi imzalanmadan haqqında söz açılan detallı məsələnin gündəmə gətiril­məsi yersizdir və manipulyativ xarakter daşıyır. 

Aydındır ki, Paşinyan silahlanma məsələsində müqaviləli beynəlxalq mexa­nizm təminatı təklifini irəli sürməklə, Ba­kının İrəvanın mümkün təxribatlarına mü­nasibətdə layiqli cavab vermə potensialını məhdudlaşdırmağı düşünür, ikili standarlar siyasətinə sərmayə qoyur. Yəni, erməni baş nazir yaxşı bilir ki, silahlanmaya nəzarət mexanizmi yaransa, Qərbdəki havadarla­rının köməyi ilə ölkəsini bu mexanizmin təsirindən qoruyacaq, əvvəlkitək silahlana­caq, əvəzində Bakıya münasibətdə təzyiq elementləri aktullığını saxlayacaq, daha dəqiq desək, ölkəmizin öz müdafiə qabi­liyyətini artırmaq səylərinə sədd çəkiləcək. Bir daha deyək ki, Paşinyanın qondardığı məsələ siyasi spekulyasiyadan və gündəmə təzə mövzu vermək cəhdindən başqa bir şey deyildi. Ona görə də onun irəli sürdüyü təklif reallaşmadı və reallaşa da bilməzdi. 

Belə nəticəyə gəlirik ki, A.Badalya­nın Azərbaycan MN-nin bəyanatının şər­hi üçün dilə gətirdiyi digər fikirlər kimi, silahlanmaya nəzarətə dair dedikləri də cəfəng məntiqə əsaslanır. O qənaət də ha­sil olur ki, rəsmi İrəvan atəşin pozulması­na görə məsuliyyəti boynundan atmaqda, mövcud xüsusda yeni reallıqlar uydurmaq­da israrlıdır. Deməli, qarşıdakı müddətdə Ermənistan silahlı birləşmələrinin yenidən atəşkəs rejimini pozacağını proqnozlaş­dırmaq mümkündür. Bunun Bakı–İrəvan sülh prosesinə zərər gətirdiyini vurğuladıq. Daha hansı fəsadlar ola bilər, bu barədə də çox danışılıb. Vurğulanıb ki, Ermənistanın müharibə hazırlığı Qərbin geosiyasi sifari­şidir. Belə bir sifarişin isə Hayastanı böyük fəlakətlərə, hətta dövlətçiliyin itirilməsinə sürüklədiyi tam aydındır. Yaxşı olar ki, rəsmi İrəvan A.Badalyan kimilərini qaba­ğa verib bəsit gedişlərə baş vurmaqdansa, məsələ barədə düşünsün. Düşünsün və nə qədər ki, gec deyil, nəticə çıxarıb tutduğu destruktiv yoldan geri dönərək, sülh gün­dəminə qayıtsın. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət