Baqrat “payız turnesi”nə hazırlaşır

post-img

Aprelin 19-da Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyasının iclasında Qazax rayonunun 4 kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) qaytarılmasına dair razılıq əldə edildikdən sonra buna qarşı çıxan, “Vətən naminə Tavuş” adlı qondarma hərəkat yaradan, İrəvana doğru yürüş edən, burada qarışıqlıq salmağa çalışan keşiş Baqrat Qalstanyan yenidən siyasi dövriyyəyə qayıtmağa çalışır. O, hərəkatın sentyabr ayında geniş toplantı keçirəcəyini bildirib.

Etiraz hərəkatının başçısı Geqarkunik vilayətinin Noratus kəndinə səfəri zamanı deyib: “Bizim taktikamız dəyişib: Sen-tyabr ayınadək tərəfdarlar cəlb edəcəyik, sentyabrın əvvəlində isə geniş toplantı ke­çirəcəyik”. Onun sözlərinə görə, mübarizə yalnız özü və onun bütün iştirakçıları ölən­də bitəcək. Arxiyepiskopun tərəfdarlarına məxsus “Müqəddəs mübarizə” teleqram kanalında bildirilib ki, etiraz hərəkatının sıralarının genişləndirilməsi prosesi payıza qədər davam edəcək.

“Hraparak” qəzeti yazır ki, arxiye­piskopun rəhbərlik etdiyi hərəkat aktiv struktur dəyişiklikləri və yenidən təşkil-olunma həyata keçirir. O cümlədən, bütün istiqamətlər üzrə proseslərə nəzarət edəcək müxtəlif strukturların və şuraların forma­laşdırılması məsələsi müzakirə olunur. Qeyd edilir ki, artıq Ermənistan parlamen­tinin keçmiş deputatı Karen Bekaryanın rəhbərliyi ilə koordinasiya şurası yaradılıb. Şura yaxın vaxtlarda yeni məsul şəxsləri seçəcək. Onlar hərəkatın “katibləri”nin və gənclərin işini koordinasiya edəcəklər. B.Qalstanyan isə siyasi şura – hərəkatı dəstəkləyən siyasi qüvvələrin nümayən­dələrinin daxil olacağı məsləhətçi orqan yaratmağı planlaşdırır.

“Joxovurd” qəzeti isə öz mənbələrinə istinadən qeyd edib ki, arxiyepiskop haki­miyyətin müxalifətin təzyiqi altında vax­tından əvvəl seçkilərə getməsi üçün müm­kün olan hər şeyi etməyə hazır olduğunu bildirib. Nəşrin yazdığına görə, Qalstanyan siyasi qüvvələrlə görüşdə 2026-cı ildə ke­çiriləcək parlament seçkilərini gözləməyə­cəyini deyib: “Baqrat istər yaxın çevrəsi arasında, istərsə də siyasi qüvvələrlə gö­rüşlərində 2026-cı ildə baş tutacaq növ­bəti seçkiləri gözləməyəcəyini söyləyib. Vəziyyət hər gün daha da mürəkkəbləşir, hakimiyyət yeni əraziləri təslim etməkdən (?) çəkinmir və ölkənin sərhədləri getdikcə içərilərə doğru çəkilir. Ona görə də növbəti seçkiləri gözləmək Ermənistan üçün fə­lakətli ola bilər”.

Qəzet Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyalarının bər­pa olunacağı tarixi də açıqlayıb. Hərəkat sentyabrın 2-dən baş nazirin istefası tələ­bi ilə etiraz aksiyalarının bərpa olunaca­ğını qeyd edib. Arxiyepiskop bugünlərdə müxtəlif siyasi qüvvələrin və digər sahələ­rin nümayəndələri ilə hərəkatın formatı və məqsədlərini müzakirə etmək üçün fəal şəkildə görüşlər keçirir, müzakirələr aparır.

Erməni apostol kilsəsi isə hərəkatın liderinin ruhani xidmətini müvəqqəti ola­raq dayandırmasına baxmayaraq, Tavuş yeparxiyasına yeni rəhbər təyin etməyə tələsmir. “Panorama.am” saytı kilsənin iqamətgahının mətbuat xidmətinin rəhbəri Yesai Artenyanla əlaqə saxlayıb. O bildirib ki, Tavuş yeparxiyası hazırda bütün ermə­nilərin katolikosu II Qareginin rəhbərliyi ilə yaradılmış koordinasiya şurası tərəfin­dən idarə olunur.

Polittexnoloq və siyasi analitik Vigen Akopyan sayta açıqlamasında bildirib ki, “Vətən naminə Tavuş” hərəkatının kütləvi və bəlkə də daha radikal mərhələsi sen-tyabr ayının ortalarında başlayacaq. Onun sözlərinə görə, müxalifət hərəkatı hazırda yeni strukturların yaradılması üçün kifayət qədər intensiv tapşırıqlar yerinə yetirir.

Ancaq Ermənistanda B.Qalstanyanın yazda olduğu kimi payızda da uğursuzlu­ğa düçar olacağına inananların sayı çox­luq təşkil edir. Onlar başa düşürlər ki, bu hərəkat ölkəni fəlakətə sürükləyir. Eyni zamanda, ölkəni uzun illər istismar etmiş Qarabağ klanının, keçmiş prezidentlər Ro­bert Koçaryan və Serj Sarkisyanın aksiya­lara dəstək verməsi əhalidə Baqrata inamı azaldan başlıca səbəbdir. Əgər aksiyaçılar uğurlu olsalar, o zaman keşiş müvəqqəti hökumətin başçısı olacaq. Sonra isə seçkilər keçirilməlidir. Seçkilərdə Qarabağ klanının yenidən hakimiyyəti qəsb edəcəyi ehtimalı böyükdür. Bundan ehtiyat edən haylar Baq­rata birmənalı şəkildə “yox!” deyirlər.

Ermənistanın media resurslarında da B.Qalstanyana mənfi münasibət ifadə olu­nur. Ölkənin ciddi saytlarından olan “Ar­menian Report”da dərc olunan “Bir mari­onetin şərəfsiz sonu” sərlövhəli məqalədə bildirilir ki, yay fəsli digər ölkələrdə ol­duğu kimi, Ermənistanda da məzuniyyət üçün ənənəvi vaxtdır: “Görünür, “Vətən naminə Tavuş” hərəkatının vizual və for­mal lideri B.Qalstanyan da çox yorulub, o, dincəlmək və Tavuşdan İrəvanadək piyada yol gəlməsi nəticəsində əzilən dabanları­nı “sağaltmaq” qərarına gəlib. Ən azı son günlər onun adı yerli mətbuatda əvvəlkitək tez-tez çəkilmir. Qəzet səhifələrindən isə tamamilə yoxa çıxıb. Yaxud da, bəlkə hər şey daha sadədir və arxiyepiskop Paşinyan hökumətini devirmək uğrunda mübarizəni dayandırmaq qərarına gəlib? Qalstanyana rəğbət bəsləyən media orqanları bildirirlər ki, hərəkat daxilində yenidən təşkilolunma gedir, müvəqqəti hökumətin proqramları və ölkənin inkişafı ilə bağlı baxışlar hazır­lanır və narahatlıqdan bezmiş ruhani özü də payızda “küçəni aktivləşdirmək” niyyə­tindədir. Əlbəttə, əgər buna qədər hansısa fors-major vəziyyət yaranmayacaqsa. Hal­buki bütün bunlar boş söhbətdir. Nə Qals­tanyanın özü, nə də onun arxasında duran qüvvələr hərəkatın faktiki olaraq məhv ol­duğunu açıq şəkildə etiraf etməyə cəsarət etmir və onun yaxın gələcəkdə yeni güclə bərpa olunması üçün heç bir ilkin şərt yox­dur. Vəssalam, Qalstanyanın və onun Qa­rabağ klanından olan kuratorlarının mah­nısı bitdi. Və bunun bir sıra səbəbləri var, onlardan bəzilərini nəzərdən keçirməyə çalışacağıq”.

Birincisi, qeyd etmək lazımdır ki, istə­nilən etiraz hərəkatı yalnız ildırım sürəti ilə, blitskriq rejimində hərəkət etdikdə uğur qazanmaq şansına malikdir: “Nikol Paşinyanın 2018-ci ilin yazında hakimiy­yətə necə gəldiyini xatırlayaq. O, martın 31-də Gümrüdən İrəvana yürüş etdi, apre­lin 23-də isə Sarkisyan istefa verdi. Cəmi üç həftə və hakimiyyət sanki boğularaq ondan yapışan Sarkisyanın üzərinə düş­dü. Qalstanyan isə bir neçə ay bütün Er­mənistanı gəzib-dolaşdı, hətta paytaxtda mitinqlər keçirdi, lakin Paşinyan hökuməti haqqında zərrə qədər də mənfi təəssürat yarada bilmədi. Deyə bilərik ki, o, hərə­katda boşboğazlıq edirdi, tempi itirdi və Paşinyanı devirmək üçün kiçik də olsa, şansını əldən verdi”.

Məqalədə daha sonra deyilir: “İkin­ci məqam isə xalqın inamı və dəstəyidir ki, bunsuz heç bir hakimiyyət dəyişikliyi mümkün deyil. Yenə 2018-ci ildə etiraz hərəkatı cəmiyyətimizin böyük bir hissəsi tərəfindən dəstəkləndi. Hətta, həqiqi hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları da Paşinyanın tərəfinə keç­dilər. Biz hamımız Sarkisyan hakimiyyə­tinə dərindən nifrət edirdik. Bəli, sonradan cəmiyyətin bir hissəsində məyusluq ya­randı, amma yenə də etiraf etmək lazımdır ki, bu gün də indiki baş nazir xalqda Ko­çaryan, Sarkisyan və Qalstanyandan daha çox rəğbət doğurur. Bəli, Qalstanyanın İrəvandakı ilk mitinqinə kifayət qədər çox adam gəldi və arxiyepiskop daha cəsarət­li olsaydı, belə xalq dəstəyi ilə Paşinyanı devirməyə cəhd edə bilərdi. Lakin qiyamçı keşiş ürəksiz oldu, hökumətə gülünc ulti­matumlar verməyə başladı və o, nəticədə nəinki lağa qoyuldu, hətta kütlə arasında dəstəyini də itirdi”.

Üçüncüsü, Qalstanyanın Koçaryanla həddindən artıq yaxın əlaqələri hərəkata baha başa gəldi: “Ermənistanda Koçarya­nın hakimiyyət dövrləri hələ də unudul­mayıb və ağlı başında olan heç kəs onun hakimiyyətinin bərpasını istəmir. Və heç kim şübhə etmirdi ki, hərəkat uğur qazan­sa, ölkənin başçısı o olacaq. Arxiyepisko­pun daha hiyləgər və qəddar Koçaryanın və Sarkisyanın əlində sadəcə bir marionet olduğu hamıya aydın idi.

Deyə bilərik ki, biz hazırda mahiyyətcə Qarabağ klanının marionetkasına çevrilən arxiyepiskop Qalstanyanın şərəfsiz sonu­nun şahidi oluruq. Tavuşun qorunması və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı uca şüarlarla başlayan hərəkat heç vaxt lo­kal ictimai etirazdan daha geniş ictimai-si­yasi prosesə çevrilə, kütləvilik qazana və qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmədi. Buna görə də, payızda yenidən “küçəni aktivləşdirmək” üçün hərəkat daxilində, guya, yenidən təşkilatlanma­nın getdiyi barədə bütün söhbətlər, sadəcə olaraq, Qalstanyan və Koçaryanın məğlu­biyyətini ört-basdır etməyə hesablanmış söhbətlərdir”.

Ermənistan mediasından geniş iqtibas gətirdiyimiz bu məqalədə qeyd edildiyi kimi, “Vətən naminə Tavuş” hərəkatının yenidən dirçələcəyi, kütləvi aksiyalar ke­çirəcəyi və hansısa nəticəyə nail olacağı xam xəyaldır. Əslində, onun hakimiyyətə yiyələnmə şansı lap əvvəldən az ehtimal edilirdi. Arxiyepiskop və onun kuratorları hakimiyyətə gələcəkləri təqdirdə nə daxili, nə də xarici siyasətdə həyata keçirəcəklə­ri fəaliyyət proqramını təqdim etməmiş­dilər. Onlar yalnız öz tərəfdarlarını polisin dəyənəyi altına ataraq, asayiş keşikçiləri ilə qarşıdurmaya gedərək mübarizə üsul­larını radikallaşdırmağa çalışırdılar. Onla­rın cəmiyyətin bütün təbəqələrinə uyğun olacaq aydın siyasi gündəmləri yox idi. Etirazların pik nöqtəsində hərəkata yeni qüvvələr qoşulmağa başlasalar da, onla­rın hamısı, birincisi, marginal elementləri təmsil edirdilər, ikincisi, cəmiyyətin gö­zündə nüfuzlarını çoxdan itirmişdilər. İlin hansı fəslinin olmasından asılı olmayaraq, belə qüvvələrin heç bir uğur qazanmaq şansı yoxdur.

Zaur MƏMMƏDOV, 
Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq

– Ermənistanda radikal müxa­lifətin hakimiyyəti yenidən ələ ke­çirmək imkanı sıfıra bərabərdir. Onlar uzun illər ərzində iqtidarda olublar. Həmin illər erməni xalqına böyük fəlakətlər gətirib, onu məh­rumiyyətlərə düçar edib. Düzdür, müstəqilliyin ilk illərində onlar Azərbaycan torpaqlarını işğal et­mələri səbəbindən eyforiyada idilər. Bütün dünya erməniləri bunu bay­ram edirdilər. Ancaq sonradan iş­ğal səbəbindən Ermənistanın həm Azərbaycanla, həm də Türkiyə ilə sərhədlərinin bağlı olmasının acı nəticlərini sadə erməni xalqı öz üzə­rində hiss etməyə başladı.

44 günlük Vətən müharibəsin­dən sonra isə onlar tamamilə ümid­sizlik içindədirlər. Buna baxmaya­raq, xalqın böyük əksəriyyəti yeni müharibənin daha böyük fəlakət vəd etdiyini başa düşür. Buna görə də onlar hazırkı baş nazir Paşinyanı dəstəkləyirlər. Zənnimcə, bu dəstək qarşıdakı illərdə də davam edəcək.

 

Səxavət HƏMİD
XQ





Siyasət