KOB evləri beynəlxalq marağa səbəb olub

post-img

Azərbaycanın KOB evi modeli beynəlxalq səviyyədə uğur əldə edib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin keçirdiyi müsabiqədə ekspertlər KOB evlərini qabaqcıl innovativ təcrübələrdən biri kimi qiymətləndiriblər. Ölkəmizin sahibkarlara xidmət sahəsində nümunəvi modeli olan KOB evləri barədə qurumun saytında məlumat paylaşılıb.

Məlumat üçün bildirirk ki, İƏİT-in Dövlət Sektorunda İnnovasiyalar üzrə Təd-qiqat Mərkəzinin saytında 2003-cü ildən ideyaların və yeniliklərin paylaşıldığı böl­mə fəaliyyət göstərir. Burada dünyanın 90-a yaxın ölkəsində mövcud olan inno­vasiyalar barədə məlumatlar qeyd olunur ki, onların arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB evləri də yer alır.

Saytda dərc olunmuş məlumatda KOB evləri biznesin planlaşdırılması, biznesə başlanması, biznesin idarə edilməsi və in­kişafı üzrə kiçik və orta biznes qurumla­rına xidmətlər təqdim edən “bir pəncərə” mərkəzi kimi təqdim edilir. KOB sektoru­nun inkişafına töhfə vermək üçün dövlət və özəl qurumların imkanlarının bir platfor­mada birləşdirilməsi və əlaqələndirilməsi unikal təşəbbüs kimi qiymətləndirilir.

Qeyd edək ki, İƏİT-in 2011-ci ildə ya­radılmış Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi dövlət sektorunda qabaqcıl innovasiyaların tətbiqinə və təbli­ğinə dəstək verən qlobal forumdur. Mərkəz dövlətlərə dəstək məqsədilə qabaqcıl inno­vativ təcrübələr, yeni ideyalar, biliklər, alət­lər və əlaqə vasitələrini paylaşan platforma rolunu oynayır. 

Yeri gəlmişkən, KOBİA-nın bey­nəlxalq əlaqələrinin genişlənməsindən bəhs edərkən bir məqamı da xatırladaq. Bu ilin mart ayında adıçəkilən qurum BMT-nin Qlobal Sazişinə qoşulub. KOBİA-nın məlumatına əsasən, agentlik BMT-nin Qlo­bal Sazişinin iştirakçısı olaraq strategiya və fəaliyyətini Dayanıqlı İnkişaf Məqsəd­lərinin müvafiq prinsiplərinə uyğunlaş­dırmaqda, KOB-ların inkişafına və yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərməklə qlobal davamlı inkişaf strategiyasına öz töhfəsini verməkdə da­vam edəcək. 

KOBİA hazırda 2024-cü ilin ölkəmiz­də “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və BMT-nin İqlim Dəyişikli­yi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini nəzərə alaraq fəaliyyətində və KOB-larla iş prosesində ətraf mühit məsələlərinə, “yaşıl iqtisadiy­yat”ın təbliğinə diqqəti daha da artırıb.

İqtisadiyyat