Azərbaycan–Serbiya: Enerji sahəsində əməkdaşlıq genişlənir

post-img

Azərbaycanın Avropadakı əsas enerji tərəfdaşlarından olan Serbiya yaxın gələcəkdə ölkəmizdən daha çox təbii qaz ala bilər. Hazırda tərəflər bu məsələni geniş müzakirə edirlər. Bakıda keçirilən Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında bununla bağlı ətraflı fikir mübadiləsi aparılıb. 

Xatırladaq ki, 2023-cü ilin noyabrın 15-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” arasında 2024-cü ildə Serbiyaya 400 milyon kubmetrə qədər qazın nəqli haqqında müqavilə bağlanıb. Müqaviləyə əsasən, 2024-2026-cı illərdə Serbiya ölkəmizdən il ərzində 400 milyon kubmetrədək qaz alacaq. Bu il iyulun 1-dək isə Azərbaycan Serbiyaya 26 milyon kub­metr qaz ixrac edib. 

Hökumətlərarası komissiyanın iclasın­da Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç bəyan edib ki, 2027-ci ildən etibarən ölkəsi Azər­baycandan qaz tədarükünün həcmini 1 milyard kubmetrədək artıracaq. Onun söz­lərinə görə, Azərbaycanla qaz nəqli üçün bütün məsələlər artıq həll olunub.

Bununla yanaşı, tezliklə Azərbaycan qazının Serbiyadan nəqli ilə bağlı işlərə də başlanılacaq. SOCAR-ın vitse-pre­zidentinin müavini Vitali Bəylərbəyov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında bildirib ki, bununla da, “mavi yanacağ”ın Serbiya ərazisindən nəqli üzrə əməkdaşlıq genişləndiriləcək və yaxın aylarda bu istiqamətdə fəaliyyətə başlanılacaq. 

Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən il dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan qaz interkonnektorunun açılış mərasimində iştirak edib. Dövlət başçısı mərasimdəki çıxışında Azərbaycanın Serbiya və Bolqa­rıstanla münasibətlərinin strateji əməkdaş­lıq və dostluq prinsipləri əsasında inkişaf etdiyini bildirib. Xatırladaq ki, Serbiya ilə Bolqarıstanın qaz şəbəkəsini birləşdirən interkonnektorun illik ötürücülük gücü 1,8 milyard kubmetrdir. Bu, Serbiyanın illik qaz tələbatının 60 faizi deməkdir. İnterkon­nektor Bolqarıstan vasitəsilə Serbiyanın Yunanıstan ərazisindəki maye qaz termi­nallarına çıxışını da təmin edir ki, bu da ölkənin Rusiyadan olan qaz asılılığını ciddi şəkildə azaltmasına imkan verəcək.

Yeri gəlmişkən, təbii qaz sahəsində tərəfdaşlıqdan başqa SOCAR həm də Ser­biya bazarına xam neft ixrac edir. Bu ilin ilk altı ayında Serbiyaya xam neft tədarü­künün 2023-cü illə müqayisədə, təxminən, iki dəfə artdığını diqqətə çatdıran V. Bəy­lərbəyovun dediyinə görə, SOCAR bunun­la Azərbaycan ilə Serbiya arasında əmək­daşlığa töhfə vermək niyyətindədir. 

Xatırladaq ki, 2020-ci il dekabrın 31-də Trans-Adriatik Boru Kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının Avropada­kı istehlakçılara çatdırılmasına başlanılıb. İlk vaxtlardan Yunanıstan, İtaliya, sonra isə Bolqarıstan, Rumıniya və Macarıstan ölkə­mizdən qaz alıb. Bu ildən isə Serbiyanın da bu siyahıya daxil olması ilə Azərbaycanın ixrac coğrafiyası bir qədər də genişlənib. Göründüyü kimi, Azərbaycan qazına “köh­nə qitə”də böyük ehtiyac var. Bununla belə, Avropadakı bəzi dairələrin ölkəmizlə enerji əməkdaşlığı, xüsusən də qazın tədarükü ilə bağlı qeyri-müəyyən fikirləri təəssüf doğu­rur. Məsələn, bəziləri Azərbaycanı Panav­ropa qaz təchizatçısı adlandırdıqları halda, digərləri lazımi infrastrukturun yaradılma­sı sahəsində heç bir iş görmək istəmirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzu­sunda 2-ci Şuşa Qlobal Media Forumunda bu məsələdə riyakarlığa son qoyulmasının vacibliyini diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib: “Avropa bir tərəfdən bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avro­paya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən onlar bunu maliyyələşdirmirlər. Onlar istəyirlər ki, biz Cənub Qaz Dəhlizini genişləndirək, 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər, söhbət TANAP-dan gedir. TAP-ı 10 milyarddan 20 milyard kubmetrə çatdıraq. Biz oraya milyardlarla pul yatırmalıyıq. Onlar gözləyirlər ki, biz oraya milyardlarla vəsait yatıraq. Eyni zamanda, deyirlər ki, on ildən sonra Avropa İttifaqının qaza ehti­yacı olmayacaq. Yəni, biz ağılsızıq ki, on­ların ehtiyacı olmayacağı qaza on milyard dollarlarla vəsait qoyaq?!”.

Bununla yanaşı, Prezident İlham Əliyev deyib ki, Azərbaycan qazının Av­ropaya nəqlini iki dəfə artırmaq Bakının hədəfidir və bu istiqamətdə işlər irəliləyir: “2021-ci ildə biz Avropaya 8 milyard ku­bmetr qaz nəql edirdik. Bu il təkcə Avro­paya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 21 milyard kubmetr olacaq. 2027-ci ilin sonuna qədər biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resursların Avropaya mövcud nəqliyyat şəbəkəsi – Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır”, – deyə dövlətimizin başçısı əlavə edib.

Energetika Nazirliyinin proqnozlarına əsasən, 2030-cu ildə Azərbaycanda əmtəə­lik qaz hasilatı 45 milyard kubmetrə qədər artacaq. Bu həcmə nail olmaq çox realdır, çünki yataqlar işlənir, zəruri sərmayələr qoyulur.

İqtisadiyyat