Azərbaycan Transqafqaz daşımalarının baş yoludur

post-img

Ötən 6 ayda ərazimizlə 7,8 milyon ton yük aparılıb

Bu ilin I yarısında Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 7,8 milyon ton olub. Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakı­da keçirilən 8-ci iclasında bu barədə məlumat verən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov daha son 20 ildə Azərbaycan nəqliyyat infrast­rukturuna böyük investisiyalar yatırıldığını, geosiyasi vəziyyətin dəyişməsi fonunda respublikamızın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə, xüsusilə Orta və Şimal–Cənub dəhlizlərinə marağın artdığını, Azərbaycan tərəfdaşları ilə birlikdə Orta Dəhlizin daha da inkişafı üçün intensiv iş apardığını bildirib.

Tranzit yüklərin daşınmasında əldə edilən uğurlar isə təbii ki, bu sahəyə yönəldilən böyük həcmdə sərmayələrin, o cümlədən, nəqliyyat sektorunda reallaşdırılan islahatların, respubli­kamızın beynəlxalq nəqliyyat dəhlizlərinin for­malaşması prosesinə fəal şəkildə qoşulmasının məntiqi nəticəsidir. 

Yerüstü Nəqliyyat Agentliyindən aldığımız məlumata əsasən, Azərbaycanın beynəlxalq yükdaşımalarda fəaliyyəti son illərdə güclənib, beynəlxalq avtomobil daşımalarına yönəldilən nəqliyyat vasitələrinin sayı isə kəskin çoxalıb. Buna isə nəqliyyat sektorunda şəffaflaşma­nın diqqət mərkəzində saxlanılması, “kölgə”­də fəaliyyət göstərən daşıyıcıların qeydiyyata alınmasına xüsusi önəm verilməsi, fəaliyyətsiz daşıyıcıların işinin bərpası, habelə bəzilərinin daxili bazardan beynəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələrinin hesabına nail olunub.

Şübhəsiz ki, bütün bu uğurları, ilk növ­bədə, Prezident İlham Əliyevin mövcud sahəyə göstərdiyi diqqət və qayğı şərtlən­dirib. Bu fikrin təsdiqi olaraq bir faktı xa­tırlatmaq istərdik. “Azərbaycan Respub­likasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 24 fevral tarixli Qanunun icrası ilə əlaqədar imza­ladığı 29 mart 2023-cü il tarixli Fərmanla beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi sahəsində gömrük orqanları üzərinə düşən vəzifə ləğv olunub. Eyni zamanda, beynəlxalq daşıma­larla bağlı nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə “Döv­lət rüsumu haqqında” qanunla müəyyənləş­dirilən dövlət rüsumu da aradan qaldırılıb. 

Beləliklə, beynəlxalq daşımaların işti­rakçısı olan respublikamıza məxsus avto­mobil daşıyıcılarının Azərbaycanın geniş nəqliyyat-logistika imkanlarından fəal və səmərəli istifadəsinə əlverişli şərait yara­dılıb. Bu cür qayda beynəlxalq daşımalar bazarında milli daşıyıcıların payının artma­sı və beynəlxalq səviyyədə rəqabətliliyin yüksəlməsi ilə nəticələnib.

Ölkəmizin tarixi İpək yolunun üzərində yerləşməsi, Şərqlə Qərb, eləcə də Şimalla Cənub arasında səmərəli körpü rolunu oy­naması və bütün bunların respublikamızın beynəlxalq nəqliyyat dəhlizlərində yük­sək uğurlar əldə etməsi ilə nəticələnməsi barədə Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır… Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox fay­damız olar, bir o qədər də çox iş yerlərimiz olar”.

Bu baxımdan tranzit potensialının re­allaşdırılması istiqamətində irimiqyaslı layihələrin həyata keçirilməsi “Azərbay­can Dəmir Yolları” QSC-nin fəaliyyətinə də müsbət təsir göstərib. Adıçəkilən quru­mun məlumatına əsasən, son 15 il ərzində ölkəmizdə dəmir yolları ilə yükdaşımaların həcmində böyük artım qeydə alınıb. Bu artımı davamlı etmək üçün mövcud dəmir yolu xətləri yenilənib, eyni zamanda, yeni yollar salınıb. Xatırladaq ki, cari ilin may ayında Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi başa çatdırılaraq bu marşrutla yükdaşımalara start verilib. Ötü­rücülük qabiliyyəti 1 milyon tondan 5 mil­yon tona qədər artırılıb. 

Şimal-Cənub Nəqliyyat Dəhlizinin in­kişafı üzrə may ayında Azərbaycanın As­tara rayonunda yük terminalı yenilənərək istifadəyə verilib, yükaşırma potensialının ilin sonuna qədər 1 milyon tona qədər ar­tırılması planlaşdırılıb. Ümumilikdə, cari ilin yanvar-iyun aylarında 9,3 milyon ton­dan çox yük daşınıb ki, bunun da 3,9 mil­yon tona yaxını konteyner yükləri də daxil olmaqla tranzit yükü olub. Tranzit yükda­şımalar ötən illə müqayisədə 8 faizdən çox artıb.

Transxəzər Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) səmərəliliyinin artması da diqqət mərkəzində saxlanılır. Bununla bağlı Dünya Bankının (DB) yaydığı məlumata əsasən, bu maliyyə qurumu Orta Dəhlizin səmərəliliyini yüksəltmək üçün Azərbay­can, Qazaxıstan və Gürcüstana bütün nəq­liyyat şəbəkəsi üzrə yüklərin izlənilməsi imkanının təminini tövsiyə edib. Bunun üçün həm dəmir yolu, həm də Xəzər dəni­zi ilə daşımaları əhatə edən vahid elektron sənəd dövriyyəsinə keçidin gerçəkləşdi­rilməsi zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda, logistik qovşaqların yaradılması hesabına yüklərin konsolidasiyası, dəmir yolu nəqliyyatına keçidə yardım göstəril­məsi və Şərqlə Qərb arasında yük axınla­rının balansının yaxşılaşdırması əhəmiyyəti vurğulanıb. Bundan başqa, yekun nəqliyyat tariflərinin şəffaflığı və bu məsələdə proq­nozlaşdırmaya üstünlük verilməsi də önə çəkilib. 

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştira­kı ilə yaradılıb. Sonradan layihəyə Ukray­na, Rumıniya və Polşa qoşulub. 

Hazırda marşrut Çin-Qazaxıstan sərhə­dindən başlayır və Qazaxıstan, Xəzər dəni­zi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün mar­şrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Orta Dəhlizlə bağlı bir məqamı da vur­ğulamaq istərdik. Belə ki, Çini Avropa İtti­faqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən bu dəhliz ölkəmizin iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. Bu layihə ilə əlaqə­dar fəaliyyətin gücləndirilməsi Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan üçün mühüm önəm daşıyır. 

İqtisadi baxımdan səmərəli, siyasi cəhətdən də xüsusi əhəmiyyətə malik Orta Dəhliz Avrasiya regionunda son illər ən çox müzakirə olunan məsələlərdən biridir. Çinin “Bir kəmər, bir yol” layihəsinin bir hissəsi kimi bu dəhliz, həmçinin tarixi İpək yolunun ən mühüm komponentlərindən biri kimi dəyərləndirilir. Buna görə də Orta Dəhliz üzrə tranzit müddətinin 2024-cü ildə 18-23 gündən 14-18 günə, o cümlədən Qazaxıstan ərazisində 6 gündən 5 günə en­dirilməsi planlaşdırılır.

Onu da xatırladaq ki, 2023-cü ildə Orta Dəhliz çərçivəsində yükdaşımaların həc­mi, təqribən, 90 faiz artaraq 2 milyon tonu keçib. Yeri gəlmişkən, 2022-ci ildə marşrut üzrə yükdaşımaların həcmi 2,5 dəfə artaraq 1,5 milyon tona çatıb. Mövcud marşrutlara ciddi alternativ kimi dəyərləndirilən dəhli­zin ümumi ötürücülük qabiliyyəti isə il ər­zində 5,8 milyon ton yükə hesablanıb.



İqtisadiyyat