Hazırda bütün dünyada atmosfer havasına atılan karbon emissiyalarının əsas mənbəyi avtonəqliyyat vasitələri sayılır. Hətta mütəxəssislər hesab edirlər ki, avtomobillər stasionar mənbələrdən, o cümlədən zavod və fabriklərdən atmosferə daha çox zərərli tullantılar atır.
Azərbaycanda da bu sahədə vəziyyət ürəkaçan deyil. Müşahidələr göstərir ki, hazırda ölkədə və paytaxtda atmosfer havasına atılan çirkləndirici maddələrin əksəriyyəti məhz avtonəqliyyatın payına düşür. Artıq ölkəmizdə bu zərərli tendensiyanın qarşısını almaq məqsədilə bir sıra zəruri tədbirlər görülür. Məlum olduğu kimi, artıq bir ildən çoxdur ki, xaricdən ölkəmizə buraxılış tarixi 10 ili ötmüş avtomobillərin idxalı qadağan edilib. Bununla yanaşı, ekoloji cəhətdən təmiz olan elektrik mühərrikli avtomobillərin idxalı üçün bir sıra güzəştlər nəzərdə tutulub. Məsələn, bütün elektrik mühərrikli avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən azaddır. Bununla yanaşı, yaşı 3 ilə qədər olan elektromobillər 15 faiz gömrük rüsumundan azad olunub. Elektriklə işləyən elektromobillər üçün enerji doldurucularının idxalı və satışı zamanı isə həm ƏDV, həm də gömrük rüsumu tələb olunmur.
Bu sahədə növbəti addımlardan biri də yerüstü ictimai nəqliyyatın, xüsusən də avtobusların müasir dövrün ekoloji standartlarına uyğunlaşdırılması ilə bağlıdır. Artıq xaricdən ölkəmizə gətirilən elektrikli avtobuslar sınaq məqsədilə xəttə buraxılıb. Bununla yanaşı, hazırda belə avtobusların Azərbaycanda istehsalının təşkili istiqamətində də bir sıra zəruri addımlar atılır. Ölkənin avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə bugünlərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, inin “BYD Company Limited” və “SARDA Group” şirkətlərinə məxsus “Electrify Azerbaijan” arasında Anlaşma Memorandumu imzalanıb.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramovun sosial şəbəkə hesabında yazdığına görə, memorandum Sumqayıt Kimya Sənaye Parkının ərazisində elektrobus istehsalı zavodunun tikintisini nəzərdə tutur. Onun sözlərinə görə, ilkin mərhələdə zavodda ildə 150-200 ədəd elektrobus istehsal olunacaq ki, bu da daxili tələbatı qarşılamaqla yanaşı, Azərbaycanın ixrac potensialının artırılmasına imkan yaradacaq. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi də geniş açıqlama yayıb. Nazirliyin məlumatına əsasən, imzalanma mərasimi Nazirlər Kabinetində Baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə baş tutub. Bildirilib ki, işbirliyinə dair sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien unlon və “Electrify Azerbaijan” MMCnin direktoru Tariyel Rüstəmov imzalayıblar.
Qeyd edək ki, çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşdırılmasını nəzərdə tutur. Sazişin məqsədi Azərbaycanda elektrik nəqliyyatı infrastrukturunun inkişafı, sərnişinlərin rahatlığının təmin edilməsi və ətraf mühitə zərərli təsirin azaldılması, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır.
Yeri gəlmişkən, sözügedən müqavilənin Azərbaycanın evsahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə ərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP 29 ərəfəsində imzalanması ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə üzrə qlobal səylərə sadiqliyini bir daha göstərir. Nazirliyin məlumatında, həmçinin bildirilir ki, saziş çərçivəsində BYD şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də investisiya qoymağı nəzərdə tutur. Belə ki, şirkətlə 202-ci ildən aşağı tonnajlı yük elektrik avtomobillərinin, kommunal təsərrüfat üçün elektrik mühərrikli avtonəqliyyat vasitələrinin, elektrik mühərrikli minik avtomobilinin istehsalı, 2028-ci ildən isə elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahələrdə əməkdaşlıq planlaşdırılır. Bu layihələr üzrə yaradılacaq birgə müəssisə tərəfindən, ümumilikdə, təqribən 0 milyon ABŞ dolları məbləğində əlavə investisiyanın qoyulması planlaşdırılır.
Bir məqamı da qeyd edək ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə bundan sonra elektrik mühərrikli avtobusların BYD şirkətindən alınmasına qərar verilib. Azərbaycanda elektrik mühərrikli avtobus istehsalı müəssisəsi fəaliyyətə başladıqdan sonra isə tələbat daxili istehsal hesabına ödəniləcək. Birinci mərhələdə “BakuBus” MMC tərəfindən BYD şirkətindən 10 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldurma aparatı alınacaq. Avtobusların bu il oktyabrın 31-dək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.
Çin şirkəti ilə əməkdaşlıq çərçivəsində, həmçinin gələn il yerli istehsalın qurulması və ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması planlaşdırılır. Bununla yanaşı, layihə dəstək mexanizmləri, birgə müəssisənin maliyyələşdirilməsi, əqli mülkiyyət hüquqlarının verilməsi və s. kimi məsələləri özündə ehtiva edir. Lokallaşdırılmanın 2030-cu ilədək avtobusların ümumi maya dəyərinin 40 faizini təşkil etməsi nəzərdə tutulur. Layihə ilə bağlı müqavilənin isə cari ilin sentyabr ayında imzalanması planlaşdırılır.
Ölkədə elektrik avtobuslarının istehsalı layihəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı kimi iştirak edəcək. Layihə üzrə BYD şirkətinin Azərbaycandan olan tərəfdaşı “SARDA Group” şirkətlərinə məxsus “Electrify Azerbaijan” MMC-dir. BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli avtobusların istehsalına yaradılacaq birgə müəssisə tərəfindən, təqribən, 34 milyon ABŞ dolları həcmində investisiyanın qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 500 ədəd olması nəzərdə tutulur. Layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması da planlaşdırılır.
Qeyd edək ki, 1995-ci ildə yaradılmış BYD şirkəti ötən il 3 milyon ədəd yeni enerji avtomobilinin rekord satışını həyata keçirməklə dünya birincisi olub. BYD, həmçinin avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bərpaolunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünya miqyaslı aparıcı texnologiya şirkətlərindən biri hesab olunur.
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ