COP29 Azərbaycanı qlobal ekoloji savaşın ön mövqeyinə çıxarıb

post-img

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un keçirilməsi Azərbaycana beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirməyə müsbət təsir göstərəcək, eləcə də iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə böyük töhfə verəcək.

Rusiya BMT-yə Yardım Assosiasiyası sədrinin birinci müavini, mumdünya BMT Assosiasiyaları Federasiyasının vitse-prezidenti Aleksey Borisov bununla bağlı Azərbaycan mediasına müsahibəsində qeyd edib ki, İqlim Dəyişikliyi Konfransı COP qlobal dünya əhəmiyyətli tədbirdir. ünki iqlim dəyişmələri ətraf mühitə, iqtisadiyyata, insanların sağlamlığı və təhlükəsizliyinə ciddi təhdiddir. COP ölkələrə bir araya gəlməyə, iqlim dəyişmələri problemlərini müzakirə etməyə, istixana qazlarının həcminin azaldılması üçün birgə hərəkətlər barədə tədbir və qərarları qiymətləndirməyə, yenilərini qəbul etməyə əlverişli şərait yaradır.  

Bütün bu qeyd edilənlər deməyə əsas verir ki,   əsas beynəlxalq ekoloji sazişlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə ərçivə Konvensiyasının  və Paris İqlim Sazişinin həyata keçirilməsi üzrə danışıq prosesinin ali orqanıdır. Bu gün  həm də ona görə mühüm önəm daşıyır ki, dövlət başçıları, nazirlər, digər dövlət xadimləri, eləcə də biznes, vətəndaş cəmiyyəti, akademiya, media və  gənclər daxil olmaqla iqlim gündəliyinin geniş aktorlar dairəsini bir araya gətirir. İqlim probleminin həlli məqsədilə məhz belə sahələrarası yanaşmaya ciddi  zərurət duyulur. 

COP29 iqlim böhranından əziyyət çəkən cəmiyyətlər üçün yüksək dəyərləndirilir. Azərbaycanda keçiriləcək bu nüfuzlu tədbir artıq haqlı olaraq “maliyyə müşavirəsi” də adlandırılır, çünki məhz cari ilin noyabr ayında  iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv razılaşdırılma gözlənilir.

İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsində yeni hədəf isə inkişaf etmiş dövlətlər tərəfindən aşağı gəlirli ölkələr üçün nəzərdə tutulan maliyyə öhdəliyinin gerçəkləşdirilməsidir. Bu məsələdə problem ondan ibarətdir ki, 2009-cu ildə vəd edilən bütün vəsait ayrılmamışdı, bu da iqlim dəyişikliyi ilə mübarizənin ciddi şəkildə ləngiməsinə gətirib çıxardı. Ancaq iqlim böhranından əziyyət çəkən cəmiyyətlərdə inkişaf etmiş ölkələrin maliyyələşmə ilə bağlı verdikləri  vəd və öhdəliklərin  COP29-da tam həcmdə yerinə yetiriləcəyinə böyük ümid bəslənilir.

Ekspertlər sözügedən konfransda təkcə maliyyə deyil, daha geniş sahədə digər məsələlərin də yüksək səviyyədə müzakirə olunacağını düşünür,  Azərbaycanın bu istiqamətdə qətiyyətli addımlar atacağına,  bununla da  bütün dünya üçün əhəmiyyətli sayılan iqlim təşəbbüsləri ilə çıxış edəcəyinə böyük ümid bəsləyirlər.

Bu gün karbon neytrallığına nail olmağın zəruriliyinə artıq heç kimin şübhə ilə yanaşmadığını vurğulayan ekspertlər, eyni zamanda, müxtəlif tipli iqtisadiyyata malik ölkələrə iqlim fəlakətinin qarşısının alınması üçün nəyi və necə etmək lazım olduğu ilə bağlı razılığa gəlməyin çətinliyi faktına da diqqət çəkirlər. Məsələn, mumdünya BMT Assosiasiyaları Federasiyasının vitse-prezidenti Aleksey Borisovun fikrincə, iki qütbün toqquşması göz önündədir. Birinci tərəf, ilk növbədə, Avropa İttifaqı ölkələri və ABŞ  2050-ci ilə qədər sürətləndirilmiş enerji keçidinə və karbon neytrallığına nail olmaqda israrlıdırlar. Onlar istixana qazları emissiyalarının karbohidrogenlərin hasilatı və istifadəsi sahəsində “keçid” layihələri hesabına azaldılmasına nail olmağı yolverilməz hesab edirlər. 

İkinci qütbdə dayanan dövlətlər-inkişaf etməkdə olan ölkələr isə 200–2070ci illərə qədər karbon neytrallığına nail olmaq şərtilə iqtisadiyyatın inkişafının xüsusiyyətini nəzərə alan daha yumşaq keçidin tərəfdarıdırlar. ünki bu yol inkişafda olan ölkələrə enerji və resurs səmərəliliyi istiqamətdə hərəkət edərək iqtisadiyyatı yenidən qurmağa imkan verəcək, eləcə də düşünülmədən sürətləndirilən enerji keçidini şərtləndirəcək sosial-iqtisadi risklərin səviyyəsini azaldacaq.

Ekspert rəyi

Respublikamızın bərpaolunan enerji potensialı əsasında istehsal edilən “yaşıl sərvət”in tezliklə ixracının həyata keçirilməsi, ölkəmizin bu sahədə genişmiqyaslı uğurlu layihələr reallaşdırması Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasından xəbər verir. Bu eranın əvvəlində  Azərbaycanın COP29-a evsahibliyi hüququ qazanması həm ölkəmizə etimad göstəricisi kimi diqqət çəkir, həm də qarşıya qoyulan vəzifənin – 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji payının respublikamızda 30 faizə çatdırılmasının gerçəkləşdiriləcəyi əminliyini ifadə edir.      

Belə bir  tədbir Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə həyata keçirdiyi layihələrin beynəlxalq aləmdə  tanınmağına və bu sahənin sürətli inkişafına yeni investisiyaların cəlb olunmasına əlverişli imkan yaradır. Respublikamız  neft-qaz ölkəsi olmaqla yanaşı, iqlim dəyişiklikləri ilə bağlı çağırışlara da yüksək səviyyədə  reaksiya verir. Belə ki, 2030-cu ilə qədər istilik effekti yaradan qazların həcminin ölkəmizdə 35 faizə qədər azaldılması nəzərdə tutulur. O cümlədən, sürətlə bərpaolunan enerji sahələri yaradılır və 2030-cu ilə qədər istehsal edilən elektrik enerjisinin 30 faizinin “yaşıl enerji” üzərinə keçirilməsi ilə bağlı könüllü öhdəlik diqqətdə saxlanılır. Bu məqsədlə günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı layihələr davamlı olaraq  reallaşdırılır. Ölkəmizdə “yaşıl enerji” sahələrinin genişləndirilməsi ilə əlaqədar təcrübəsi olan dünyanın aparıcı şirkətləri ilə sazişlər imzalanır.  

Azərbaycanda qlobal istiləşmə ilə mübarizədə respublikamızın etibarlı enerji tərəfdaşı və beynəlxalq birliyin məsul üzvü kimi rolunu nümayiş etdirən “yaşıl enerji” layihələri uğurla həyata keçirilir. 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Sammitinə sədrlik edəcək ölkəmiz bu nüfuzlu tədbiri iqlim dəyişikliyinə qarşı birgə mübarizədə beynəlxalq əməkdaşlığın reallaşdırılması üçün mühüm platforma olaraq dəyərləndirir.

Göründüyü kimi, neft-qaz ölkəsi olan Azərbaycan “yaşıl enerji” növlərinin yaradılmasını və onun dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyənləşdirib. COP29-un Bakıda keçirilməsi qərarının verilməsi, habelə beynəlxalq aləmdə razılıqla qarşılanması da məhz vurğulanan siyasətdən qaynaqlanıb. Şübhəsiz ki, bu zaman Prezident İlham Əliyevin bu sahədə – bərpaolunan enerji potensialının gerçəkləşdirilməsi ilə bağlı məqsədyönlü fəaliyyəti də əsaslı rol oynayıb.

Samir HEYDƏROV ,

iqtisadçı-ekspert



Siyasət