İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə makroiqtisadiyyat, ticarət və investisiya sahələrində praktika meneceri Antonio Nusifora ilə görüşündə adıçəkilən beynəlxalq maliyyə qurumu ilə səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
İqtisadiyyat Nazirliyinin məlumatında daha sonra bildirilir ki, görüşdə Dünya Bankı ilə Azərbaycan arasında investisiya mühitinin əlverişliliyinin daha da artırılması, dövlət-özəl sektor tərəfdaşlığı, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı barədə ətraflı danışılıb.
Bütün bunlarla bərabər, ölkəmizdə sosial-iqtisadi inkişaf prioritetlərinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda, respublikada aparılan iqtisadi islahatların beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyi və Azərbaycanın iştirakçısı olduğu nəhəng layihələrin regionda dayanıqlı inkişafı şərtləndirdiyi diqqətə çatdırılıb.
Tərəflər ticarətin şaxələndirilməsi, “yaşıl” keçid, iqlim, COP29 və digər məsələlərlə bağlı əməkdaşlığın inkişafını müzakirə ediblər.