Rusiyanın şimal paytaxtında XXVII Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) işə başlayır.
AZƏRTAC xəbər verir ki, iyunun 5-8-də keçiriləcək forumda təxminən 130 ölkədən nümayəndələrin iştirakı gözlənilir.
Ənənəyə uyğun olaraq, XXVII Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclası Rusiya Prezidenti Vladimir Putinin çıxışı ilə açılacaq.
Forum “Çoxqütblü dünyanın əsası – yeni inkişaf nöqtələrinin formalaşdırılması” devizi altında keçiriləcək.
Forumun tematik sessiyalarında iştirakçılar qlobal və Rusiya iqtisadiyyatının inkişafı, qlobal enerji bazarının transformasiyası, iqlim gündəmi, sosial siyasət, mədəni və humanitar əməkdaşlıq, MDB, Aİİ, BRICS, ŞƏT və ASEAN kimi birliklər çərçivəsində işgüzar əməkdaşlığın dərinləşdirilməsi məsələlərinin geniş spektrini müzakirə edəcəklər.
Tədbirin işgüzar proqramı dörd tematik bloku - “Dünya iqtisadiyyatının çoxqütblü modelinə keçid”, “Rusiya iqtisadiyyatı: yeni dövrün məqsəd və vəzifələri”, “Liderliyi təmin edən texnologiyalar” və “Prioritetlər - sağlam cəmiyyət, ənənəvi dəyərlər və sosial inkişaf” mövzularını ehtiva edir.
Forum çərçivəsində “Rusiya-Azərbaycan”, “Rusiya-İran”, “Rusiya-Qazaxıstan”, “Rusiya-Çin”, “Rusiya-Qırğızıstan” və digər biznes-dialoqlar keçiriləcək.
Ənənəyə uyğun olaraq, Peterburq forumu platformasında “Biznes iyirmiliyi” Regional Məsləhətləşmə Forumu (B20), Beynəlxalq Gənclər İqtisadi Forumu, KOBİ Forumu, Yaradıcı Biznes Forumu, “Dərman təhlükəsizliyi” forumu, həmçinin “SPIEF Investment & Business Expo” sərgisi keçiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva