Elektromobillər və “yaşıl” hədəflər

post-img

Dünyada elektrik avtomobillərinə maraq artır. Satılan avtomobillərin 5 faizi onların payına düşür. Amma son vaxtlar “köhnə qitə”də elektromobillərlə bağlı problemlər üzə çıxıb. Məsələn, Almaniya avtomobil istehsalçısı “Mercedes-Benz” 2030-cu ilə qədər tamamilə elektrikli avtomobillərə keçmək barədə qərarını dəyişib və benzinlə işləyən avtomobillərə qayıdır! Bəs yaşıl gündəm – Avropa Komissiyasının (AK) qeyd etdiyi yüksək hədəflər?!

Qeyd edək ki, AK 2035-ci ildən ben­zin və dizellə işləyən avtomobillərə qa­dağa qoyub. Müxtəlif alman avtomobil istehsalçıları daxiliyanma mühərriklərin­dən qurtulmaq və 2030-cu ildən yalnız elektromobillərin istehsalına keçmək öh­dəliyi götürmüşdülər. Bundan sonra “Volk­swagen”, “Audi” və “Mercedes-Benz” şirkətləri istehsalı genişləndirdilər. 2030-cu ilə qədər Almaniya hökuməti ölkə avtobanlarında 15 milyon elektromobilin (indiki 1,4 milyona qarşı) olacağını vəd etdilər. İndi isə “Mercedes-Benz” qəflətən öz öhdəliyindən imtina edir və benzinlə işləyən daxiliyanma mühərrikli avtomo­billərin istehsalına qayıdır. Nə baş verdi? Bunun izahı məşhur “bazar hər şeyi həll edəcək” ifadəsindədir. 

Səbəblər müxtəlifdir. Birinci səbəb: Çin bazarı daha ucuz elektrik avtomo­billəri ilə doldurub və Avropa məhsulla­rını rəqabətsiz hala gətirib. İkinci səbəb elektromobillərin qiymətinin benzinlə işləyən avtomobillərə nisbətən daha tez və nəzərəçarpacaq dərəcədə aşağı düş­məsidir. “Auto Trader” onlayn avtomobil satış platformasının araşdırması göstə­rir ki, elektrik avtomobilləri üç il istifadə müddətində dəyərinin yarısını itirir. 

Üçüncü səbəb: Batareyaların məh­dud ömrüdür. Orta hesabla batareyaların istifadə müddəti təxminən 8 ildir. Bu müd­dətdən sonra onlar dəyişdirilməlidir. Yeni akkumulyatorun qiyməti bəzi hallarda 40 min avroya çatır. 

Digər səbəblər də var. Bu, elektrik avtomobilləri üçün yanacaqdoldurma məntəqələrinin azlığıdır. Şarj aparatla­rı (enerjidoldurma aparatları) ilə bağlı problemlər hələ də qalmaqdadır. Bəzi küçələrdə səkilərə belə aparatlar quraş­dırılıb. Lakin yolun kənarında saxlanılan maşınlar elektrik avtomobillərinə şarj aparatından istifadə etməyə imkan ver­mir. 

Bundan başqa, elektromobillərin mü­hərriklərinin akkumulyatorları və digər mühüm ehtiyat hissələrinin istehsalında daha çox litium və ağır metallardan isti­fadə olunur. Bu resursların əldə edilməsi isə heç də ekoloji cəhətdən təmiz şəkildə baş vermir. 

Eyni zamanda, hazırkı elektromobil­lərin digər mühərriklərə nisbətən havaya üç dəfə çox radioaktiv tullantılar burax­ması da müəyyən edilib. Nəticədə Avro­pa avtomobil bazarında elektromobillərə maraq azalır, satışı isə hər il aşağı dü­şür. 

Bəs ölkəmizdə elektrik avtomobillə­ri ilə bağlı vəziyyət necədir? Bu barədə tanınmış mütəxəssis Elməddin Muradlı ilə görüşüb söhbət etdik. O bildirdi ki, Azərbaycanda Avropadan fərqli olaraq elektriklə işləyən avtomobillərə maraq getdikcə artır. Çünki yanacağın, sürtkü yağlarının, ehtiyat hissələrin bahalaş­ması fonunda elektromobillər insanlar üçün daha cəlbedicidir. Nəzərə almaq lazımdır ki, onlar həm də müasir avto­mobillərdir. Yəni istehsal ili yeni olan av­tomobillərdir. Yeni avtomobillərdə həm komfort var, həm təhlükəsizlik məsələlə­ri öndədir. Hər il avtomobil istehsalçı­ları təhlükəsizlik məsələsinə daha çox diqqət ayırırlar. 

Ekspertin sözlərinə görə, elektromo­billərlə bağlı fikirlər nə qədər haçalansa da, bu sahənin böyük gələcəyə malik ol­duğu danılmazdır: “Bu gün dünyada elə bir şirkət varmı ki batareyaları daha zərər­siz formada utilizasiya edə bilsin. Hazırda yoxdur. İstənilən halda elektrikli avtomo­billərə ümumi yanaşma müsbətdir. Yenə də insanlar ona maraq göstərirlər. 

E.Muradlı sonra dedi: – Sadəcə Azər­baycanda şarj aparatları ilə bağlı prob­lemlər var. Enerjidoldurma stansiyaları çox deyil. Bununla bağlı hökumət tərə­findən müvafiq tapşırıqlar verilib. Aidiy­yəti qurumlar bunun üzərində işləyirlər. Hesab edirəm ki, bütün yanacaqdoldur­ma məntəqələrində enerjidoldurma stan­siyaları yaradılmalıdır. Bundan başqa, yeni tikililərin həyətində belə stansiyalar quraşdırılmalıdır. Komfortlu bu xidməti də yaratsalar, yaxşı olar”.

P.ƏFƏNDİYEV
XQ

İqtisadiyyat