Büdcə tərəqqinin baş generatorudur

post-img

2024-cü ilin ötən dövründə ölkəmizdə müasir iqtisadi yanaşmaların diqqətdə saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin gücləndirilməsi, şəffaflığın artırılması kimi mühüm addımların davam etdirilməsi dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafı bir qədər də sürətləndirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında Azərbaycanda 38 milyard 181,9 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. Hesabat dövründə iqtisadiyyatın qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 24 milyard 247,3 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 7,7 faiz artıqdır. 

Bu ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çoxalması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin sonlarında verilmiş proq­nozun yenilənməsi və ÜDM-in əvvəlki proqnozla müqayisədə 3 milyard manat artırılması 2024-cü ilin dövlət büdcəsin­də əlavə maliyyə resurslarının forma­laşdırılmasını və bölünməsini gündəmə gətirib. Bu səbəbdən də dövlət büdcə­sinə yenidən baxılmasına zərurət ya­ranıb. Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin büdcə gəlirlərinin mövcud vəziyyəti və dinamikası əlavə maliyyə tə­minatının formalaşdırılması üçün etibarlı zəmin yaradır.

Bununla yanaşı, qurum dövlət büd­cəsinə yenidən baxılmanı şərtləndirən amilləri də açıqlayıb. Həmin amillərdən biri Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçi­rilməsi üçün əlavə maliyyə təminatının yaradılması ilə bağlıdır. Bununla yanaşı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi­nin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyə­tinin və milli təhlükəsizliyinin möhkəm­ləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdi­rilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatı­nın formalaşdırılmasına zərurət yaranıb. Büdcəyə yenidən baxılmanı şərtlən­dirən amillərdən biri də yeni infrastruktur layihələrinin (avtomobil yollarının tikinti­si, elektrik şəbəkəsinin gücləndirilməsi, suvarma və irriqasiya sistemlərinin yax­şılaşdırılması və s.) həyata keçirilməsi, habelə beynəlxalq fəaliyyət və tədbir­lər üzrə xərclər, dəmir yolu vasitəsilə şəhərətrafı sərnişin daşınması və digər daşımalar üzrə subsidiyaların verilmə­si, nəqliyyat vasitələrinin utilizasiyası fondunun xərcləri və digər zəruri əsaslı alışlar üzrə əlavə maliyyə təminatının yaradılmasından ibarətdir. 

Azərbaycanın dövlət büdcəsinin gə­lirlərində və xərclərində gözlənilən ar­tıma gəlincə isə, Maliyyə Nazirliyindən bildirilib ki, ölkəmizin yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon ma­natdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq. 

Beləliklə, yenidən baxılma ilə 2024-cü il icmal büdcənin gəlirləri 43 milyard 480 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nis­bətən 4 milyard 482,5 milyon manat və ya 11,5 faiz çoxdur. İcmal büdcənin xərcləri 45 milyard 591,8 milyon manat proqnozlaşdırılır. Bu isə təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 215,6 milyon manat və ya 7,6 faiz çoxdur. Eyni zamanda, bu rəqəm 2023-cü ilin icra göstəricisinə nisbətən isə 5 milyard 258,5 milyon manat və ya 13 faiz artıq­dır. İcmal büdcə 2 milyard 111,8 milyon manat kəsirlə proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş kəsirə nisbətən 1 mil­yard 267 milyon manat və ya 37,5 faiz azdır. Müvafiq olaraq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 5,9 faiz bənd artacaq, cari xərclərin xü­susi çəkisi 3,8 faiz bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 2,1 faiz bənd azalacaq.

İcmal büdcənin tərkibinə daxil olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin gəlir­ləri cari ilin təsdiq olunmuş göstərici ilə müqayisədə 2 milyard 36 milyon manat və ya 16,9 faiz artaraq 14 milyard 109,2 milyon manat məbləğində nəzərdə tutu­lur. Bu il ARDNF-nin büdcəsinin xərcləri isə 12 milyard 866,7 milyon manat təş­kil edəcək ki, bu da əvvəlcədən təsdiq olunmuş göstəricisi ilə müqayisədə 4,7 milyon manat çoxdur. Yeri gəlmişkən, bu il ARDNF-dən dövlət büdcəsinə 12 mil­yard 781 milyon manat transfert nəzərdə tutulub. 

Bununla yanaşı, Azərbaycan Res­publikası Əmək və Əhalinin Sosial Mü­dafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 30 milyon ma­nat (0,4 faiz) artırılmaqla 6 milyard 949,9 milyon manat, İcbari Tibbi Sığorta Fon­dunun gəlir və xərcləri bərabər olaraq 38,9 milyon manat (1,4 faiz) artırılmaqla 2850,3 milyon manat təşkil edəcək. İş­sizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri isə təsdiq olunmuş məbləğdə, yəni 238 milyon manat proqnozlaşdırılır.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərcləri təsdiq olunmuş 7 milyard 788 milyon manata qarşı 9 milyard 902,7 milyon manat və ya 2 milyard 114,7 milyon manat (27,2 faiz) çoxdur. Yeri gəlmişkən, Vətən mühari­bəsindən ötən müddət ərzində işğaldan azad olunan ərazilərin yenidən qurulma­sı və bərpası istiqamətində mühüm la­yihələr reallaşdırılıb. Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zən­gəzur iqtisadi rayonundakı bərpa-quru­culuq işlərinə dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 3 milyard 825 milyon manat vəsait nəzərdə tutulduğu halda, yenidən baxılma nəticəsində bu məbləğin 4 milyard 855,8 milyon manata çatdırılması nəzərdə tutulub. 

Dövlət büdcəsinə yenidən baxılarkən ölkə iqtisadiyyatının aparıcı sahələrin­dən sayılan kənd təsərrüfatı üçün də əlavə vəsaitin ayrılması məqsədəuyğun hesab edilib. Belə ki, 2024-cü il üzrə dövlət büdcəsindən sözügedən sahəyə 1 milyard 102,6 milyon manat vəsait ay­rılmışdısa, yenidən baxılmadan sonra bu vəsait daha 100 milyon manat artırılaraq 1 milyard 202,6 milyon manata çatdırı­lacaq. 

2024-cü ilin büdcəsində müdafiə və milli təhlükəsizlik, əsas bölmələrə aid edilməyən xidmətlər, məhkəmə haki­miyyəti, hüquq-mühafizə və prokurorluq, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri­nin də əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Bununla belə, ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu), səhiyyə, sosi­al-müdafiə və sosial təminatla bağlı əv­vəlcədən nəzərdə tutulmuş xərclərin bir qədər azaldılması, təhsil, mənzil və kom­munal təsərrüfatı, eləcə də ətraf mühitin mühafizəsi xərcləri isə təsdiq olunmuş məbləğdə proqnozlaşdırılır.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat