İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazı Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədovun jurnalistlərə bildirdiyinə görə, Azərbaycanın işğaldan azad edilən ərazilərində keçmiş məcburi köçkünlərin məskunlaşdırılması, eyni zamanda, yeni iş yerlərinin yaradılması istiqamətində qısa müddətdə genişmiqyaslı layihələr reallaşdırılıb. Təkcə bu yaxınlarda Ağdam rayonunda yerləşən Şahbulaq daş karxanasının istifadəyə verilməsi ilə 227 nəfər işlə təmin edilib. Bunun uğurlu bir göstərici olduğunu deyən Ə.Məmmədov həmin müəssisə tam gücü ilə fəaliyyətə başlayandan sonra iş yerlərinin sayının daha da artacağını vurğulayıb.
İdarəsi rəisi Kəlbəcər və Laçında 5 kiçik su elektrik stansiyasının bərpasının yaxın vaxtlarda başa çatdırılacağını, Xankəndi şəhəri, Xocavənd, Xocalı və Ağdərə rayonlarında bir sıra təsərrüfat subyektlərinin fəaliyyətə başlayacağını, ümumiyyətlə, cari il ərzində Qarabağda 45 təsərrüfat subyektinin işə salınacağını da diqqətə çatdırıb. Ə.Məmmədov hazırda bu iqtisadi rayonda fəaliyyət göstərən 25 təsərrüfat subyektində 50 faizdən çoxu məcburi köçkün olmaqla 252 nəfərin işlə təmin edildiyini bildirib.
Ümumilikdə, Qarabağın yaşayış sahələrində cari il ərzində 70 obyektin istifadəyə verilməsi nəticəsində 1009 iş yerinin açılacağı nəzərdə tutulur. Bu ərazilərdə məskunlaşma prosesi ilə yanaşı bütün sahələrin iqtisadi aktivliyinin artırılması paralel şəkildə həyata keçirilir.
Qarabağ iqtisadi rayonunda özəl sektorun inkişafının diqqətdə saxlanılması yeni iş yerlərinin açılmasını sürətləndirir. Azərbaycanın işğaldan azad olunan ərazilərində fəaliyyət göstərmək üçün müraciət edən sahibkarların sayının artıq 2 mini keçməsi də bunun bariz ifadəsidir. Ə.Məmmədovun sözlərinə görə, müraciətlərin yarıdan çoxu investisiya yönümlüdür. “Bu müraciətlər üzrə ümumi dəyəri 575 milyon manat olan layihələrin 299-u icra edilir. Hazırda fəaliyyət göstərən 219 layihənin 89-u Qarabağda, 130-u isə Şərqi Zəngəzur iqtisadi rayonunda reallaşdırılır. Bütün layihələr gerçəkləşdirildikdən sonra 1879 şəxsin işlə təmin ediləcəyi nəzərdə tutulur”.
Bugünədək Şərqi Zəngəzur iqtisadi rayonunda 11 müəssisə qeydiyyata alınıb ki, bunun da 10-u rezident, 1-i isə qeyri-rezidentdir. Layihələrin ümumi investisiya dəyəri isə 68 milyon manat təşkil edir.
Burada 708 şəxs işlə təmin ediləcək. Hazırda 1 müəssisə fəaliyyət göstərir. Bu il isə daha 2 müəssisənin fəaliyyətə başlayacağı gözlənilir. Şərqi Zəngəzurda fəaliyyət göstərmək üçün daha 9 müraciət daxil olub ki, bu müraciətlər də bilavasitə rezident statusu almaq üçündür.
Xatırladaq ki, Şərqi Zəngəzur iqtisadi rayonuna Cəbrayıl, Qubadlı və Zəngilan rayonları daxildir. Bu bölgə əlvan metallurgiyanın inkişafı üçün böyük potensiala malikdir. İqtisadi rayon həm də coğrafi mövqeyinə və tarixi abidələrinə görə turistik əhəmiyyət daşıyır. Məlum olduğu kimi, bu ərazidə İstisu, Minkənd kimi mineral bulaqlar və meşələr var ki, sözügedən rayon kurort məqsədləri üçün ideal bir məkandır.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə sahibkarların daha səmərəli fəaliyyətləri üçün müəyyən güzəştlər yaradılıb. Məsələn, bir sıra iş adamlarının (rezidentlərin) maliyyə çıxışı artıq həll edilib. Onlara hökumət tərəfindən 500 milyon manat həcmində kredit portfeli təqdim olunub. Həmin kreditlərin 450 milyon manatına dövlət zəmanəti verilib.
Ə.Məmmədov qeyd edib ki, bu ərazilərdə fəaliyyət göstərən hər bir sahibkara 1 kreditin məbləği 5 milyon manatı keçməmək şərtilə dövlət zəmanəti əsasında verilir. Həmin kreditlər 7 il müddətinə ayrılır. Burada kredit faizlərinin subsidiyalaşdırılmasına əsas məsələ kimi yanaşılır, kreditlərin 10 faizə qədəri dövlət tərəfindən subsidiyalaşdırılır.
Bundan əlavə, sahibkarlıq fəaliyyəti üçün qoyulan investisiyanın əsas hissəsini təşkil edən kreditlərlə bağlı dövlət dəstəyi də artıq müəyyənləşdirilib. Azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlara kreditlər verilməsini dəstəkləmək məqsədilə Azərbaycan Prezidentinin 2023-cü il 9 yanvar tarixli Fərmanı ilə təsdiqlənən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” və ona əlavə olunmuş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” qəbul olunub.
Bu qayda Qarabağ və Şərqi Zəngəzur regionunda fəaliyyət göstərən biznes subyektlərinə verilən kreditlər üçün dövlət zəmanəti və alınan kreditlərin faizlərinin subsidiyalaşdırılması şərtlərini müəyyən edir. Dövlət zəmanəti ilə alınmış kreditlərdə zamin rolunu Maliyyə Nazirliyi oynayır.
İşğaldan azad olunan ərazilərdə tikinti fəaliyyəti ilə məşğul olan sahibkarlar, o cümlədən tikinti materiallarının istehsalı ilə məşğul olan özəl bölmə subyektləri dövriyyə vəsaitləri üçün müvəkkil banklardan 2 ildən daha uzun müddətə kredit cəlb edə biləcəklər.
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) məlumatında qeyd edilir ki, digər güzəşt isə subsidiyalarla bağlıdır. Belə ki, İKZF sahibkarlıq subyektinin əvəzindən müvəkkil banka 8 faiz bəndi həcmində subsidiya ödəmək səlahiyyətinə malikdir. Eyni zamanda, sahibkarlıq subyektinin investisiya təşviqi sənədi varsa, fond 10 faiz bəndi həcmində subsidiya vermək səlahiyyətinə də sahibdir.
Onu da qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu il fevral ayının əvvəlindən başlayaraq elektron kredit və zəmanət informasiya sistemi fəaliyyət göstərir. Artıq bu portal üzərindən müraciətlər qəbul edilir.
Ölkəmizin işğaldan azad olunan ərazilərində hazırda 31 rezident statusu alan sahibkarlıq subyektinə bütün vergi güzəştlərindən istifadə etmək şəraiti yaradılıb. Onlara əmlak, torpaq, mənfəət, fiziki şəxslərə münasibətdə gəlir vergisindən, sadələşdirilmiş, habelə dividendlərə görə vergilərdən azad olmaq imkanı verilib. Bütün bunlarla yanaşı, idxal edilən texnikaların, texnoloji qurğuların ƏDV-dən, habelə idxal məqsədli texnika, xammal və materialların gömrük rüsumundan azad edilməsi də diqqətdə saxlanılıb.
Hazırda məcburi dövlət sosial sığorta üzrə ödənişlərin subsidiyalaşması prosesi gedir və artıq rezidentlər bu imkanlardan istifadə edirlər.
Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iş yerlərinin yaradılması bu bölgələrdə fəaliyyət göstərən sənaye zonaları üçün prioritet istiqamətdir. Cari ilin sonuna qədər Ağdam Sənaye Parkında daha 6 müəssisənin fəaliyyətinin nəzərdə tutulması da bunun bariz ifadəsidir.
Xatırladaq ki, parkda 27 müəssisə qeydiyyatdan keçib ki, bunun da 21-i rezident, 6-sı isə qeyri-rezident statusludur. Onların layihələrinin ümumi dəyəri 195,5 milyon manatdır. Bu il artıq 1 müəssisə fəaliyyətə başlayıb, qeyd edildiyi kimi, 6 müəssisənin isə açılışı gözlənilir. Eyni zamanda, daha 10 müraciət üzərində iş gedir. Onların da 6-sı rezident statusu almaq üzrədir.
Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı işğaldan azad edilən ərazilərin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından mühüm önəm daşıyır.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı isə “Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılması haqqında” Prezident İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli Fərmanı ilə yaradılıb. Bundan əsas məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil olunması, eyni zamanda, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
Hazırda Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında rezidentlər üçün stimullaşdırıcı tədbirlərə üstünlük verilir. İşğaldan azad edilmiş ərazilərdəki Ağdam və Araz Vadisi sənaye parklarında isə əlavə güzəştlər də tətbiq edilir. Bunlara əsasən xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən azadolma aiddir.
Vaqif BAYRAMOV
XQ