II Qaregin – üzü libasından qara

post-img

Ermənistanda Azərbaycanla sülhün əldə olunmasına imkan verməyənlərin önündə revanşist düşüncələrlə yaşayan radikal müxalifətin və erməni apostol kilsəsinin dayandığı heç kimə sirr deyil. Din adına ləkə olan kilsənin fəaliyyəti tarixən belə olub. Erməni və Azərbaycan xalqları arasında fitnə-fəsad salınmasında, nifaq yaradılmasında da kilsənin mühüm rolu var. Keşişlər Rusiya və İran arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələrindən sonra bölgəyə köçürülmüş erməni əhalisini azərbaycanlılarla mehriban şəraitdə yaşamağa səsləmək əvəzinə aranı qızışdırmağa çalışıblar.

Aparılan tədbirlər çox keçməmiş “bəhrəsini” verib. Xalqlararası düşmən­çiliyin körüklənməsi 1905-1906-cı illər hadisələrinə gətirib çıxarıb. Kilsənin bu dəst-xətti sonrakı onilliklər ərzində də da­vam edib. Xaricdən dəstəklənən kilsənin daxildə güclü ideoloji iş aparması 1980-ci illərin sonlarında ermənilərin Qarabağda separatçı çıxışlarının başlanmasında özünəməxsus rol oynayıb. Münaqişə və sonradan müharibəyə çevrilən hadisələr erməni xalqına bəlalar gətirsə də, kilsə proseslərdən uduşlu çıxmağı bacarıb. Onlar bu müddət ərzində qanunsuz yolla böyük sərvət toplayıblar. Konstitusiyada kilsənin xüsusi imtiyazının olması onu qeyri-şəffaf fəaliyyət göstərməyə sövq edib. Məlumata görə, kilsə əldə etdiyi qa­zancdan illər boyu dövlətə ya vergi ver­məyib, ya da çox az ödəyib.

Kilsə hər zaman Azərbaycan və Tür­kiyə ilə münasibətlərin pis olmasından yararlanıb. Onlar özlərini hər zaman qonşu türklərə və azərbaycanlılara qar­şı düşmənçilik ideologiyası üzərindən formalaşdırıblar. Həmin qruplaşma­nın maddi sərvətlər əldə etməsi də bu əsaslar üzərindən olub. Cəmiyyətdən də düşmənçilik şüarları səsləndirmələri səbəbindən dəstək alıblar. İndi isə ke­şişlər Ermənistan rəhbərliyinin bu iki ölkə ilə münasibətləri yaxşılaşdırmaq kursu götürməsinin onları qazancdan məhrum edəcəyi qorxusundadırlar. Bu mənada, əslində, kilsənin Tavuş vilayəti üzrə arxi­yepiskop Baqrat Qalstanyanın timsalında qarşıdurmaya getməsi təəccüb doğur­mamalıdır. 

Ümumiyyətlə, kilsə, diaspor və Qa­rabağ klanı daşnak ideologiyasının təsiri altında olan qruplaşmalardır. Bu qruplaş­malar başa düşürlər ki, ölkəmizlə normal­laşma prosesi olarsa, sülh sazişi imzala­narsa, onların gəliri əldən çıxacaq, əsl simaları ifşa olunacaq. Nikol Paşinyan iqtidarının Bakı və Ankara ilə münasibət­lərdə konstruktiv mövqe tutması kilsəni, radikal müxalifəti, sözün əsl mənasında, təhdid edir. Onlar hər vasitə ilə düşmən­çiliyin, necə deyərlər, ömrünü uzatmağa çalışırlar.

Ancaq görünən odur ki, daha kilsənin əvvəlki yalanları işə keçmir. Eyni zaman­da, rəsmi İrəvan da Eçmiədzin qarşısın­da geri çəkilmək niyyətində deyil. Əksinə, onun qanunsuz əməllərini ifşa etməkdə israrlıdır. Bu, son etiraz aksiyalarının idarə olunmasında mühüm rola malik kil­sənin cəzalandırılması kimi də qəbul olu­na bilər. Bir neçə gün öncə parlamentdə etdiyi çıxışda Paşinyan kilsənin Ermənis­tanda ictimai rəyə ən böyük təsir agenti olduğunu və bunun aradan qaldırılacağı­nı deyib. 

Baş nazir bildirib ki, yaxın iki-üç ay ərzində kilsənin ictimai rəyə təsirlərinin aradan qaldırılması üçün qətiyyətli təd­birlər görüləcək. Onun sözlərinə görə, Ermənistanda tarix boyu din xadimləri gedib xaricdəki dini mərkəzlərdə təhsil alıb, qayıtdıqdan sonra isə agentlərə çevriliblər. Görünən odur ki, həmin ənənə indi də dəyişməyib. “Lakin biz yaranmış problemi iki-üç ay ərzində həll edəcəyik” – deyən Nikol bununla kilsəyə qarşı ciddi addımların atılacağının anonsunu vermiş olub.

Bugünlərdə Ermənistanın media orqanlarında və teleqram kanallarında kilsənin qanunsuz əməlləri ilə bağlı ar­dıcıl yazılar dərc olunur. Hayastanda populyar olan “Baqramyan 26” teleqram kanalında yerləşdirilmiş “Katolikos şam məsələsində dövləti necə aldatdı” sərlöv­həli məqalədə bildirilir: “Uzun müddətdir xalq arasında belə bir fikir formalaşıb ki, “müqəddəs Eçmiədzin”in birinci şəxsi şam satışından külli miqdarda gəlir əldə edir, ondan vergi tutulmur, şam biznesi isə “çirkli pulların yuyulması” üçün ciddi resursdur.

Qeyd edilir ki, mövcud hakimiyyət 2018-ci ildən bəri kilsəyə şamların satı­şının vergi uçotunu aparmağın mümkün olacağı müxtəlif mexanizmlər təklif edib, eyni zamanda, dövlət bunun kilsənin normal fəaliyyətinə təsir göstərməməsi üçün kömək edəcəyini açıqlayıb. Dövlə­tin təklifinin məqsədi vergitutmanın özü deyil, qeyri-şəffaf fəaliyyətlərin qarşısının alınması və “çirkli pulların yuyulması”na qarşı mübarizə idi: “Kilsə isə hökumətlə bu təklifləri dəfələrlə müzakirə edib və hər dəfə onları rədd edib. Və kilsə bir­dən, qəfildən bu barədə narahat olmağı dayandırdı. Mənbələrimiz xəbər verirlər ki, Ermənistana şam idxalı uzun müddət hökumətin sanksiyasına məruz qalan xeyriyyə idxalı kimi rəsmiləşdirilib. Lakin bu yaxınlarda katolikos II Qaregin ma­raqlı bir mexanizm ortaya atıb. Həmin mexanizm katolikosun dövləti qardaşı vasitəsilə aldatmasını nəzərdə tutur. Bu mexanizm vasitəsilə arxiyepiskop Yezras Rusiyadan Ermənistana şam gətirməyə və onu kilsəyə ianə kimi rəsmiləşdirməyə başlayıb. Bu halda, şamların, guya, Av­rasiya İqtisadi İttifaqı üzvü olan ölkənin ərazisində vergiyə cəlb edildiyi və buna görə də Ermənistanda vergiyə cəlb olun­madığı qeyd olunur”.

“Baqramyan 26” yazır: “II Qaregi­nin ətrafındakı arxiyepiskopların tez-tez “dövlət əbədi deyil, əbədi olan kilsəni gücləndirmək lazımdır” fikrini səslən­dirmələri təsadüfi deyil. Onların son həftələrdəki hərəkətləri çox güman ki, məhz bu məqsədə xidmət edir: Ermənis­tanda dövlət yox, erməni apostol kilsəsi­nin dini icması olmalıdır. Onlar isə guya, icmanın liderləridir”.

Onu da bildirək ki, Paşinyan bir müd­dət öncə sosial şəbəkələrdə milli dəyər­lərin yeni siyahısını dərc edib və bura erməni apostol kilsəsini, erməni katolik kilsəsini, erməni yevangelist kilsəsini və xristianlığı daxil edib. Teleqram ka­nalı qeyd edir ki, katolik və yevangelist kilsələrini erməni apostol kilsəsi ilə ey­niləşdirməklə, görünür, Paşinyan hazırda mövcud hakimiyyətə qarşı çıxan ruha­nilər arasında qarışıqlıq salmaq istəyib.

Yayılan bir məlumatda isə II Qaregi­nin sovet dövründə Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən həbs edildiyi, onun komitənin Kalininqradda yerləşən zirzə­misində 6 ay saxlanıldığı qeyd edilir. Bil­dirilir ki, katolikos bu tarixdən sonra dinə xidmət adı altında, əslində, ideologiyası elmi ateizm olan sovet quruluşuna xid­mət etməyə başlayıb.

Kilsənin və katolikosun qara əməllə­rini ardıcıl ifşa edən bloger Roman Bağ­dasaryanın “YouTube”da yerləşdirdiyi videoda səsləndirdiyi fikirlər də olduqca maraqlıdır. O bildirir ki, özünü din xadi­mi kimi qələmə verən və Moskvada 23 ildən artıq işləmiş arxiyepiskop Yezras Rusiyada reketçiliklə məşğul olan güclü cinayətkar mafiya yarada bilib. Bloger qeyd edib ki, Moskva yeparxiyası 1996-cı ildə Rusiya paytaxtında kilsənin inşasına başlayıb, lakin tikinti yalnız 2013-cü ildə başa çatdırılıb. Bu müddətdə kütləvi mə­nimsəmə halları olub. Bağdasaryan de­yib ki, ermənilər Moskvada özləri üçün 6 ay ərzində ticarət mərkəzi tikirlər, kilsə tikintisi isə 17 il davam edib. Onun söz­lərinə görə, II Qaregin və qardaşı Yezras kilsənin tikintisindən pul qazanmaq qəra­rına gəliblər və müxtəlif bəhanələrlə tikin­ti müddətini 20 ilə yaxın uzadıblar.

Göründüyü kimi, artıq Ermənistan media qurumları və blogerləri də kilsə­nin çirkin oyunlarını ifşa edirlər. Güman etmək olar ki, bu kimi fikirlər hayların dü­şüncəsində özünə möhkəm yer tapacaq və erməni xalqı mayın 26-da paytaxtda mitinq keçirmək istəyən qüvvələrə bir­dəfəlik “yox!” deyəcək. Əks-təqdirdə hay­ların iflası qaçılmaz olacaq.

Səxavət HƏMİD
XQ

Siyasət