Azərbaycanla sərhəd xətti – Ermənistandakı ajiotaj motivləri

post-img

Sülh istəməyənlərin “arqumentləri” 

Ermənistanda Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası fonunda qaldırılmış süni ajiotaj davam edir və davam etdikcə yeni “çalarlar” alır. Müxtəlif iddiaların səsləndiyini görürük. Belə təəssürat yaranır ki, başlanılmış işin sona çatmasını arzulamayanlar ciddi şəkildə hərəkətə keçiblər. Bəs, onların məqsədləri nədir? 

Əslində, nəyə nail olmaq istədiklə­ri məlumdur. Çalışırlar ki, ümumən sülh prosesi pozulsun. Bu düşüncə sahiblə­ri hər şeyi inkar edən arqumentlər irəli sürür, vəziyyətdən çıxış yolu müəyyən­ləşdirməyə gələndə dediklərinin heç bir məna daşımadığı görünür. 

Məlumdur ki, Ermənistan hakimiyyəti hələ delimitasiya və demarkasiya işlə­ri başlamazdan xeyli əvvəl sabiq SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1970-ci illərə aid xəritələrinin əsas gö­türülməsinin vacibliyini vurğulayırdı. Elə indinin özündə də mövcud istiqamət­də fikirlər səslənir. Hərçənd, hazırda məsələyə fərqli tərzdə yanaşıldığını söy­ləmək üçün əsaslar var. 

Hər bir halda, ölkəmiz öz maraqları üzrə çıxış edir və cəmiyyətimiz əmindir ki, görülən işlər xalqımızın mənafeyinə uyğundur. Yəni, bütün sahələrdə olduğu kimi, bu məsələdə də xalq-hakimiyyət vəhdəti, daha doğrusu, insanlarımızın öz hakimiyyətinə inamı var.

Ermənistanda isə durum tam fərqli­dir. Haqqında söz açdığımız ajiotaj da inam və etimad mühitinin olmamasın­dan qaynaqlanır. Elə “Vətən naminə Tavuş” adı ilə başlanmış hərəkatın sə­bəbi də məhz budur. Əlbəttə, başqa si­yasi səbəblər də öz yerində. Ancaq indi bilavasitə bu barədə fikir bildirməyə­cək, daha çox Ermənistanın ictimai rəyində demarkasiya və delimitasiya prosesinə zidd təmayüllərdəki ayrı-ayrı konkret elementlərdən söz açacağıq. 

Başlayaq, Ermənistan milli təhlükə­sizlik xidmətinin ehtiyatda olan zabitlər ittifaqı adlanan qurumun yaydığı bəya­natdan. Sənəddə bildirilir ki, Tavuşda aparılan delimitasiya və demarkasiya prosesi qondarmadır. Nə Sovet, nə də postsovet dövründə Kirants kəndi­nin Azərbaycanla ümumi sərhədi olub. Təşkilat SSRİ hökumətinin 1988-ci ildə Ermənistan və Azərbaycan hö­kumətlərinin protokolu ilə təsdiq edil­diyi bildirilən və hər iki respublikanın rəhbərlərinə verildiyi deyilən topoqrafik xəritəyə əsaslanmanı vacib sayır. Yeri gəlmişkən, həmin xəritəyə istinadın zə­ruriliyindən danışan başqa siyasilər də var. Belə təəssürat yaranır ki, mövcud istiqamətdə fikir bildirənlər eyni nöqtə­dən təlimatlandırılırlar. 

Ermənistan milli təhlükəsizlik xid­mətinin ehtiyatda olan zabitlər ittifaqı bildirib ki, 1988-ci ildə SSRİ Nazirlər Sovetinin üç qərarı əsasında sərhəd­lərin müəyyənləşdirilməsi başa çat­mışdı və bu, o vaxt qüvvədə olan qa­nunvericiliyə əsasən parlamentlər (Ali Sovetlər – red.) tərəfindən ratifikasiya olunmurdu. Buna görə də həmin sənə­də əsaslanmayaraq aparılan işlər, guya, Azərbaycanın delimitasiya və demarkasiya adı ilə Ermənistan ərazi­sini işğala məruz qoymasıdır: “Təkrar edirik: Kirants Ermənistanın tərkibində Azərbaycanla həmsərhəd kənd olub. Voskepar da eyni ilə. Qondarma de­markasiya zamanı Ermənistanın tor­paqları qanunsuz olaraq Azərbaycana bağışlanıb”.

Xüsusi xidmət üzrə sabiq erməni zabitləri onu da bildirirlər ki, hakimiyyət təmsilçilərinin baş qərargahın 1976-cı il xəritəsinə istinada dair fikirləri xalqı aldatmaqdır. Çünki həmin xəritələri respublikaların inzibati-ərazi bölgüsü, deməli, delimitasiya və demarkasiya üçün əsas deyil: “Bu xəritədən istifadə təslimçiliyi güzəşt kimi sırımağın mas­kalanmış üsuludur”, – deyən zabitlər tələb ediblər ki, 1976-cı ilin topoqrafik xəritəsi və onun istinad etdiyi hüquqi sənədlər tələb olunmalıdır. Ən əsası isə delimitasiya və demarkasiya işlə­ri 1929 və 1988-ci illərin xəritələri ilə aparılmalıdır. Yeri gəlmişkən, deyək ki, 1929-cu ildə Azərbaycandan alınıb Ermənistan SSR-ə verilmiş ərazilərdə hazırkı Meğri rayonu yaradılıb. O rayon ki, onun ərazisindəki 40 kilometrlik yol ölkəmizi qədim diyarımız Naxçıvandan ayırır. 

SSRİ Silahlı Qüvvələri Baş Qərar­gahının 1976-cı il xəritəsində Ermə­nistan SSR-in süquta uğradığı dövrdə qüvvədə olan hüquqi sərhədi əksini tapmır. Bunu konstitusiya məsələlə­ri üzrə mütəxəssis, politoloq Vardan Poqosyan deyib. Poqosyan bildirib ki, 1988-ci ildə Ermənistan və Azərbay­can arasında sərhədin dəqiqləşdirilmə­si və bərpası haqqında müvafiq pro­tokol imzalananda, bu sənəd əvvəlki razılaşmaların icrasını əks etdirmişdi və dərhal qüvvəyə minmişdi. Ekspertin sözlərinə görə, erməni hakimiyyətinin protokolun sabiq SSRİ Ali Sovetinin təsdiqinə təqdim edilmədiyi və onun əsasında heç bir xəritə tərtib olunmadı­ğı üçün etibarsız sayılması ilə əlaqədar arqumentləri yersizdir: “Onlar sadəcə yalan danışırlar. Əgər çətinlik çəkib heç olmasa, protokolun mətnini açsalar, orada işin bitdiyinə əmin olacaqlar. Bu protokol mahiyyətcə, bir növ, təhvil-qə­bul aktıdır. Çünki 1984-cü ilin dekabrın­dan 1988-ci ilin dekabrınadək fəaliyyət göstərən Ermənistan–Azərbaycan pa­ritet komissiyası yaradılmışdı. Xəritə bütün sərhədin delimitasiyası prosesini başa çatdırmışdı. Həmçinin, razılaşdı­rılmış sərhədin uzunluğu boyunca sər­həd nişanları quraşdırılmışdı”.

V.Poqosyan bildirib ki, Azərbay­canla Ermənistan arasındakı sərhədin uzunluğu 975 kilometrdir. Onun sözlə­rinə görə, 1988-ci ildə həyata keçirilmiş fəaliyyət çərçivəsində 1969-cu il sərhə­di bərpa edilməyib, sadəcə olaraq, bir sıra dəqiqləşdirmələr aparılıb, Ermə­nistanın və Azərbaycanın bəzi əraziləri dəyişdirilib. “Ərazilərin mübadiləsi Er­mənistanın və Azərbaycanın hökumət­lərinin qərarları əsasında aparılıb və ayrıca müfəssəl kartoqrafik diaqram­larda qeyd edilib”, – deyən V.Poqosyan vurğulayıb ki, 1988-ci il protokolunda həmin vaxtadək aparılmış bütün işlərin başa çatdırıldığı əksini tapıb. 

***

Sovet dövründəki sərhədləri əsas götürmək SSRİ-dəki bütün millətlərara­sı münaqişələri bərpa etmək deməkdir. Belə bir ambisioz fikri dilə gətirən isə Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyandır. Sabiq baş nazirin bildir­dikləri “kim güclüdürsə, o qazanmalı­dır” məntiqi ilə gedilməsini rəhbər tutur. O zaman X.Arutyunyan hazırda güclü tərəf olan Azərbaycanın öz üstünlüyü­nü ərazi üstünlüyünə çevirməsi ilə ra­zıdırmı? Bu şəxsin nəyi düşündüyü ilk baxışdan qeyri-müəyyəndir. Amma o deyir: “Sovet dövrünün inzibati sərhəd­lərinin təkrar istehsalının zəruriliyindən danışarkən, bu sərhədlərin nə olduğu­nu anlamaq lazımdır. Bu sərhədlər elə çəkilirdi ki, iki qonşu respublika ara­sında həmişə ərazi mübahisələri ya­ransın. Mahiyyət məhz bundan ibarət idi. Yerlərdə problemlər yaratmaq ki, Moskvanın təmsil olunduğu mərkəz prosesləri idarə etsin. Sovet dövrünün sərhədinin bərpası mövcud bütün mil­lətlərarası münaqişələrin bərpasına və dərinləşməsinə töhfə vermək demək­dir”.

Göründüyü kimi, sabiq baş nazirin dediklərində müəyyən reallıq payı var. O, SSRİ-nin dağılmasından sonra da ərazi mübahisələrinin və iddialarının davam etdiyinə diqqət çəkib: “Qırğı­zıstanın Qazaxıstana, Tacikistan və Özbəkistana, Özbəkistanın Qazaxısta­na, Estoniyanın Rusiyaya qarşı iddia­ları var. Elə bir postsovet respublikası yoxdur ki, qonşusu ilə ərazi mübahisə­si olmasın. Niyə? Bəli, ona görə ki, millətlərarası münaqişələrin mərkəz tərəfindən idarə olunması məqsədi ilə aparılan iş sərhədlərin formallaşması konsepsiyasını rəhbər tuturdu. Yəni, bu, sovet hökumətinin siyasətinin əsa­sını təşkil edirdi”.

Bəli, Arutyunyan keçmiş SSRİ-nin imperiya xislətli “parçala – hökm sür!” siyasətinin detallarını açıqlayır. O, eyni zamanda, vurğulayır ki, delimitasiya, xüsusən də düşmənçilik və qarşılıqlı etimadsızlıq şəraitində getməməlidir. Buna görə də onun sovet inzibati sər­hədlərinin təkrar istehsalı ilə heç bir əlaqəsi olmamalıdır. Bəs proses necə getməlidir, sabiq baş nazirin mövcud xüsusda da fikirləri var. 

Bölgədə uzunmüddətli və dönməz sülhün qəralaşması naminə ilkin şərtlər baxımından hazırkı delimitasiya prose­sinin yolverilməzliyini deyən sabiq baş nazir əmindir ki, sovet dövründə, istər 1976, istərsə də 1988-ci ildə, əsas ola biləcək heç bir xəritə yoxdur. O, nə üçün belə fikirdədir? Çünki “Bakı istə­nilən vaxt bəyan edə bilər ki, o, Sovet Azərbaycanının hüquqi varisi deyil”. Göründüyü kimi, X.Arutyunyan dest­ruktiv davranışın başlıca xətt kimi se­çilməsinin tərəfdarıdır. O, tipik erməni xislətini işə salır. Ancaq sabiq baş nazir öz aləmində çıxış yolu da müəyyənləş­dirir və deyir ki, regionda uzunmüddət­li sülhə nail olmaq üçün 2017-ci ildə ATƏT Katibliyinin delimitasiya və de­markasiyaya, təxirəsalınmaz vəzifələr və həll yollarına dair sənədi rəhbər tu­tulmalıdır.

Qeyd edək ki, X.Arutyunyanın dedikləri Ermənistan Milli Assamble­yasının bu il aprelin 30-da keçirilmiş iclasında yaşananlarla uyğundur. Hə­min gün deputatlar Ermənistan Res­publikası ilə Azərbaycan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyasına dair bəyanat layihə­sinin parlament iclasının gündəliyinə daxil edilməsinin əleyhinə səs ver­mişdilər. Layihənin müəllifi isə müxa­lif “Ermənistan” fraksiyası idi. Daha doğrusu, həmin fraksiyadan olan Artur Xaçatryan. 

Layihədə bildirilirdi ki, demarkasiya baxımından əsas 1993-cü ilin faktiki mövcud sərhədləri olmalıdır. Orada delimitasiyası üçün BMT Nizamnamə­sinin, Vyana Konvensiyasının, Helsin­ki Yekun Aktının və ATƏT Katibliyinin haqqında söz açdığımız sənədinin prinsip kimi götürülməsi təklif olunurdu. O da vurğulanırdı ki, delimitasiyanın əsası 24 sentyabr 1993-cü il tarixinə­dək olan sərhəddir. Yəni, Azərbay­canın MDB-yə daxil olduğu dövrdəki faktiki sərhəd. Bu isə o demək idi ki, ölkəmizin torpaqlarının işğalı faktı rəs­miləşirdi. Yəni, ortada belə bir həyasız­lıq əməli var idi. Əslində, keçmiş baş nazir X.Arutyunyanın ATƏT-in Katibli­yinin 2017-ci il sənədinə istinad etməsi də böyük ölçüdə həyasızlıqdır. 

Yekunda belə qənaətə gəlirik ki, Ermənistanda Azərbaycanla sülh prosesini, daha dəqiq desək, sülhün vacib komponenti sayılan delimitasi­ya və demarkasiya işlərini pozmağa yönələn qüvvələr hər gün özlərindən hoqqa çıxara, hansısa sərsəm fikirlər ortaya ata bilərlər. Başlıca məqam isə ölkə iqtidarının belə “yanaşmalara” nə dərəcədə əhəmiyyət verməsidir. Daha doğrusu, cəfəng fikirlər qarşısında geri çəkilməməsi, prinsipial mövqe tutma­sıdır. Nəzərə alaq ki, bu mövqedən nəinki Cənubi Qafqazda sülh mühitinin formalaşması, habelə Ermənistan adlı dövlətin gələcək varlığı asılıdır. Axı baş nazir Nikol Paşinyan özü demişdi ki, delimitasiya və demarkasiya prosesi­nin pozulması yeni müharibədir. Yəni, Ermənistan adlı dövlətin süqutunu do­ğuracaq savaş. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət