İğdır–Naxçıvan təbii qaz kəmərinin tikintisi ən qısa müddətdə tamamlancaq. Qaz kəməri bu ilin sonu, ya da gələn ilin əvvəlində istifadəyə veriləcək. Bununla da, növbəti qış fəslində təbii qazın İğdır–Naxçıvan boru kəməri vasitəsilə Türkiyə ərazisindən Naxçıvan Muxtar Respublikasına nəqli təmin ediləcək. Bu fikirləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib. Nazir, həmçinin deyib ki, iki ölkə arasında imzalanan anlaşmaya əsasən, 2030-cu ilə qədər Türkiyə və Avropaya nəql edilən Azərbaycan təbii qazının həcmi artırılacaq.
Xatırladaq ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində əməkdaşlıq Sazişi” iki gün əvvəl, mayın 14-də imzalanıb. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar tərəfindən imzalanmış sazişə əsasən, dost və qardaş ölkələr bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi və enerji təchizatı mənbələrinin şaxələndirilməsi üzrə əməkdaşlığı dərinləşdirəcəklər. İmzalanma mərasimində sənədin qaz hasil, nəql və istehlak edən ölkələr, onların vətəndaşları və müəssisələri üçün qarşılıqlı fayda verəcəyi qeyd olunub.
Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir ki, Türkiyədə iki ölkənin nazirləri arasında keçirilən görüşdə Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən genişmiqyaslı enerji layihələrinin regionun enerji təhlükəsizliyinin və Avropa ölkələrinə enerji təchizatı mənbələrinin şaxələndirilməsində mühüm rol oynadığı, iqtisadi inkişafa töhfə verdiyi diqqətə çatdırılıb.
Görüş zamanı tərəflər, həmçinin səmərəli enerji əməkdaşlığı, birgə reallaşdırılan layihələr və yeni tərəfdaşlıq imkanlarını müzakirə ediblər. Həyata keçiriləcək yeni iş birliyi istiqamətlərinin Azərbaycan və Türkiyənin strateji maraqlarına xidmət edəcəyinə və hər iki ölkəyə qarşılıqlı fayda gətirəcəyinə əminlik ifadə olunub. Birgə planlar və hədəflərin dostluq və əməkdaşlığa töhfə verəcəyi nəzərə çatdırılıb.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində əməkdaşlıq Sazişi”nin imzalanması ölkələrimizin iqtisadi gündəliyində yeni bir səhifədir”. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov görüşdən dərhal sonra X platformasındakı paylaşımında qeyd edib. “Bölgədə enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təchizatı mənbələrinin şaxələndirilməsində birgə addımlarımız qaz hasil, nəql və istehlak edən ölkələr, onların vətəndaşları və müəssisələri üçün qarşılıqlı faydaları təmin edəcək”,–deyə nazir qeyd edib.
Türkiyəynin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə X platformasında yazıb ki, İstanbulda görüşdən sonra dost və qardaş ölkə Azərbaycanla təbii qaz sahəsində yeni əməkdaşlıq müqaviləsi imzaladıq. “Müqavilə çərçivəsində biz Azərbaycan və Türkmənistan qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə çatdırmaq barədə razılığa gəldik. Biz həmçinin TANAP və Bakı–Tbilisi–Ərzurum təbii qaz boru kəmərinin imkanlarını artırmaq və Avropa ölkələrinə daha çox qaz çatdırmaq üçün birgə işləmək qərarına gəldik. Görüş münasibətilə ölkələrimiz arasında birbaşa təbii qaz əlaqəsini təmin edəcək İğdır–Naxçıvan təbii qaz boru kəmərini ən qısa zamanda başa çatdırmaq əzmində olduğumuzu da vurğuladıq”, – deyə türkiyəli nazir əlavə edib.
İğdır–Naxçıvan qaz kəməri üzrə Anlaşma Memorandumu 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb. Layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır–Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb.
Yeri gəlmişkən, hazırda Naxçıvan Muxtar Respublikasının illik qaz istehlakı 260–300 milyon kubmetr ətrafındadır. Bu isə mövcud tələbatdan bir qədər azdır. Mühüm infrastruktur layihəsi olan İğdır–Naxçıvan qaz kəmərinin fəaliyyətə başlaması ilə muxtar respublikanın “mavi yanacaq”la təchizatında əhəmiyyətli dəyişikliklər baş verəcək. Ekspertlər bildirirlər ki, İğdır–Naxçıvan kəməri təkcə Naxçıvanın qaz təchizatını şaxələndirməyə imkan verməyəcək, həm də onun bir mənbədən asılılığını aradan qaldıracaq. Eyni zamanda, kəmərin işə düşməsi muxtar respublikanın sosial-iqtisadi inkişafına təkan verəcək. Təsadüfi deyil ki, layihə ötən il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri sırasında yer alıb.
İğdır–Naxçıvan boru kəmərinin təməli isə 2023-cü il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Yeri gəlmişkən, iki ölkənin dövlət başçıları həmin gün mətbuata bəyanatlarında yeni infrastrukturun əhəmiyyətini xüsusi olaraq vurğulamışdılar. Azərbaycan Prezidenti İğdır–Naxçıvan qaz kəmərinin çəkilişini ölkələrimiz arasında qardaşlıq münasibətlərinin tarixində önəmli hadisə kimi dəyərləndirərək bunun əlaqələrimizə yeni təkan verəcəyini, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcəyini bildirmişdi. Türkiyə Prezidenti isə bəyanatında İğdır–Naxçıvan qaz kəməri layihəsinin iki ölkə arasında enerji sahəsində ortaqlığı daha da dərinləşdirəcəyi kimi, Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcəyini qeyd etmişdi.
Xatırladaq ki, layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən həyata keçirilir. Türkiyənin İğdır Vilayətindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna qədər olan boru kəmərinin uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Layihə çərçivəsində Dilucu məntəqəsində tikilən qazpaylayıcı stansiya 20 min kvadratmetr sahəni əhatə edir ki, bu da boru kəməri ilə qaz axını balansını təmin etməyə, “mavi yanacağ”ı Naxçıvana ən təhlükəsiz şəkildə daxil olmağa imkan yaradır. Eyni zamanda, boru kəməri ilə gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək mümkün olacaq ki, bu da Naxçıvanın təbii qaza tələbatını tam ödəyəcək. Gələcəkdə isə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
Mirbağır YAQUBZADƏ
XQ