Özəl bölməyə dövlət dəstəyi mexanizmi yeniləşdirilir
Son illərdə həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində ölkəmizdə özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Sahibkarlığa dövlət dəstəyinin daim diqqətdə saxlanılması qeyri-neft sektorunda müasir texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrin yaradılmasını, real sektora investisiya qoyuluşunun sürətlənməsini şərtləndirib. Özəl sektora dövlət maliyyə yardımı mexanizminin formalaşdırılması kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsini gerçəkləşdirib. Bu, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli maliyyələşmə mexanizmlərinin tətbiqi ilə reallaşıb. Adıçəkilən fondun vəsaiti qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6 faizi kiçik və orta sahibkarlıq subyektləridir və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisyalarda payı getdikcə artır. Kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin yüksəldilməsi, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, həmçinin institusional dəstək mexanizmlərinin formalaşdırılması məqsədilə nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb.
Bu gün ölkədə kiçik və orta biznesin (KOB) – sahibkarlığın tərəqqisi sosial-iqtisadi inkişaf strategiyasının ən prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlanılır, özəl bölmənin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir. KOBİA tərəfindən kiçik və orta sahibkarlıq subyektlərinin iqtisadiyyatda rolunun və rəqabət qabiliyyətinin, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi istiqamətində müxtəlif təşviq və dəstək mexanizmləri həyata keçirilir. KOB dostu ofisləri, KOB İnkişaf Mərkəzləri, KOB-lar üçün təhsil, elm, tədqiqat layihələrinin maliyyələşdirilməsi, Startap şəhadətnaməsinin verilməsi buna misal ola bilər.
KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır. Burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir.
Bu ilin birinci rübündə KOB evlərində sahibkarlara 99 mindən çox xidmət göstərilib. KOBİA-dan verilən məlumata görə, xidmətlərin 80 mindən çoxu “Bakı KOB evi”nin, 15 minə yaxını “Yevlax KOB evi”nin, 4 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşüb. Xidmətlərin 91 minə yaxınını dövlət qurumları (“G2B”), 9 minə yaxınını isə biznes qurumları (“B2B”) təqdim edib.
Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, mənşə sertifikatı, yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, kommunal və digər ödənişlər, biznes krediti üçün müraciət ediblər.
KOB evlərində, ümumilikdə, 52 dövlət və özəl qurum sahibkarlıq fəaliyyəti üçün zəruri olan 300-dən çox “G2B” və “B2B” xidmətləri göstərir. Ölkənin digər iri şəhər və rayonlarında da KOB evlərinin yaradılması istiqamətində işlər davam etdirilir.
Yeri gəlmişkən, hazırda kiçik və orta biznesin inkişafını sürətləndirmək məqsədilə sözügedən sahədə fəaliyyət göstərən subyektlərin vahid məlumat reyestrinin yaradılması ilə bağlı layihənin icrasına başlanılıb. KOBİA-dan verilən məlumata görə, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanunda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması nəzərdə tutulub. Bununla bağlı Azərbaycan Prezidentinin 13 may 2024-cü il tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə” təsdiqlənib. Sözügedən əsasnamədə reyestrin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsasları, o cümlədən reyestrin aparılması qaydası və bura daxil edilməli olan məlumatların siyahısı müəyyənləşdirilib.
Müvafiq əsasnaməyə uyğun olaraq yaradılacaq reyestr KOB-lar, onlara dövlət qurumlarının göstərdiyi xidmətlər və dəstək tədbirləri, fəaliyyətlərinin qiymətləndirilməsi nəticələri barədə məlumatların vahid elektron mənbədən əldə edilməsinə imkan verəcək. Reyestr ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin aparılması Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Reyestr KOB subyektləri barədə zəruri məlumatların operativ əldə olunmasına şərait yaradacaq, həyata keçirilən prosedurlar və onların nəticələrinin izlənilməsi mümkünlüyü ilə şəffaflığı təmin edəcək.
KOB subyektləri haqqında müxtəlif məlumatlar, o cümlədən subyektin adı, ünvanı, VÖEN-i, dövlət qeydiyyatına dair dövlət reyestrindəki məlumatlar, əlaqə vasitələri, meyarlara görə bölgü, verilmiş lisenziya və icazələr, fəaliyyət sahəsi, keçirilmiş yoxlamalar (monitorinqlər), dövlət qurumları tərəfindən reallaşdırılan qiymətləndirmənin nəticələri və s. reyestrdə öz əksini tapacaq.
KOB subyektləri, reyestrin informasiya proseslərində iştirak edən dövlət qurumları, KOB-lara dəstək infrastrukturunu təşkil edən qurumlar sözügedən reyestrdən istifadə edə biləcəklər.
Xatırladaq ki, reyestrin sahibi və operatoru KOBİA-dır. Reyestrdəki məlumatların əldə edilməsinə görə ödəniş tələb olunmur.
Kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən KOBİA isə bir müddət bundan əvvəl BMT-nin Qlobal Sazişinə qoşulub. Bununla da adıçəkilən agentlik BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq strategiya və fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq prinsiplərinə uyğunlaşdırmaq, KOB-ların inkişafına və yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərməklə qlobal davamlı inkişaf strategiyasına öz töhfəsini vermək imkanı əldə edib.
Qeyd edək ki, BMT-nin Qlobal Sazişi 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirir. Təşkilatın üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə, eləcə də “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.
Kiçik və orta biznes ölkə iqtisadiyyatında çevikliyi və dayanıqlılığı, məşğulluğu gerçəkləşdirmək, iqtisadi şaxələndirməyə əhəmiyyətli töhfə vermək baxımından mühüm önəm daşıyır. Sahibkarların iqtisadi inkişafda, xüsusilə işğaldan azad edilmiş ərazilərimizin reinteqrasiyasında fəal iştirakı isə bu gün xüsusi diqqət çəkir. Bu, düşməndən təmizlənən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında daha aydın nəzərə çarpır.
Hazırda Ağdam və Cəbrayılda yaradılan sənaye parkları və digər müəssisələrin səmərəli fəaliyyəti bunun bariz ifadəsidir. İş adamları üçün əlverişli investisiya imkanlarına malik bu sənaye zonaları iqtisadi potensialın reallaşdırılması üçün mühüm mexanizmdir. Başqa sözlə, bu əbədi-əzəli yurd yerlərimizin bəpasında sənayeləşmə siyasətinin uğurla yerinə yetirilməsi bölgənin resurslarından, iqtisadi imkanlarından yararlanmaqla Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradır.
Yeri gəlmişkən, işğaldan azad olunan ərazilərdə sənayeləşmə prosesinin mərhələli şəkildə reallaşdırılması nəzərdə tutulur. Abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün tikinti şirkətləri prosesə ilkin mərhələdə qoşulur. Çünki məskunlaşdırma üçün bu, ən önəmli məsələlərdən biridir. Ağdam və Cəbrayılda yaradılan sənaye parkları və digər müəssisələrin səmərəli fəaliyyəti, kənd təsərrüfatı məhsullarının emalı istiqamətində reallaşdırılan layihələr isə bu torpaqlada yaşayacaq sakinlərin ərzağa olan tələbatının ödənilməsi cəhətdən böyük əhəmiyyətə malikdir.
Vaqif BAYRAMOV
XQ