Mariya Zaxarova hansı məqamlara diqqət yetirib?
Qərb ikili standartlar siyasətini davam etdirir. Təəssüf ki, bu siyasətin tətbiq məkanı yenə də Cənubi Qafqazdır. Azərbaycanla bağlı məsələ aydındır. Məlumdur ki, ölkəmizə münasibətdə haqqında söz açdığımız yanaşma, demək olar, bütün istiqamətlərdə özünü göstərməkdədir. Mediadan tutmuş Qarabağ məsələsinədək bununla bağlı ən müxtəlif məqamları görmək mümkündür.
Bu qeydlərimizdə Qərbin ikili standartlar siyasətinin Ermənistana və Gürcüstana nəzərən təzahür formalarından danışacağıq. Hesab edirik ki, bu baxımdan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bildirdikləri aktualdır.
M.Zaxarova, konkret olaraq, Ermənistan və Gürcüstandakı etirazlarla bağlı Qərbin ikili standartlar siyasətinin ayrı-ayrı məqamlarına toxunub: “Bilirsiniz, biz həmişə deyirik ki, konkret ölkədə daxili siyasi həyat suveren dövlətin daxili işidir. Amma, bu halda Qərbin reaksiyası, həqiqətən, sabitliyi ilə diqqəti cəlb edəcək qədər təəccüblüdür. Fakt budur ki, bu, daha bir ikili standartdır və hər şeyi mükəmməl şəkildə nümayiş etdirir. Baxın, ABŞ və Avropa Birliyinin rəsmi nümayəndələri hər gün nümayişçilərə qarşı qəddar rəftar iddiası ilə Gürcüstan hakimiyyətinə hücum edirlər”.
Bəs Ermənistan kontekstində nə görürük? Zaxarovanın sözlərinə görə, Ermənistanda həyata keçirilən kütləvi həbslər fonunda Qərbin ölü susqunluğu müşahidə olunur: “Orada da kobud güc tətbiq edilir. Sanki Qərb bu gündəmdən kənarda qalıb. Onlar, belə demək mümkünsə, yalnız bir notu işə salırlar və qalan heç nə baş vermir”.
Rusiya XİN sözçüsü onu da bildirib ki, Amerika və Avropa mediası Gürcüstandakı nümayişləri təbliğ etmək üçün əllərindən gələni edirlər. Onlar elə səviyyədə xəbər verirlər ki, nümayişlərin iştirakçıları əsl qəhrəman kimi görünürlər: “Onları hesabatlarda və Qərbin əsas mediasının şərhlərində qanun çərçivəsində hərəkət edən nümayişçilər kimi təqdim edilirlər. Onlara hər şeyi bağışlayırlar, hansısa qanunsuz hərəkətlərə haqq qazandırırlar. Ümumiyyətlə, qanun pozuntularını görmürlər. Ermənistanda minlərlə insanın etirazına gəlincə, Qərbin ana xəbər axını onları ört-basdır edir. Guya, orada heç nə baş vermir. Yaxud elə tərzdə təqdim olunur ki, sanki, Ermənistanda yaşananlar erməni xalqının iradəsini əks etdirmir və kənardan təşkil olunub. Bu təəccüblüdür. Necə belə qiymət verilə bilir? Hətta bu, qiymətləndirmə də deyil. Belə təqdimat heç bir standartlara cavab vermir”.
Əlbəttə, M.Zaxarovanın Ermənistanda baş verənləri xalqın iradəsi kimi qiymətləndirməsinə diqqət yetirmək niyyətində deyilik. Məsələ burasındadır ki, İrəvandakı kütləvi etirazlarda xalq amili istisnadır. Fikrimiz heç Gürcüstanda yaşananların da xalqın iradəsinin məhsulu olduğunu söyləmək deyil. Başlıca məsələ haqqında söz açdığımız ikili standartlar siyasətindədir ki, Zaxarova həmin siyasətin təzahür formasına diqqət yetirmək baxımından haqlı sayıla bilər. Elə isə onun başqa nələrdən söz açdığına nəzər salaq.
M.Zaxarova Ermənistanda və Gürcüstanda yaşananlar məsələsində bir neçə misal çəkib. Xanım sözçü Avropa Komissiyasının mətbuat katibi Peter Stanodan və ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerdən sitat gətirib. “Onlar Tbilisidəki hadisələrdən danışırlar. Avropa Komissiyasının təmsilçisi deyib: “Biz Gürcüstan hökumətini insanların etiraz hüququnu təmin etməyə çağırırıq”. Amerika Dövlət Departamentinin rəsmiləri nə deyirlər? “Biz dinc etirazlara qarşı zorakılığı pisləyirik. Biz Gürcüstan hakimiyyətini dinc etiraz aksiyalarının iştirakçılarına ifadə azadlığı hüquqlarından istifadəyə davam etməyə imkan yaratmağa çağırırıq”. Ermənistan və ya başqa ölkələr haqqında nə deyirlər? Heç nə!”– deyən Zaxarova vurğulayıb ki, Qərb ikiüzlü qiymətləndirmələrindən qalmır və bu, hətta siyasi seçicilik də deyil. Bu, öz ölkəsində, xaricdə və beynəlxalq platformalarda ictimai rəyin manipulyasiyasıdır.
Ə.RÜSTƏMOV
XQ