Avropanın investisiya qurumunun ölkəmizlə əməkdaşlığı genişlənir

post-img

Bank respublika iqtisadiyyatına 3,6 milyard avro sərmayə yatırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azər­baycana investisiyaları artırmağı qarşıya önəmli və­zifə kimi qoyub. Bunu mediaya müsahibəsində AYİB-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Natalya Mouravidze bildirib. O, bankın region iqtisadiyyatına verdiyi töhfənin vacibliyini vurğulayaraq ölkəmizdə bu maliyyə qurumunun hazırkı layihələr portfelinin 937 milyon avro təşkil etdiyini qeyd edib.

“Təkcə ötən il AYİB tərəfindən Azər­baycan iqtisadiyyatına 156 milyon avro sərmayə qoyulub. Bankın ölkədə fəa­liyyət göstərdiyi 30 ərzində isə respub­lika iqtisadiyyatına 3,6 milyard avrodan çox investisiya yatırılıb”, – N.Mouravid­ze diqqətə çatdırıb. 

AYİB nümayəndəsinin sözlərinə görə, istər Gəncədə “yaşıl şəhər”ə, istər Qaradağda günəş elektrik stansi­yasına, istərsə də Abşeronda və Xızı­da tikilən ən böyük kommunal miqyaslı külək elektrik stansiyasına sərmayə qoyuluşunun mühüm aspekti “yaşıl iqtisadiyyat”ın inkişafına yönəldilən in­vestisiyaların diqqət mərkəzində saxla­nılmasıdır. Belə bir mövqe isə sözüge­dən maliyyə qurumunun Azərbaycanda investisiya fəaliyyətinin daha da geniş­ləndirilməsi planının dəyişməz olaraq qalmasından və bunun bankla ölkəmiz arasında iqtisadi inkişaf sahəsində strateji tərəfdaşlığı təsdiqləməsindən xəbər verir. Bir sözlə, AYİB respublika­mızın iqtisadi tərəqqisini və onun “yaşıl keçid” prinsipini dəstəkləməyə sadiqdir.

Xatırladaq ki, sözügedən müsahi­bədə beynəlxalq maliyyə qurumu ilə ölkəmiz arasında sıx əməkdaşlığı xa­rakterizə edən bir sıra digər məqamlar da öz ifadəsini tapıb. Məsələn, AYİB-in fəaliyyət prioritetlərində respublikamız üçün mühüm strateji əhəmiyyətli la­yihələrin maliyyələşdirilməsi, eləcə də maliyyə institutlarının və yerli bizne­sin dəstəklənməsi üçün Azərbaycanın dövlət və özəl sektorları ilə əməkdaşlıq perspektivləri xüsusi yer tutub. 

Qeyd edək ki, 29 fevral 2024-cü il tarixinə AYİB-in Azərbaycanda la­yihələrinin kredit portfeli 937 milyon avro məbləğində qiymətləndirilib, hə­min kredit portfeli isə 32 layihənin hə­yata keçirilməsi üçün nəzərdə tutulub.

Portfelin böyük hissəsi (90 faiz və ya 848 milyon avro) dayanıqlı infrast­ruktura, 7 faizi (64 milyon avro) səna­ye, ticarət və kənd təsərrüfatına, 3 faizi (26 milyon avro) isə maliyyə institutla­rına investisiyalara yönəlib.

AYİB-in məlumatına əsasən, bank indiyədək Azərbaycana 189 layihə çər­çivəsində 3 milyard 624 milyon avro həcmində investisiya yatırıb və sözü­gedən həcmin 83,6 faizi (3 milyard 24 milyon avro) borc götürənlər tərəfindən artıq xərclənib. Ümumi investisiyaların 26 faizi özəl sektorun payına düşüb.

Yeri gəlmişkən, AYİB-in ölkəmizə ciddi maraq göstərməsi bir sıra amil­lərlə əlaqədardır. Əvvəla, respubli­kamızın əlverişli coğrafi məkanda yerləşməsi, eləcə də tranzit yüklərin daşınması üçün müasir infrastruktura malik olması bu baxımdan diqqət çəkir. Belə bir əlverişli şərait səbəbindən mü­hüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycanla əməkdaşlıq etməyə calışan beynəlxalq maliyyə qurumlarının və dünya ölkələrinin sayı da ilbəil artır. AYİB-in respublikamızla yükdaşımalar sahəsində sıx əmək­daşlıq qurmasını da məhz bu məqam şərtləndirir. Bankla Azərbaycan İnves­tisiya Holdinqi arasında razılıq əldə edilməsi–niyyət sənədi imzalanması da bu məsələdən qaynaqlanır. Belə bir əməkdaşılıq mövcud nəqliyyat dəhliz­ləri üzrə Azərbaycanın dəniz, avtomo­bil və dəmir yolu nəqliyyatının iştirakı ilə multimodal daşımaçılığın səmərəlili­yini artıraraq iqtisadiyyatın şaxələndiril­məsinə mühüm töhfə verəcək. 

Qeyd edək ki, 2023-cü ildə ölkə ərazisindən keçən yüklərin həcmi 2019-cu illə müqayisədə 162 faiz arta­raq 5,1 milyon tondan 13,4 milyon tona yüksəlib. Hesabat dövründə dəmir yolu tranzit daşımalarının həcmi 2019-cu illə müqayisədə 76 faiz artırılaraq 3,8 milyon tondan 6,7 milyon tona çatdı­rılıb. Eyni zamanda, avtomobil nəq­liyyatı ilə tranzit yüklərin həcmində də nəzərəçarpacaq artım müşahidə edilib. Belə ki, 2023-cü ildə avtomobil nəq­liyyatı ilə tranzit daşımalarının həcmi 2019-cu illə müqayisədə 391 faiz arta­raq 1,3 milyon tondan 6,5 milyon tona yüksəlib.

Cari ilin yanvar-fevral aylarında isə respublikamızda avtomobil nəqliyyatı ilə 1,791 milyon dollar dəyərində 875 min ton idxal-ixrac yükü daşınıb. Döv­lət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,1 faiz və 15,3 faiz çoxdur. Hesabat dövründə idxal olunan yükün dəyəri 6,3 faiz, həcmi 12,5 faiz, ixrac olunan yükün dəyəri 11,7 faiz, həcmi isə 20,2 faiz artıb.

AYİB-in ölkəmizlə əməkdaşlığında əsas istiqamətlərdən biri də bərpao­lunan enerji layihələrinin həyata ke­çirilməsidir. Bank tərəfindən aparılan tədqiqatlar da bu sahəyə marağı güc­ləndirir. Belə ki, maliyyə qurumunun araşdırmalarında Azərbaycanda eko­loji cəhəfdən təmiz hidrogen istehsalı­nın məqsədəuyğun olması öz təsdiqini tapır. Bununla bağlı AYİB-in dəstəyi ilə Niderlandın tanınmış “Advision” şirkəti­nin respublikamızın hidrogen potensi­alının qiymətləndirilməsi ilə bağlı təhlili də mühüm önəm daşıyır. Başqa sözlə, adıçəkilən şirkətin hesabatında ölkəmi­zin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alır.

Azərbaycan 1992-ci ildən mərkəzi ofisi Böyük Britaniyada yerləşən AYİB-in üzvüdür. Bankın layihələrinin 50 faizi enerji sahəsini əhatə edir. Maliyyə qu­rumunun səhm fondunda Azərbaycan Dövlət Neft Fondunun 100 milyon dol­larlıq kapitalı saxlanılır. 

Böyük Britanıyanin paytaxtı London şəhərində 2019-cu ildə keçirilən AYİB-in Şərq Tərəfdaşlığı İnvestisiya Sam­miti çərçivəsində Azərbaycan Respub­likası Hökuməti ilə bu maliyyə institutu arasında ölkəmizin Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regi­onal Tərəfdaşlıq Fondunda (E5P) işti­rakı ilə əlaqədar ianə haqqında, həm­çinin respublikamızın AYİB-in donorları icmasına qoşulması ilə bağlı sazişlər imzalanıb. 

Adıçəkilən fondun əsas fəaliyyət is­tiqamətlərinə bərk məişət tullantılarının idarə edilməsi, küçələrin işıqlandırıl­ması, bərpaolunan enerji mənbələrin­dən, o cümlədən biotullantılardan isti­fadə, mərkəzi istilik enerjisi sisteminin inkişafı, su təchizatı və çirkab sularının təmizlənməsi, eyni zamanda, şəhər nəqliyyatının inkişafı, ictimai və yaşa­yış binalarında enerji effektivliyi tədbir­ləri kimi layihələrə maliyyə vəsaitinin ayrılması daxildir.

AYİB ölkəmizdə ən çox krediti enerji sahəsinə yönəldib. “Cənub Qaz Dəhlizi” QSC-yə 500 milyon ABŞ dolla­rınadək kredit ayırıb. Bu kredit TANAP layihəsi üzrə öhdəliklərin maliyyələşd­rilməsi üçün nəzərdə tutulub. Bank tex­niki yardımı ilə bərpaolunan enerji üzrə hərracların keçirilməsinə dair dəstək layihəsinin həyata keçirilməsinə də xü­susi əhəmiyyət verib. 

V.BAYRAMOV
XQ

İqtisadiyyat