İnvestisiya Şirkəti qeyri-neft sektorunu davamlı və əhatəli himayə edir

post-img

Qurum 1,6 milyard dollar investisiya ilə 2 minə yaxın iş yeri yaradacaq 

Fəaliyyətə başlamasından ötən 18 il ərzində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) xarici investorların ölkəmizə cəlbi və bu sahədə respublikamızın etibarlı tərəfdaş kimi tanıdılması, yeni iş yerlərinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirib. AİŞ idxaldan asılılığın azaldılması, yerli istehsala dəstək, eləcə də istehsal olunacaq məhsulların istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsi məqsədilə yerli və xarici tərəfdaşlarla birgə əczaçılıq, qida emalı, logistika, alternativ enerji, dağ-mədənçilik və s. sahələr üzrə bir sıra layihələr gerçəkləşdirib. Şirkət, eyni zamanda, biznes və investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, resurslardan səmərəli istifadə yolu ilə iqtisadiyyatda müsbət dinamikanın davamlılığına əlverişli zəmin yaradıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli iqtisadi islahat­lar həyata keçirilib, iqtisadiyyatın diver­sifikasiyası, dövlət-sahibkar münasi­bətlərinin inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması daim diqqət mərkəzində saxlanılıb.

Qeyri-neft sahəsinin inkişafı, yer­li və xarici investisiyaların ölkəmizə cəlb olunması, müasir texnologiya və biliklərin əldə edilməsi vasitəsilə ölkə iqtisadiyyatının modernləşdirilməsi və rəqabətədavamlılığının artırılma­sı məqsədilə yaradılan AİŞ də bu is­tiqamətdə öz töhfəsini verib, qurum strateji xəttinə uyğun olaraq, müddətli investisiya qoyuluşu həyata keçirib. Bununla yanaşı, şirkət digər kommer­siya təşkilatlarının nizamnamə kapita­lındakı iştirak payını (səhmlərini) alıb, həmçinin kapital paylara və səhmlərə bərabər tutulan digər investisiya alətlə­rindən yararlanıb. 

İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 2020-ci ildən etibarən sözügedən şirkətdə aparılan restrukturizasiya, habelə beynəlxalq təcrübənin mənimsənilməsi, müasir idarəetmə institutunun yaradılması, kadr potensialının təkmilləşdirilməsi nəticəsində yüksək göstəricilər əldə edilib, investisiya və risk siyasəti tək­milləşdirilərək müasir fəaliyyət stan­dartlarına uyğunlaşdırılıb. 

AİŞ portfel şirkətləri üçün 3 illik stra­teji inkişaf planı hazırlayaraq onların fəaliyyətinin idarəsi üçün yeni nəzarət mexanizmləri tətbiq edib və sahibkar­ların daha səmərəli iş modeli qurma­larına və korporativ idarəetmə stan­dartlarından yararlanmalarına dəstək göstərib. Şirkətin 2020-2022-ci illərdə audit olunun maliyyə hesabatlarına əsasən, qurum həmin dövr üzrə fəa­liyyətini 23,7 milyon manat xalis mən­fəətlə tamamlayıb və cari ilin əvvəlində ümumi investisiya portfeli 325 milyon manat təşkil edib.

İdxaldan asılılığın azaldılması, yerli istehsala dəstək, eləcə də istehsal olu­nacaq məhsulların istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsi məqsə­dilə 2020-2023-cü illər ərzində AİŞ tərəfindən yerli və xarici tərəfdaşlarla birgə əczaçılıq, qida emalı, logistika, alternativ enerji, dağ-mədənçilik və s. sahələr üzrə bir sıra layihələr həyata keçirilib. Məsələn, ölkəmizdə əczaçı­lıq sahəsinin inkişaf etdirilməsi üçün AİŞ və “Diamed Development Group” MMC arasında infuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb və 2023-cü il avqustun 15-də dövlət başçısı İlham Əliyev tərəfin­dən müəssisənin açılışı həyata keçiri­lib. Zavodda 51 nəfər daimi işlə təmin edilib. Yaxud, Azərbaycanda müstəqil­lik dönəminin tam istehsal prosesi olan ilk dərman zavodunun tikintisi və fəa­liyyəti məqsədilə Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti ilə AİŞ arasında müqavilə imzalanıb və hazırda zavodun tikintisi istiqamətində hazırlıq işləri tamamla­nıb. Burada 50 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

İçki istehsalı üçün xammal olan səməni arpasının emalı layihəsi üzrə İmişli rayonunda AİŞ, “AzərŞəkər” MMC və “Azərsun Kənd Təsərrüfatı Malları” MMC-nin birgə investisiyası ilə reallaşdırılacaq müəssisənin təməli qoyulub. Bundan əlavə, “AzərŞəkər” MMC ilə əməkdaşlığın davamı olaraq ölkəmizdə becərilən buğdadan daha yüksək dəyərə malik məhsulların alın­ması üçün buğdanın dərin emalı müəs­sisəsinin yaradılması istiqamətində iş­lər davam etdirilib.

AİŞ Balakən rayonunda yerləşən, müasir texniki avadanlıqlarla təchiz olunan, nəzdində yuyulma, soyulma, soyutma və qablaşdırma sexləri fəaliy­yət göstərən quru və yarımquru mey­vələrin istehsalı üzrə fəaliyyət göstərən “Balxurma” və “Balacans” şirkətlərinə sərmayə yatıraraq, bu qurumların is­tehsal etdiyi məhsulların regional ba­zarlara çıxışını asanlaşdırıb.

Bir müddət əvvəl AİŞ ixrac daşıma­larını optimallaşdırmaq, habelə yerli istehsal mallarını sərfəli vasitələrlə dünya bazarına çıxarmaq məqsədilə beynəlxalq logistika və daşıma sahə­sində fəaliyyət göstərən “Login Inter­national” şirkətinə sərmayə qoyub. Layihə, həmçinin beynəlxalq logistika sahəsində yerli sahibkarların rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyıb.

Avropa ölkələrinin qabaqcıl tex­nologiyalarına əsaslanan, Cənubi Qafqazda ilk alüminium içki qutularının istehsalı və doldurulması üzrə zavodun Azərbaycanda inşası məqsədilə AİŞ Macarıstanın tanınmış “HELL Energy” Şirkətlər Qrupu ilə “Quality Pack Cas­pian” MMC-ni təsis edib. 

Müəssisə fəaliyyətə başladıqdan sonra 280 nəfərin daimi iş yeri ilə təmin edilməsi gözlənilir. Hazırda layihələn­dirmə işləri yekunlaşdırılır və yaxın zamanda Ələt Azad İqtisadi Zonasında yerləşən zavodun tikinti işlərinə başla­nılması nəzərdə tutulur. 

İsrailin “OurCrowd” vençur şirkə­ti ilə əməkdaşlıq çərçivəsində AİŞ ilk dəfə “3D” soyuq çap texnologiyasın­dan istifadə etməklə polipropilen və polietilendən sənaye məhsullarının ha­zırlanması üzrə ixtisaslaşan “Largix” və elektrik avtomobillərdə etibarlı təhlükə­sizlik həllərini gerçəkləşdirən kibertəh­lükəsizlik platformasının inkişafında ixtisaslaşan “C2A Security” texnoloji startap layihələrinə investisiya yatırıb. 

Yuxarıda sadalananlarla bərabər, Yevlax Pilot Aqroparkın ərazisində ən son texnologiya və müasir proseslər­dən istifadə etməklə yerli damazlıq yumurta istehsalı zavodunun tikintisi məqsədilə AİŞ və İsrailin “AgriGo LTD” şirkəti arasında səhmdarlar müqaviləsi imzalanaraq cari ilin əvvəlində müəs­sisənin tikintisinə başlanılıb. 

Yeri gəlmişkən, 2020-2023-cü illər ərzində AİŞ-ə 200-dən çox investisiya layihəsinə dair müraciət daxil olub, təh­lillər nəticəsində 15 layihə ilə əlaqədar adıçəkilən qurumun Müşahidə Şurası tərəfindən investisiya qoyulmasına dair qərar qəbul edilib. AİŞ-də hər layihə üzrə analitik təhlillər aparılıb, bazar araşdırması həyata keçirilib. 

İqtisadiyyat Nazirliyinin məluma­tında bildirilir ki, qabaqcıl texnologiya­ların, avadanlıqların və nou-haunun xaricdən ölkəyə gətirilməsini təmin etmək, bu əsasda texnoloji strukturu yeniləmək, sənaye istehsalını canlan­dırmaq və artırmaq baxımından birba­şa xarici investisiyalar əhəmiyyətli rola malikdir. Bu cür investisiyaların cəlb edilməsi AİŞ-in prioritetlərindəndir. 

Hazırda şirkətin iştirak payı olan 15 layihədən 9-u xarici investisiya ya­tıran tərəfdaşlarla həyata keçirilir. Bu layihələrin icrası nəticəsində Azərbay­cana cəlb edilən birbaşa xarici investi­siya məbləği, ümumilikdə, 410 milyon manat təşkil edir və bununla 1600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

V.BAYRAMOV 
XQ



İqtisadiyyat