“COP29-un Azərbaycanda aqrar və ekoloji siyasətlərin qabaqcıl beynəlxalq təcrübələrə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq. Bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək”. Bu və digər məsələlər barədə dünən Yevlaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi” mövzusunda keçirilən respublika müşavirəsində ətraflı bəhs olunub.
Kənd Təsərrüfatı Nazirliyi, “Azərşəkər” MMC-nin birgə təşkilatçılığı və “Gilan Pivot” MMC-nin tərəfdaşlığı ilə keçirilən müşavirədə nazirliyin rəhbərliyi, müvafiq dövlət qurumlarının, iri fermer təsərrüfatlarının və aqroparkların, təchizatçı şirkətlərin nümayəndələri və fermerlər iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd son dövrlərdə dünyada baş verən qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirlərinin azaldılması baxımından iqlim dəyişikliyinə adaptasiya edən nəmlik qoruyucu texnologiyaların və innovativ yeniliklərin ölkə ərazisində geniş tətbiq edilməsi, ətraf mühitin qorunması, quraqlıqdan əziyyət çəkən bölgələrdə fəaliyyət göstərən fermerlərin bilik və bacarıqlarının artırılması, həmçinin iri fermer təsərrüfatları və aqroparklar tərəfindən bu sahədə əldə edilmiş təcrübələrin bölüşdürülməsindən ibarət olub.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov çıxış edərək bildirib ki, son illər Azərbaycanda dövlətin qeyri-neft sektoruna göstərdiyi yüksək qayğı nəticəsində iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorda keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün əsaslı zəmin yaranıb, ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsi prosesində mühüm addımlar atılıb. Qeyd olunub ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının səmərəliliyinin artırılması və sahənin inkişafı istiqamətində atılan addımlar aqrar sektorun inkişafına səbəb olub. Onun sözlərinə görə, dünyada torpaqların şoranlaşmasının, su və torpaq resurslarının azalmasının kənd təsərrüfatına ciddi təsir göstərməsi səbəbindən yaranmış çətinliklərin aradan qaldırılmasında müasir texnologiyaların tətbiqi xüsusi önəm kəsb edir.
Ölkədə kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı çoxsaylı təcrübələrin yarandığını vurğulayan nazir müavini bildirib ki, ötən müddətdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutları tərəfindən təcrübə xarakterli, özəl şirkətlər isə kommersiya məqsədli “ağıllı istixana” və “ağıllı bağ”lar qurulub, torpaq və su sensorları, “ağıllı” suvarma sistemləri, aqrodronlar, agrorobotlar, “dəqiq” əkin texnologiyaları tətbiq edilib. Onun dediyinə görə, kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi aqrar sektor haqqında təsəvvürlərin dəyişməsinə səbəb olur və onu daha çox gəlirli, səmərəli bir sahəyə çevirir. “Bu gün müasir təsərrüfatlar rəqəmsal texnologiyalarla böyük mənfəətlər əldə edirlər. Bu texnologiyalar kənd təsərrüfatı məhsul istehsalçılarına dəqiq əkinçiliyin həyata keçirilməsinə, sudan və gübrədən daha səmərəli istifadə etməyə, rəqabətqabiliyyətli məhsulun istehsalına, eləcə də ətraf ekosistemə mənfi təsirin aradan qaldırılmasına imkan verir”, – deyə o əlavə edib.
Diqqətə çatdırılıb ki, son illər Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalının səmərəliliyinin artırılması, məhsul istehsalçılarına dövlət dəstəyinin göstərilməsi ilə bağlı imzaladığı sərəncam və verdiyi tapşırıqlar bu sektorda istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırmaqla innovativ texnologiyaların tətbiqi imkanlarını genişləndirib.
“Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev “Mzuri” texnologiyasının üstünlükləri barədə məlumat verib. “Mzuri”nin üstün cəhətinin 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsindən ibarət olduğunu vurğulayan A. Mehdiyev deyib ki, bu texnikanın istifadəsindən məqsəd suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanılması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.
“Gilan Pivot” MMC-nin baş direktoru Ruslan Ələskərov isə çıxışında kənd təsərrüfatı sahəsində “Dragon-Line” texnologiyasının tətbiq edilməsinin əhəmiyyətindən söhbət açıb. Qeyd olunub ki, “Dragon-Line” pivot və damcılı suvarma sisteminin sintezi olan yeni nəsil hibrid suvarma sistemidir. Bu suvarma sistemindən istifadə suya və elektrik enerjisinə 20-50 faizə qədər qənaət edir, torpağın kipləşməsini, qaysaqlanmasını və suyun səthi axınlarını azaldır, ani temperatur dəyişikliklərində bitki şokunun qarşısını alır.
Müşavirədə kənd təsərrüfatı sahəsində tətbiq olunan innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri, orqanik gübrələr və biopreparatlar nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
M.QULİYEV
XQ