Bununla bağlı Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanan sənəd təsdiqlənib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması məqsədilə ilkin məlumat mübadiləsini nəzərdə tutan sazişi təsdiqləyib. Mediada yayılan məlumata əsasən, sənəd Türkiyə Respublikasının “Rəsmi qəzet”ində dərc olunub.
Xatırladaq ki, adıçəkilən sazişin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstanın ərazisindən keçməklə BTQ dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir.
Saziş Trans-Avropa və Trans-Asiya dəmir yolu dəhlizlərini birləşdirən BTQ dəmir yolu vasitəsilə yüklərin fasiləsiz, vaxtında və səmərəli şəkildə daşınması baxımından mühüm imkanlar yaradacaq. Belə ki, mallar haqqında ilkin məlumatların elektron mübadiləsi təşkil edilməklə gömrük prosedurları sadələşdiriləcək, sərhədkeçmə prosesləri sürətlənəcək. Eyni zamanda, qarşılıqlı razılaşdırılmış müasir gömrük nəzarəti metodları hesabına vaxta qənaət ediləcək ki, bu da yüklərin rahat keçidinə şərait yaradacaq. Nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması baxımından da mühüm əhəmiyyət daşıyan saziş iqtisadi operatorlar, eləcə də limanlar üçün logistika imkanlarının artmasına müsbət təsir göstərəcək, ölkəmizin və regionun tranzit potensialının daha da genişləndirilməsində mühüm rol oynayacaq.
Qeyd edək ki, dövlətimizin başçısının Azərbaycanın tranzit potensialının artırılması ilə bağlı son illərdə verdiyi sərəncam və tapşırıqlara əsasən, gömrük xidməti bu sahədə üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün hazırda bütün zəruri addımları atır, bu istiqamətdə genişmiqyaslı layihələr gerçəkləşdirir. Hər üç ölkənin iştirakı ilə imzalanan sözügedən saziş də beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasına, tarixi İpək yolunun əhəmiyyətinin artmasına, yeni çağırışlar əsasında gömrük nəzarətinin həyata keçirilməsinə əlavə imkanlar yaradır. Belə şərait isə polad magistral vasitəsilə daşınan yüklərin sərhəd-buraxılış məntəqələrində ləngiməsinin qarşısını alır, nəqliyyat dəhlizlərinin cəlbediciliyi artırır, əvvəlcədən aparılan ilkin məlumatların elektron mübadiləsi hesabına gömrük prosedurlarını asanlaşdırır və mallar vaxtında təyinat nöqtəsinə çatdırılır.
Bir sözlə, sözügedən saziş BTQ dəmir yolunun potensialının genişlənməsi, region ölkələrinin ticarət əlaqələrinin artırılması, yükdaşımalarda vaxta və vəsaitə qənaət baxımından mühüm əhəmiyyətə malikdir. BTQ dəmiryolu vasitəsilə yükdaşımaların artması Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin cəlbediciliyinin və rəqabətqabiliyyətliliyinin də güclənməsində mühüm rol oynayır.
Yeri gəlmişkən, Türkiyənin ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay yuxarıda adıçəkilən sazişin imzalanma ərəfəsində bildirmişdi ki, ölkələr arasında sadələşdirilmiş gömrük xidmətinin tətbiqini həyata keçirməklə, həmçinin əvvəlcədən məlumat mübadiləsini təmin etməklə risk analizlərinin paylaşılması planlaşdırılır: “Risk analizlərinin paylaşıldığı zaman isə nəzarət təkrarlanmayacaq, ancaq səmərəli və yerində nəzarət gücləndiriləcək. Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük idarələri isə eyni nəzarəti həyata keçirir. Bu isə bir sıra hallarda vaxt itkisinə səbəb olur.
Hazırda hər üç ölkənin gömrük nəzarəti infrastrukturu qurulur, bununla bağlı müəyyən layihələr reallaşdırılır. Bundan əsas məqsəd isə ticarətdə uğurlar əldə etməkdir”.
Ümumiyyətlə, Azərbaycan-Türkiyə-Gürcüstan arasında imzalanan sözügedən saziş BTQ dəmir yolu xəttində yükdaşımaların həcminin artırılmasını nəzərdə tutur. Türkiyənin Ticarət və İnfrastruktur nazirlikləri bu məsələyə çox önəm verir. BTQ dəmir yolu xəttinin daha səmərəli şəkildə istifadə edilməsi qarşıda mühüm vəzifə kimi durur. Gün ərzində 40-45 konteynerin daşınması kifayət etmir. Azərbaycanla Türkiyə arasında ticarətdə quru yollar əsas rol oynayır. Ölkəmizlə həyata keçirilən ticarət əlaqəsinin 80 faizi quru yollarla reallaşır.
Xatırladaq ki, BTQ dəmir yolu xətti 2017-ci il oktyarın 30-da istifadəyə verilib. Polad magistral Asiya və Avropanın dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ dəmir yolu yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. Bu polad magistral Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan ərazisindən keçir. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir, 79 kilometri isə Türkiyə ərazisindədir. Polad magistral vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, nəhatət, daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
V.BAYRAMOV
XQ