Türkiyə Azərbaycanın D–8-ə üzvlük müraciətini dəstəkləyir

post-img

Bəs bu təşkilata daxil olmaq ölkəmizə nə vəd edir?

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının yaranma ideyası bu qurumun 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilən ilk toplantısında irəli sürülüb. 1997-ci il iyunun 15-də isə həmin şəhərdə reallaşan dövlət və hökumət başçılarının Zirvə görüşündə adıçəkilən format təsis edilib. 

Hazırda D-8 qurumuna Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndone­ziya, Misir və Nigeriya daxildir. Təşkilata daxil olan Türkiyə və İndoneziya “Böyük iyirmilər”in (G-20) üzvüdür. D-8-in fəa­liyyətinin əsas məqsədi isə üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri güc­ləndirməkdir. 

Prezident İlham Əliyev Türkiyə Res­publikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2017-ci il oktyabrın 20-də qurumun İstanbulda “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında keçirilən IX Zirvə görüşündə xüsusi qo­naq qismində iştirak edib.

Həmin görüşdə Türkiyə Preziden­ti Rəcəb Tayyib Ərdoğan çıxışında üç qitədə yerləşən ölkələri əhatə edən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının son 20 ildə fəaliyyətinin uğurlu olduğunu vurğu­layaraq dünyada baş verən gərginliklər fonunda Zirvə görüşünün keçirilməsinin önəmini qeyd edib. Daha sonra isə son il­lər müsəlmanların yaşadıqları bölgələrdə baş verən münaqişələrin, təbii fəlakətlə­rin ciddi fəsadlarla nəticələndiyini deyən qardaş ölkənin Cümhurbaşqanı qlobal ədalətsizliyin azalmaq əvəzinə, daha da genişləndiyini təəssüflə bildirib. Eyni zamanda, dünyada İslamla terrorizmin əlaqələndirilməsi cəhdlərinin, islamofo­biyanın və ksenofobiyanın artdığını, miq­rant böhranının dərinləşdiyini vurğulayıb. 

Türkiyə Prezidenti çıxışında, eyni zamanda, D-8 İqtisadi Əməkdaşlıq Təş­kilatı dövlətlərinin dinamik artan əhaliyə, zəngin təbii sərvətlərə, sürətli inkişafa malik olduqlarını, sözügedən quruma üzv ölkələrin bu potensialdan tam səmərə­li istifadə etmələri nəticəsində qarşılıqlı ticarət dövriyyəsinin hazırkı 100 milyard dollardan qısa müddətdə 500 milyard dollara çatdırıla biləcəyini deyib. Cüm­hurbaşqanı, həmçinin iqtisadiyyat, ti­carət, nəqliyyat, müdafiə sənayesi, təh­sil, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayaraq D-8 üzvlərinin sayının artırılmasının, qarşılıq­lı ticarətin milli valyutalarla aparılmasının təşkilatın daha da güclənməsinə imkan yarada biləcəyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı isə çıxışında Azərbaycanın D-8-in üzvü olmamasına baxmayaraq, Prezident Rəcəb Tayyib Ər­doğanın ölkəmizi bu tədbirə dəvət etdi­yinə görə öz qardaşına dərin təşəkkürü­nü bildirib və bunu Azərbaycan-Türkiyə qardaşlıq və dostluğunun bariz nümunəsi kimi dəyərləndirib. 

Yeri gəlmişkən, Azərbaycan bu təş­kilata üzvlük məsələsini həmin vaxtdan diqqətdə saxlayıb. Lakin indiyədək real nəticə əldə olunmayıb. Bu il fevralın 19-da Ankarada dövlətimizin başçısı İlham Əliyevin Türkiyə Respublikasının Pre­zidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşündə Cümhurbaşqanı üzv­lüklə bağlı sözügedən məqama aydınlıq gətirərək deyib: “İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və D8 formatı iqtisadi və ticarət sahəsindəki əməkdaşlığımızı taclandıran digər önəmli regional təşkilatlardır. Xüsu­silə İqtisadi Əməkdaşlıq Təşkilatının ma­lik olduğu potensialdan daha çox istifadə edəcəyimizə inanıram.

Azərbaycanın D8-ə üzvlük müraciəti­ni də ən güclü şəkildə dəstəkləyirik. Bəzi tərəddüdləri olan Misir başda olmaq­la, D8 üzvləri arasında bu istiqamətdə təşəbbüslər irəli sürdüm və irəli sürmək­də də davam edəcəyik”.

Maraqlıdır, görəsən, Misirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söz­ləri ilə desək, Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmasında tərəddüdləri nə ilə bağlıdır? Ekspertlərin fikrincə, Misirin Azərbaycanı bu təşkilat daxilində görmək istəməməsi, ilk növbə­də, bu dövlətin ölkəmizə olan qısqanclı­ğından irəli gələ bilər. Çünki Azərbaycan zəngin neft-qaz ehtiyatlarına malikdir. Həmçinin D-8 üzvü olan Pakistanla da güclü dostluq əlaqələrinə malikdir. Digər tərəfdən, Misir liderində Azərbaycanla Türkiyənin strateji əməkdaşlığının bu təş­kilatın daxilində aparıcı mövqeyə çevrilə biləcəyi narahatlığı da ola bilər. Başqa sözlə, Misir bəlkə də Türkiyə–Azərbay­can və Pakistan arasında sıx dostluq və əməkdaşlıq münasibətlərinin mövcudlu­ğu nəticəsində bu təşkilatda dominantlı­ğın sözügedən üçlüyə keçə biləcəyindən əndişələnir. Çox şübhəsiz ki, bu məsələ­dən Misirlə bərabər təşkilata üzv olan İran da qayğılanır. 

Bu məqamda Misir Ərəb Respub­likasının Prezidenti Əbdülfəttah əs-Si­sinin 2024-cü il fevralın 21-də dövləti­mizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyi münasibətilə təb­rik məktubunda yer alan sözləri diqqətə çatdırmaq istərdik: “İnamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik rəh­bərliyinizə göstərdiyi etimadın və dəstə­yin sübutudur. Bu, həm də Azərbaycan xalqının Sizin ölkəni inkişaf və tərəqqi yoluna aparmaq bacarığınıza inamını bir daha təsdiq edir. Əminəm ki, yenidən prezident seçilməyiniz Azərbaycanın re­gional və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.

Cənab Prezident, mən Sizinlə əmək­daşlıq və koordinasiya sayəsində qarşı­dakı dövrdə Misir-Azərbaycan münasi­bətlərinin yüksəlişinin şahidi olacağımı səbirsizliklə gözləyirəm”.

Bax, iki ölkə arasında münasibətlərin bu şəkildə dəyərləndirilməsindən sonra respublikamızın D8-ə üzvlük müraciətin­də Misirin bəzi tərəddüdlərinin arxasında hansı amillərin dayandığı anlaşılmır. 

Ekspertlərin sözlərinə görə, D-8 İq­tisadi Əməkdaşlıq Təşkilatının adındakı “D” ingilis dilindəki “Developing” (inkişaf etməkdə olan) sözünün baş hərfidir, yəni bu format 8 dövləti adıçəkilən qurum daxilində bir araya gətirən təşkilatdır. Onun üzvləri İslam Əməkdaşlıq Təşki­latında yer aldıqlarından və müsəlman ölkələri olduqlarından D-8 bir sıra hallar­da, həm də “İslam İttifaqı” da adlandırı­lır. Azərbaycanın isə bu təşkilatda təmsil olunmasına isə, necə deyərlər, tam haqqı çatır. Əvvəla, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına ge­niş həcmdə investisiyalar yatırır. Belə bir sərmayə qoyuluşu isə Avrasiyanın, o cümlədən D-8 ölkələrinin iqtisadi inkişa­fını şərtləndirir. 

Yeri gəlmişkən, D-8 İqtisadi Əmək­daşlıq Təşkilatı tərəfindən “2020-2030 D-8 10 illik Yol Xəritəsi” adlı sənəd qəbul edilib. Sənəddə 3 mərhələli inkişaf stra­tegiyasının gerçəkləşdirilməsi nəzərdə tutulub. Birinci mərhələdə, yəni 2020-2022-ci illərdə ticarət, kənd təsərrüfatı, qida təhlükəsizliyi, sənaye əməkdaşlığı və kiçik biznesin inkişafı, nəqliyyat, tu­rizm, səhiyyə sahəsində əməkdaşlığı əhatə edən yol xəritələrinin hazırlanma­sı, həmçinin dəyişən dünyanın şərtlərin­də mövcud beynəlxalq mexanizmlərin yenidən gözdən keçirilməsi planlaşdırı­lıb. Sonrakı dövrdə–2023-2027-ci illərdə (ikinci mərhələdə) üzv ölkələr arasın­da ticarət əlaqələrinin dərinləşməsi və daha əvvəlki dövrdə müəyyən olunan 6 istiqamətdə əlaqələrin inkişafının real­laşdırılması nəzərdə tutulub. Nəhayət, sonuncu mərhələdə–2028-2030-cu illər ərzindəki isə həyata keçirilən layihələrin dəyərləndiriləcəyi və üzv ölkələrin daxili ticarət dövriyyəsinin ümumi ticarət döv­riyyəsinin 10 faizinə çatdırılacağı qarşıya mühüm vəzifə kimi qoyulub. 

Bəs Azərbaycan bu təşkilata qoşul­ması ilə nə əldə bilər? İqtisadçı Samir Heydərovun sözlərinə görə, D-8 dün­yada böyük iqtisadi potensiala malik bir təşkilat kimi tanınır. Üzv ölkələrdə, təqri­bən, 1,1 milyard insan yaşayır. 8 ölkənin iqtisadiyyatının həcmi, təxminən, 3, 8 tril­yon dollar təşkil edir. Üzv ölkələrin ticarət dövriyyəsi isə 1,6 trilyon dollar səviyyə­sindədir. Yəni dünya ticarət dövriyyəsinin 4,5 faizini təşkil edir. 

Azərbaycanın D-8 ölkələrinin böyük əksəriyyəti ilə həm ikitərəfli, həm də bey­nəlxalq qurumlar çərçivəsində yüksək səmərəliliyi il diqqət çəkən münasibətləri mövcuddur. Ölkəmizin adıçəkilən quru­ma üzv olacağı təqdirdə isə bu əmək­daşlıq daha da güclənəcək. Eləcə də, ölkəmiz təşkilatın potensialından qarşı­lıqlı əməkdaşlıq üçün səmərəli istifadə edəcək. 

Beləliklə, son illər tarixi uğurları ilə dünyada böyük nüfuz qazanan, bir sıra güc mərkəzlərinin isə məhz bu inkişafa görə qısqanclıqla yanaşdığı Azərbayca­nın bu təşkilata üzv seçilməsi onun həm iqtisadi yüksəlişində, həm də regional problemlərinin həllində bəzi üstünlüklər, xüsusilə manevr imkanları əldə edə bilər. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat