Şaxələndirmə dünya bazarına yön alıb

post-img

Yanvar–fevral aylarında ölkəmiz 455 milyon dollarlıq qeyri-neft malları ixrac edib

Ölkəmizdə ümumi iqtisadi artımın əsas hissəsi neft-qaz strategiya­sının uğurlu nəticələri hesabına təmin olunsa da, son illər qeyri-neft sektoru üzrə də xüsusi fəallıq nəzərə çarpır. Bu da Prezident İlham Əli­yevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətin­də həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərin məntiqi nəticə­sidir. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə ölkəmizin qeyri-neft sektorunda 18,4 milyard manatlıq məhsul istehsal olunduğu halda, 2023-cü ildə bu göstərici 77,7 milyard manat təşkil edib. 

Bu sahədə artım tendensiyası 2024-cü ilin ilk iki ayında da müşahi­də olunub. Ölkənin qeyri-neft sahələ­rinin inkişaf etdirilməsinin uğurlu nəticələri isə ixrac əməliyyatlarında özünü qabarıq şəkildə büruzə verib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təq­dim etdiyi “İxrac icmalı”nın mart sa­yında ətraflı məlumat verilib. Bildirilib ki, yanvar-fevral ayları ərzində Azər­baycanın ümumi ixracı 4,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 455 milyon ABŞ dolları təş­kil edib. İlin ilk iki ayı ərzində ərzində yeyinti məhsulları üzrə ixrac 137,1 milyon dollara bərabər olub. Hesabat dövründə qara metalların ixracı 46,4 faiz, bitki və heyvan mənşəli piylər və yağların ixracı 29,7 faiz, pambıq ixra­cı 29,3 faiz, meyvə-tərəvəz ixracı isə 24,6 faiz artıb. 

Cari ilin yanvar-fevral ayları ər­zində ölkənin aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9 faiz artaraq 145,9 milyon dollar təşkil edib. Yeri gəlmişkən, qeyri-neft/qaz ixracının tərkib hissə­sində əhəmiyyətli yer tutan aqrar-sə­naye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisə­də xeyli artaraq 36,6 milyon dollara çatıb. 2024-cü ilin ilk iki ayında ixrac edilən qeyri-neft sektoruna aid malla­rın siyahısında elektrik enerjisi (34,9 milyon dollar) birinci olub. Bu siyahı­da pambıq mahlıcı (33,5 milyon dol­lar) ikinci, pomidor (30 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb. 

“İxrac icmalı” sözügedən dövrdə Azərbaycanın ən çox qeyri-neft məh­sulları ixrac etdiyi ölkələrin siyahısını da açıqlayıb. Belə ki, yanvar-fevral ayları ərzində Rusiya Federasiya­sına 154,4 milyon dollar, Türkiyəyə 97,3 milyon dollar, Gürcüstana 42,9 milyon dollar, Ukraynaya 18,2 milyon dollar, Qırğızıstana isə 18,2 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mallar ixrac olunub. 

Nəşrin məlumatında bu ilin fevral ayının qeyri-neft ixracı üzrə göstəri­cilər barədə də ayrıca məlumat ve­rilib. Bildirilib ki, hesabat ayında da Azərbaycandan dünya bazarlarına 233 milyon dollarlıq qeyri-neft məh­sulları ixrac olunub. Bunun da 166,3 milyon dolları qeyri-yeyinti məhsulla­rının, 66,7 milyon dolları isə yeyinti məhsullarının payına düşüb. Yeyinti məhsulları üzrə ixrac əvvəlki ilin eyni ayı ilə müqayisədə 25 faiz çox olub.

Fevral ayında qeyri-neft sektoru­na aid ən çox mal ixrac edilən ölkələ­rin siyahısında Rusiya Federasiyası (78,8 milyon dollar) birinciliyə yüksə­lib. Bu siyahıda ilk üçlüyü isə Türkiyə (49,7 milyon dollar) və Gürcüstan (17,8 milyon dollar) tamamlayıb. 

Son illər Azərbaycanın kənd təsərrüfatı sektorunda yaradılmış məhsul bolluğu daxili bazarın tələba­tını ödəməklə yanaşı, ölkənin ixrac potensialının artmasına da mühüm töhfələr verir. Bu baxımdan əsas bit­kiçilik məhsullarından sayılan pam­bıq mahlıcı və pomidoru xüsusi qeyd etmək olar. Elə cari ilin fevral ayında ölkəmizdən ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında adıçəkilən məhsulların üstünlük təş­kil etməsi də bunu təsdiqləyir. Xatır­ladaq ki, hesabat dövründə Azərbay­candan 23 milyon dollarlıq pambıq mahlıcı və 13,2 milyon dollarlıq pomi­dor (tomat) ixrac edilib. Bununla ya­naşı, fevral ayında qeyri-neft sektoru üzrə ixrac edilən malların siyahısında ikinci və ilkin formalı propilen sopo­limerləri (13,2 milyon dollar) üçüncü olub.

“İxrac icmalı”nın məlumatına əsasən, 2024-cü ilin yanvar-mart ayları ərzində “Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 59,3 milyon ABŞ dolları, mart ayında isə 25 milyon ABŞ dolları təşkil edib. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təq­dim etdiyi aylıq icmalda, həmçinin qeyri-neft sektoru üzrə cari ilin yan­var-fevral aylarında həyata keçiril­miş ixrac əməliyyatları ilə bağlı həm qeyri-dövlət, həm də dövlətə məx­sus ixracatçı subyektlərin reytinqi təqdim olunub. Hesabat dövrü üzrə hazırlanan qeyri-dövlət ixracatçı su­byektlərin reytinqində “MKT İsteh­salat Kommersiya” MMC, “My Fruit” MMC, “P-Aqro” MMC, Muradova Sa­hibə Səlimət qızı, “Soil Boons” MMC, “STP Global Cable” MMC, “Tech­nopack” MMC, “Ümüd 059” MMC, “Mors Trading” MMC və “Gözəl Tə­biət” MMC ilk onluqda qərarlaşıb. 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısında isə birin­ci yer “Azərenerji” ASC-yə məxsus olub. Siyahıda sonrakı yerləri ARD­NŞ-in “Marketinq və İqtisadi Əmə­liyyatlar İdarəsi, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “Azer­Gold” QSC, “Azərpambıq Aqrar Sə­naye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Də­mir Yolları” QSC, “Azəripək” MMC və “ASK Tütün” MMC tutublar.

“İxrac icmalı”nın məlumatında Azərbaycanın 2023-cü ilin yan­var-fevral aylarında peyk telekom­munikasiya xidmətləri sahəsindəki uğurları ilə bağlı yığcam məlumat da yer alıb. Qeyd olunub ki, hesabat dövründə Azərbaycan Respublikası­nın Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 45 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ix­rac edilib. Fevral ayında isə “Azər­kosmos” dünyanın 41 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xid­mət göstərib. Bütövlükdə isə, peyk telekommunikasiya xidmətləri üzrə ixracın ilk beşliyində 886,1 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 650,3 min ABŞ dolları ilə Lüksemburq, 219,1 min ABŞ dolları ilə BƏƏ, 139,1 min ABŞ dolları ilə Pakistan və 135,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.

Nəşrin məlumatına görə, bu ilin ilk iki ayı ərzində banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 372,2 milyon manat, o cümlədən fev­ral ayında 184,3 milyon manat dəyə­rində əməliyyat aparılıb. 

Göründüyü kimi, son illər ölkə­mizdə qəbul olunmuş məqsədli döv­lət proqramları, əlverişli biznes mü­hiti, eləcə də uğurlu şaxələndirmə siyasəti qeyri-neft sektorunun inki­şafını sürətləndirir. Bu da öz növbə­sində ixracın strukturunda qeyri-neft mallarının payının getdikcə artması­na imkan yaradır. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat