Azərbaycan “Bir kəmər, bir yol”un baş yoluna çevrilib

post-img

Azərbaycan Çin ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Hər iki dövlət “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

Prezident İlham Əliyev hələ ötən il iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində müxbirin “Azərbaycanın “Bir kəmər, bir yol” kimi nəhəng infrastruktur layihəsini qısa müddətdə –307 günə icra etməsinə necə nail olub” sualına cavabında da bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı belə bir təşəbbüsün inkişafımı­zın sürətlənməsində mühüm rol oyna­dığını xatırladaraq Azərbaycanın bu cür nəhəng regional bağlantının mərkəzin­də dayanmasının önəmli üstünlüklərini diqqətə çatdırıb. Ölkə rəhbəri daha son­ra deyib: “Xəritəyə baxsanız, Azərbay­canın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olma­ması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdı­ra bilərik. Biz nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq…”. 

Ötən müddətdə Prezident İlham Əliyevin vurğuladığı kimi, ilk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə geniş həcmdə investisiya qo­yuldu, qonşularla bağlantı körpülərinin qurulması diqqətdə saxlanıldı. Beləliklə, “Bir kəmər, bir yol” layihəsi ilə bağlı ölkə­daxili infrastruktur sistemi qısa zaman­da gerçəkləşdi. Bununla da, sözügedən istiqamətdə sonrakı proseslərin sürətlə aparılmasına əlverişli zəmin yarandı. 

Bu məqamda xatırlatmaq yerinə düşər ki, “Azərbaycan Respublikası Hö­kuməti və Çin Xalq Respublikası Hö­kuməti arasında “İpək yolu iqtisadi kəmə­ri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” və “Azərbay­can Respublikasının Nəqliyyat Nazirliyi və Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memo­randumu” kimi mühüm sənədlərin imza­lanması da ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davamlı genişlənməsini və Çinin Transxəzər Bey­nəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəh­liz) marağının artmasını şərtləndirib. 

Bu gün Çin Azərbaycandan kənd təsərrüfatı, kimya və sənaye məhsulları­nın idxalını daha da artırmağı, “İnternet ipək yolu”nun yaradılması, “İpək yolu” elektron ticarətinin inkişafı məqsədilə respublikamızla əməkdaşlığı dərinləşdir­məyi planlaşdırır. Buna uyğun olaraq hər iki dövlət nəqliyyat və tranzit sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilmə­sini daim diqqətdə saxlayır. 

Çinin Avropa ilə ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirməyə çalışması təkcə ölkəmizin coğrafi mövqe­yindən ibarət deyil. Azərbaycan 15 milyon ton yükaşırma imkanı olan bey­nəlxalq dəniz limanına və ildə 5 milyon ton yükdaşıma imkanı olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yoluna malikdir. Bu in­frastrukturlar Orta Dəhlizin əsasını təşkil edir. Bu il BTQ-də genişləndirmə işlərinin başa çatacağı nəzərdə tutulur. Dəmir yo­lunun Gürcüstandan keçən hissəsində genişləndirmə işləri yekunlaşandan son­ra yolun yükdaşıma imkanının10 milyon tona çatacağı da gözlənilir. 

Qazaxıstan Orta Dəhliz marşrutu üzrə Çin ilə Azərbaycanın arasında yer­ləşən dövlətdir. Buna görə də Orta Dəh­lizin formalaşmasında Qazaxıstan da mühüm rola malikdir. “KTZ Exspress” logistika şirkətinin icraçı direktoru Aybek Kapar bildirib ki, Qazaxıstan ərazisindən ümumilikdə 11 nəqliyyat dəhlizi keçir ki, bunların arasında ən əhəmiyyətlisi Çin ilə Avropanı birləşdirən Orta Dəhlizdir. Qazaxıstanın Çin ilə sərhəddə yerləşən Altınkol stansiyasından yük qatarı Orta Dəhlizlə Gürcüstanın dəniz limanları­na 53 deyil, 15 gün ərzində çatdırılır. Bu, yüklərin tez çatdırılması ilə yanaşı, nəqliyyat xərcinin də azalması deməkdir.

Çin Milli Dəmir Yolları Qrupunun (Chi­na National Railway Group) məlumatın­da bildirilir ki, Qazaxıstandan Avropaya və əks istiqamətdə hərəkət edən yük qatarlarının sayı cari ilin yanvar–fevral aylarında əvvəlki ilin eyni dövrü ilə müqa­yisədə 9 faiz, daşınan yüklərin həcmi isə 10 faiz artıb.

Açıqlamada vurğulanır ki, indiyədək Çinin 120, “Bir kəmər, bir yol” ölkələrinin isə 25 şəhəri ilə Avropa arasında qatar­larla yüklərin daşınması həyata keçirilib. Cari ilin yanvar-fevralında qeyd edilən is­tiqamətlərdə 2928 qatar vasitəsi ilə 317 min konteyner daşınıb. “China Railway Group”un ilin ilk ayında Çinin Sian, Çon­çin və İvu şəhərlərindən Bakı, Tbilisi və İstanbula açdığı yeni marşrutlar üzrə 18 qatar hərəkət edib.

Yeri gəlmişkən, Çin ilə Avropa ara­sında dəmir yolu ilə yük daşımalarına 2011-ci ildən başlanılıb. Ötən müddətdə Çindən Avropanın və Asiyanın onlarla şəhərinə və əks istiqamətdə 85 mindən çox qatar səfər edib. Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Azərbaycandan keçməklə bir neçə yeni Çin-Avropa yük qatarı marş­rutu istifadəyə verilib. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra isə şimal xətti üzrə dəmir yolu marşrutlarında ya­ranan problemlər logistika şirkətlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəh­lizinə – Orta Dəhlizə marağını əhəmiy­yətli dərəcədə artırıb. Son vaxtlar Qır­mızı dənizdəki təhlükəsizlik problemləri səbəbindən gəmilərin Çindən Avropaya hərəkət müddəti isə ən azı 12 gün çoxa­lıb, nəticədə daşıma və sığorta xərcləri 2 dəfədən çox artıb.

Beynəlxalq ticarətdəki gərgin vəziy­yət fonunda Çin–Avropa yük qatarları hər 2 istiqamət üzrə sabit, sürətli və sərfəli alternativ yaradıb. Bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti getdikcə daha qa­barıq formada özünü göstərib. Məsələn, ötən il Orta Dəhliz üzrə yük daşımalarının həcmi 2 dəfə artaraq 3 milyon tona çatıb. Yaxın illərdə bu rəqəmin 10 milyon tona çatacağı proqnozlaşdırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Na­zirliyin məlumatında da bu barədə ətraflı bəhs edilib, eyni zamanda, uzaq Çini Av­ropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən multimodal Orta Dəhliz Azərbaycanın iqtisadi ma­raqlarını əks etdirən irihəcmli beynəlxalq layihələrdən biri kimi dəyərləndirilib. 

Bir daha xatırladaq ki, iqtisadi və si­yasi baxımdan mühüm önəm daşıyan Orta Dəhliz Çinin “Bir kəmər, bir yol” la­yihəsinin bir parçasıdır, eyni zamanda, tarixi İpək yolunun ən mühüm kompo­nentlərindən biridir. Bu marşrutun sürətli inkişafı istiqamətində Azərbaycan mü­hüm addımlar atmaqdadır. Belə ki, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi, Zəngəzur dəhlizinin yaradılması bu yön­də görülən ən mühüm işlərdəndir. 

Bu məqamda onu da qeyd etmək ye­rinə düşər ki, son illər ərzində Orta Dəhliz­də yükdaşımaların artımında Azərbaycan önəmli rol oynayıb. Başqa sözlə, respub­likamızda dəniz, dəmir yolu, avtomobil, hava nəqliyyatının inkişafı istiqamətində gerçəkləşdirilən genişmiqyaslı layihələr, habelə Şərqlə Qərb arasında ənənəvi ti­carət və alternativ yollar üzərində diqqət­çəkən geosiyasi, geoiqtisadi proseslər sözügedən marşrutun cəlbediciliyini ar­tıraraq ölkəmizlə bərabər regionun da sürətli tərəqqisini şərtləndirib. 

Bu istiqamətdə layihələr hazırda da uğurla reallaşdırılır. Məsələn, 2017-ci ildə istifadəyə verilən və Orta Dəhliz va­sitəsilə daşımalarda xüsusi rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötü­rücülük qabiliyyətinin daha da artırılması üçün əlavə infrastruktur tədbirləri həyata keçirilir. Eyni zamanda, əsas dəmir və avtomobil yolları şəbəkələrinin kəsişmə­sində yerləşən Bakı Beynəlxalq Limanı­nın ötürmə qabiliyyətini artırmaq məqsə­di daşıyan tikinti işləri də planlaşdırılır. 

Ümumiyyətlə, son 20 ildə ölkəmizdə bununla bağlı 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Azərbaycanın bey­nəlxalq ticarət bazarında rolunun güclən­dirilməsi – yüksək gəlirli istehsal, ixrac fəaliyyəti və innovativ texnologiyalarla in­vestorların cəlb edilməsinə, iqtisadiyyatın dayanıqlı inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə vermək üçün Ələt qəsəbəsində azad iqtisadi zona yaradılıb. 

Qeyd edilən layihələrin gerçəkləşdi­rilməsi nəticəsində müvafiq sahədə yük­sək göstəricilər əldə olunub. Məsələn, 2023-cü ildə ölkə ərazisindən keçən yüklərin həcmi 2019-cu illə müqayisədə 162 faiz artaraq 5,1 milyon tondan 13,4 milyon tona yüksəlib. Hesabat dövründə dəmir yolu tranzit daşımalarının həcmi 2019-cu illə müqayisədə 76 faiz artırı­laraq 3,8 milyon tondan 6,7 milyon tona çatdırılıb. Eyni zamanda, avtomobil nəq­liyyatı ilə tranzit yüklərin həcmində də nəzərəçarpacaq artım müşahidə edilib. Belə ki, 2023-cü ildə avtomobil nəqliyyatı ilə tranzit daşımalarının həcmi 2019-cu illə müqayisədə 391 faiz artaraq 1,3 mil­yon tondan 6,5 milyon tona yüksəlib.

Onu da qeyd edək ki, respublikamız­da nəqliyyat infrastrukturunun dinamik inkişafı ilə yanaşı, bu sahənin qanunve­ricilik bazasının möhkəmləndirilməsi də diqqətdə saxlanılıb. Məsələn, Azərbay­can ərazisindən keçən təhlükəli tranzit yüklərə görə yol vergisi ləğv edilib. Para­lel olaraq yük avtomobillərinin çəkisi üzrə minimum vergi güzəşti həddi 38 tondan 41 tona çatdırılıb. Avtomobil nəqliyyatı üçün dövlətlərarası kvotalar və icazələr liberallaşdırılıb. 

Bu layihələr isə beynəlxalq daşıma­larda iştirak edən avtonəqliyyat vasitələ­rinin sayının artmasını şərtləndirib. Bu, statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, keçən il bu cür avtonəq­liyyat vasitələrinin sayı 2021-ci illə müqa­yisədə 3,7 dəfə artaraq 12,7 minə çatıb. Avtomobil yollarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçülə­rinə və çəkisinə dair tələblərin pozulma­sı hallarının qarşısının alınması üçün elektron tərəzilərin tətbiqinə başlanılıb. Bu tədbirlərlə paralel olaraq indiyədək sərhəd-keçid məntəqələrinin infrastruk­turunun təkmilləşdirilməsi və operativliyi istiqamətində genişmiqyaslı sistemli işlər görülüb, eləcə də nəqliyyatın daha rahat və operativ hərəkətini şərtləndirən yeni keçid məntəqələri istifadəyə verilib. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat