Azərbaycan elektromobillərə “yaşıl işıq” yandırıb

post-img

Yaxın zamanlarda Azərbaycanda elektriklə işləyən avtomobillər üçün enerji doldurma məntəqələri quraş­dırılacaq. Bu məsələ Prezident İlham Əliyevin “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edil­məsi haqqında” 7 mart 2024-cü il tarixli Sərəncamında öz əksini tapıb. 

Dövlət başçısının imzaladığı sənəd­də qeyd olunur ki, karbon emissiyala­rının azaldılmasında, enerji səmərəli­liyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, elektrik nəqliy­yat vasitələrindən istifadənin genişləndi­rilməsini, zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteq­rasiyanı təmin edən normativ hüquqi ba­zanın formalaşdırılması zəruridir.

Məlum olduğu kimi, bu ilin noyabr ayında ölkəmizdə qlobal iqlim dəyişik­liklərinin təzahürlərinə qarşı mötəbər beynəlxalq tədbir keçiriləcək. Bununla əlaqədar olaraq Prezident İlham Əliyevin məlum sərəncamı ilə 2024-cü il Azərbay­canda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Heç şübhəsiz, bütün bunlar dünyanın prioritet elan etdiyi “yaşıl ke­çid” platformasına ölkəmizin verdiyi ilkin töhfələrdir. Elə dövlət başçısının sərən­camında da qeyd olunduğu kimi, COP29-un Azərbaycanda keçirilməsi, Azər­baycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, 2024-cü ilin “Ya­şıl dünya naminə həmrəylik ili” elan edil­məsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür.

Ölkəmizdə elektromobillərdən istifa­dənin təşviqini nəzərdə tutan sərəncam da bu baxımdan xüsusi əhəmiyyət daşı­yır. Sözügedən sənədə əsasən, Nazirlər Kabineti elektrik mühərrikli nəqliyyat va­sitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsi­nin genişləndirilməsi, həmin məntəqələ­rin yaradılması işlərinə sahibkarlıq su­byektlərinin cəlb edilməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilmə­si ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Bununla yanaşı, hökumət Azərbaycan Respub­likası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerləri bir ay müd­dətində müəyyən eməli, elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması, zəruri infrastrukturun yaradılması, habelə həmin məntəqələrin dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mü­vafiq tədbirlər görülməsini təmin etməli­dir.

Yeri gəlmişkən, ekspertlər hesab edir­lər ki, yaxın illərdə Azərbaycanda elektrik­lə işləyən avtomobillərdən istifadə geniş vüsət alacaq. Bərpa Olunan Enerji Mən­bələri Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbə­sinin müdir müavini Sahib Xəlilov bildirib ki, bu il ərzində ölkəmizdə elektromobillik­lə bağlı geniş proqram təsdiq olunacaq. Onun sözlərinə görə, 2025-ci ildən sonra Azərbaycanda elektrik avtomobillərin isti­fadəsi sahəsində sıçrayış baş verəcək.

Qeyd edək ki, 2024-cü ilin ilk ayında Azərbaycana 9 milyon 663 min dollar dəyərində 239 ədəd elektromobil idxal olunub. Dövlət Gömrük Komitəsinin bu­nunla bağlı hesabatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektromobil­lər dəyər ifadəsi ilə 4 milyon 725 min dol­lar və ya 95,7 faiz, miqdar ifadəsi ilə 120 ədəd və ya iki dəfə artıb.

Ərşad HÜSEYNOV,
nəqliyyat üzrə ekspert

Prezident İlham Əliyevin məlum sərəncamı Azərbaycanda elektromobil­lərin kütləviləşməsinin, onlardan geniş istifadə olunmasının qarşısında duran maneələrdən birinin aradan qaldırılması­na yönəlib. Həmin maneə isə ölkəmizdə elektromobillərin elektrik enerjisi ilə dol­durulması şəbəkəsinin azlığı ilə bağlıdır. Hazırda belə məntəqələrə yalnız Bakı şəhərinin bəzi yerlərində rast gəlmək mümkündür. Rayonlarımızın əksəriy­yətində isə bu şəbəkələr, demək olar ki, yoxdur. Bu səbəbdən də elektriklə işləyən avtomobillərdən istifadə edənlər konkret olaraq uzaq məsafələrə səyahət etməkdə çətinlik çəkirlər. Rayonlarda yaşayanlar isə, demək olar ki, elektromobillərdən istifadə etmirlər. Düşünürlər ki, elektro­mobil alsalar, rayonda onu istismar edə bilməyəcəklər. Bu olduqca aktual prob­lemdir. Çünki Azərbaycan təkcə Bakı şəhərindən ibarət deyil. Avtomobilləşmə prosesinə ölkənin hər yerində eyni şəkildə yanaşılmalıdır. 

Elektromobillərin populyarlaşması ölkəmizdə 2018-ci ildə qəbul olunmuş “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vacib bir istiqamətin tərkib hissəsidir. Həmin istiqamət də ondan ibarətdir ki, ölkəmizin kifayət qədər köhnə olan av­tomobil parkını müəyyən tədbirlər hesa­bına tədricən yenilənməsinə ehtiyac var. Bunun üçün Azərbaycanda artıq utiliza­siya ilə bağlı qanunvericilik qəbul olu­nub. Bununla yanaşı, elektromobillərin ölkəyə idxalı ilə bağlı çoxsaylı güzəştlər müəyyən olunub. Həmin güzəştlərə əlavə dəyər və aksiz vergilərindən azadolunma, hətta gömrük rüsumunun sıfır səviyyəsin­də hesablanması kimi mühüm tədbirlər daxildir. Eyni zamanda 2021-ci ildə Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, elektrik mühərrikli avtomobillərin şarj edilməsi üçün tələb olunan ikinci və üçün­cü səviyyəli doldurma avadanlıqları, elə­cə də onların Azərbaycana idxalı və ölkə ərazisində satışı 3 il müddətinə, 2025-ci il yanvarın 1-dək əlavə dəyər vergisindən azad olunmuşdu. 

Yeni sərəncamda o da nəzərdə tutu­lur ki, sahibkarlıq subyektlərinin marağı­nın artırılması, bu işin təkmilləşdirilməsi üçün qanunvericiliyə müvafiq dəyişiklik­lər edilsin. Böyük ehtimalla Vergi Məcəl­ləsində də yeni güzəştlər müəyyənləşdi­rilə, sahibkarlara daha əlverişli şərtlərlə kreditlərin verilməsi məsələsi ortaya çıxa bilər. Bu sahədə fəaliyyət göstərən sahib­karlara elektrik enerjisinin ucuz qiymətə satılması məsələsini də ehtimal etmək mümkündür. Prezident sərəncamında diqqətçəkən məqam ondan ibarətdir ki, “AzərEnerji” və “Azərişığ”a elektrikdol­durma məntəqələri üçün yerlərin müəy­yənləşdirilməsi, həmin obyektlərə elektrik verilişi xətlərinin çəkilməsi tapşırılır. 

Elektromobillərin populyarlaşması, bu tip nəqliyyat vasitələrindən istifadə ha­zırda dünyada bir dəb halını alıb. Həmin dəb də ona yönəlib ki, daxiliyanma mü­hərrikli avtomobillərdən atmosferə atılan tullantıların miqdarını minimuma endir­məklə planetimizdə daha dayanıqlı ekolo­ji vəziyyət yaradılsın. Yeri gəlmişkən, bu məsələ sərəncamda da xüsusi vurğulanır. Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Ölkəmiz bununla bəyan edir ki, bizim karbon emissiyalarının azaldılması­na töhfələrimiz təkcə sözdən ibarət deyil, bu sahədə praktiki işlər də görürük.

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat