Azərbaycan qlobal iqlim gündəliyinin ön cəbhəsinə çevrilir

post-img

Bu ilin noyabr ayında Azərbaycanda dünyanın ən irimiqyaslı tədbirlərindən biri – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək. İki həftə davam edəcək tədbir zamanı Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək. Bununla da respublikamız həm COP29-a evsahibliyi etməsi, həm də enerji siyasətindəki uğurları və proseslərə diplomatik yanaşması ilə bir daha böhrandan həllə gedən yolda mühüm rol oynayan dövlət adını alması faktını təsdiqləyəcək. 

Ümumiyyətlə, ölkəmizin COP29-a evsahibliyi etməsi respublikamızın bey­nəlxalq nüfuzu baxımından mühüm önəm daşıyır, baş verən proseslərə müşahidə­çi yox, iştirakçı kimi qoşulduğumuzu dün­yaya bir daha nümayiş etdirir. Əlbəttə, bununla bağlı məsuliyyətli məsələləri də Azərbaycan uğurla həll etməyə qadirdir.

Burada bir məqamı da xatırlatmaq istərdik. Ölkəmizdə belə bir mühüm təd­birin keçirilməsi artıq ənənə halını alıb. Çünki Ümummilli lider Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə başla­dığı vaxtdan indiyədək respublikamızda sabitlik, əmin-amanlıq bərqərar olub. Ölkəmizin COP29-a evsahibliyi etməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Ermənis­tan Baş nazirinin Ofisi arasında aparılan birbaşa danışıqların nəticəsi olaraq ve­rilmiş birgə bəyanatda da Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürməsində də bu amil həlledici rol kimi qiymətləndirilib. 

Azərbaycan COP29-a evsahibliyi etməklə qlobal iqlim dəyişikliyi istiqamə­tində dünyaya önəmli töhfələr verməyi, davamlı inkişaf məqsədlərinə nail olmağl qarşıya mühüm vəzifə kimi qoyub. Bir sözlə, enerji siyasətindəki uğurları, bər­paolunan enerji resurslarına sərmayə qoymaq istəyi və iqlim dəyişikliyi ilə mü­barizə əzmi respublikamızın davamlı gələcək üçün atdığı addımların təzahü­rüdür. Beynəlxalq aləm Azərbaycanın bu platformada liderliyi gerçəkləşdirməsi ilə dünyada iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin yaradılmasına töhfə verə­cəyinə də əmindir. 

Prezident İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edərkən bu barədə ətraflı söh­bət açıb. Dövlətimizin başçısı beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərarı ölkəmizə etimadın və hörmətin təzahürü kimi dəyərləndirib. Azərbaycan tərəfinin belə bir tədbirin uğurla keçirilmə­si üçün bu təşkilatla və bütün BMT ailəsi ilə yaxından əməkdaşlıq etməyə hazır ol­duğunu vurğulayan ölkə rəhbəri respubli­kamızın beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsinin olduğunu da diqqətə çatdırıb. 

Dövlət başçısı söhbətində COP29-un ölkəmizdə keçirilən və ümumiyyətlə, dün­yada miqyasına görə, ən çox iştirakçının qatıldığı tədbirlərdən biri olacağını, indi­dən həm təşkilati, həm də tədbirin mahiy­yəti nöqteyi-nəzərindən bütün zəruri ad­dımlar atıldığını, bu prosesə könüllülərin də yaxından cəlb olunacağını bildirib. 

Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar regional sülh gündəliyinin irəliləyə aparılması konteks­tində əldə edilib və bu da ümumiyyətlə, COP-un tarixində yeni bir inkişafdır.

Bütün yuxarıda qeyd edilənləri ümumiləşdirib əminliklə deyə bilərik ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin “yaşıl enerji”yə keçidinin sürət­lənməsinə və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının daha da in­kişafına təkan verəcək. 

Azərbaycan həmişə çoxtərəfli dip­lomatiyaya mühüm əhəmiyyət verib və beynəlxalq təşkilatlarda, çoxtərəfli plat­formalarda daim fəal siyasət yürüdüb. Bu baxımdan Prezident İlham Əliyevin Azər­baycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və bunun Hərəkata üzv dövlət­lər tərəfindən yüksək qiymətləndirilməsi, ölkəmizin digər beynəlxalq təşkilatlarla da uğurlu əməkdaşlığı hər zaman xüsusi diqqət çəkib. 

Yeri gəlmişkən, tədbirin ölkəmizdə gerçəkləşdirilməsi barədə yekdil qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edildik­dən dərhal sonra bununla bağlı ölkəmiz­də hazırlıq işlərinə başlanılıb. Pakistanlı ekspert, Avrasiya Əsri İnstitutunun direk­toru İrfan Şahzad Təkalvi Azərbaycan mediasına müsahibəsində respublikamı­zın COP29 tədbirinə hazırlığını və ses­siyanın uğurla həyata keçirilməsi üçün səylərini yüksək dəyərləndirib. 

Pakistanlı ekspert ötən illərdə ölkəmi­zin bir sıra çoxtərəfli beynəlxalq tədbirlə­ri uğurla təşkil etdiyini, təşkilati aparatın formalaşması sahəsində zəngin təcrübə qazandığını, eyni zamanda Azərbayca­nın əsas faydalı qazıntı istehsalçısı və ixracatçısı olmasına baxmayaraq, qlo­bal iqlim dəyişikliyinin dünyaya təsirini azaltmaq üçün mühüm praktiki addım­lar atdığını, bütün bunların nəticəsində COP28-in plenar iclasında respublika­ya evsahibliyi hüququnun verilməsinin ədalətli olduğunu bildirib. 

İrfan Şahzad Təkalvi COP29-un əsas mövzularından bəhs edərkən qarşıda­kı sessiyada emissiyaların azaldılma­sı və təmiz enerjiyə keçid ənənəsi kimi məsələlərə üstünlük veriləcəyinin gözlə­nildiyini diqqətə çatdırıb. Ekspert bundan başqa, iqlim maliyyəsinin də gündəmdə olduğunu xatırladıb. 

Avrasiya Əsri İnstitutunun direkto­runun Azərbaycanda “yaşıl enerji”nin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə fikirləri də diqqət çəkir: “Respublikanın təkcə öz istehlakı üçün deyil, həm də gələcək onilliklərə yönələn ixrac məqsədilə kifayət qədər qalıq ya­nacaq ehtiyatlarına malik bir ölkə üçün təmiz enerjiyə qlobal keçid istiqamətində atılan addımları təqdirəlayiqdir. Azərbay­can qazı bu qlobal dəyişikliyə töhfə ver­məklə bərabər, dünya üçün böyük əhə­miyyət kəsb edir. Ölkədə bərpaolunan enerji mənbələrinin kifayət qədər ehtiyatı var və bunu reallaşdırmaq zəruridir”.

Azərbaycanın “yaşıl inkişaf”ına nail olmaq məqsədilə qısa müddətdə enerji sahəsində yeni qanunvericilik bazası ya­radılıb, elektrik enerjisində bərpaolunan enerjinin payının artırılması və neft-qaz əməliyyatlarının, o cümlədən Səngəçal terminalının karbonsuzlaşdırılması üçün 2027-ci ilədək 8 sənaye miqyaslı elektrik stansiyasının istismara veriləcəyi nəzər­də tutulub. Həmçinin Xəzər dənizinin 157 qiqavat külək enerjisi potensialı əsasında “yaşıl elektrik enerjisi” və “yaşıl qaz”ların ixracı məqsədilə Azərbaycan, Gürcüs­tan, Rumıniya və Macarıstanı əhatə edən “yaşıl enerji dəhlizi”nin icrasına başlanı­lıb. ABŞ ilə bu enerji dəhlizi üzrə əmək­daşlıq imkanları da nəzərdən keçirilib.

Bundan başqa, SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na (OGDC) qoşulub, bununla da məşəldə yandırmaları sıfıra endirmək, sıfır meta­na çatmaq kimi hədəflərin reallaşdırılma­sını diqqət mərkəzində saxlayıb.

V.BAYRAMOV
XQ

İqtisadiyyat