Maliyyə sisteminin sabitliyi uğurlara meydan açır

post-img

Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 661 milyon dollara yüksəlib 

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mediaya mühüm makroiqtisadi siyasət institutu kimi 32 illik fəaliyyəti dövründə bankın müxtəlif iqtisadi sınaqlardan uğurla çıxdığını bildirib. O, AMB-nin ölkədə makroiqtisadi və maliyyə sabitliyini qorumaqla maliyyə sisteminin dayanıqlı inkişafını gerçəkləşdirdiyi qeyd edib. 

Xatırladaq ki, Azərbaycan Prezidenti­nin 1992-ci il 11 fevral tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Azərbaycan Res­publikasının Milli Bankı yaradılıb. Həmin tarixdən bankın yaradılması günü kimi qeyd edilməyə başlanıb. 

Mərkəzi Bank fəaliyyəti dövründə uğurlu pul siyasəti həyata keçirib, bu­nunla da ölkədə makroiqtisadi sabitlik göstəricilərinin yaxşılaşmasına və iqtisadi artımın davamlı olmasına önəmli töhfələr verib. Eyni zamanda, inflyasiyanın hədəf intervalında saxlanılmasına daim diqqət yetirib. 

Məhz elə bu siyasətin nəticəsidir ki, 2023-cü ildə illik inflyasiya həm xarici, həm də daxili amillərdən təsirlənərək 25 aylıq fasilədən sonra azalıb. Başqa sözlə, valyuta bazarında tarazlığın qorunması, manatın məzənnəsinin möhkəmlənməsi, pul siyasəti qərarları və hökumətin həya­ta keçirdiyi tədbirlər sayəsində inflyasiya təzyiqləri zəifləyib. 

2024-cü ildə də Mərkəzi Bank pul si­yasətni ölkədə qiymət sabitliyinin təmin olunmasına, yəni inflyasiyanın aşağı və sabit səviyyədə saxlanılmasına yönəlt­məyi qarşıya mühüm vəzifə kimi qoyub. Sözügedən maliyyə qurumu bu zaman inflyasiyanın “Azərbaycan Respublika­sının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə elan edilən hə­dəf intervalında saxlanılmasını nəzərdə tutub. Bununla yanaşı, Mərkəzi Bank respublikada qiymət sabitliyini dəstək­ləməklə iqtisadiyyatın dayanıqlı artımını şərtləndirməyi də prioritet istiqamətlərdən biri kimi seçib. 

Mərkəzi Bankın məlumatında bildirilir ki, bu il pul siyasəti qərarları əvvəllər ol­duğu kimi, inflyasiya mühitində xarici və daxili amillərin dəyişməsi və yenilənən makroiqtisadi proqnozlar əsasında verilə­cək. Ümumiyyətlə, pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdiril­məsi, həmçinin pul siyasətinin kommu­nikasiyanın genişləndirilməsi istiqamətlə­rində islahatlar davam etdiriləcək.

Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bə­yanatında vurğulandığı kimi, geosiyasi münaqişələr və geoiqtisadi parçalan­malar, pandemiyanın təsirlərinin davam etməsi, kəskin iqlim anomaliyaları, ma­liyyə şəraitinin sərtləşməsi ötən il qlobal iqtisadi artıma mənfi təsir göstərib. Bu, bir sıra indikatorlarda nəzərə çarpıb. İq­tisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə biznes sektorunda iqtisadi fəallıq göstəricisi olan “biznesə inam” in­deksi azalıb. Qlobal iqtisadiyyatda baş verən proseslər beynəlxalq təşkilatların proqnozlarına da təsir edib. Belə ki, Bey­nəlxalq Valyuta Fondunun (BVF) son he­sabatına əsasən, qlobal iqtisadi artımın 2022-ci ildəki 3,5 faizdən 2023-cü ildə 3 faizə enəcəyi proqnozlaşdırılıb.

Bütün bu mürəkkəb qlobal iqtisadi təsirlərə baxmayaraq Azərbaycan iqtisa­diyyatında bir sıra mühüm uğurlar qaza­nılıb. Ölkəmizin əsas ixrac məhsullarının qiymətləri əlverişli olaraq qalıb. Bu da res­publikanın tədiyə balansına, valyuta ba­zarında tarazlığa və iqtisadi fəallığa müs­bət təsir göstərib. Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın tədiyə balansının baş­lıca komponenti olan xarici ticarət balansı profisitliliyi ilə diqqət çəkib. Belə ki, hesa­bat dövründə xarici ticarət balansında 15 milyard dollardan çox müsbət saldo yara­nıb, cari əməliyyatlar hesabının profisiti isə ümumi daxili məhsulun (ÜDM) 13 faizi səviyyəsində qeydə alınıb. Profisitli tə­diyə balansı şəraitində bu il fevralın 1-nə Mərkəzi Bankın valyuta ehtiyatları 11 mil­yard 661 milyon ABŞ dollarına yüksəlib. 

Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında hesabat dövründə həyata keçirilən tədbirlər nəticəsində digər müs­bət göstəricilərin də əldə edildiyi, iqtisadi artımın davam etdiyi bildirilib. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatın əsasən, 2023-cü ildə ölkədə 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,7 faiz artıb. Ümumi daxili məhsulun 40,5 faizi sənaye, 10 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və ba­lıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və ra­bitə sahələrinin, 18,6 faizi digər sahələrin payına düşüb. 

İl ərzində məhsula və idxala xalis ver­gilər ÜDM-in 9,1 faizini təşkil edib. Ötən il əhalinin hər nəfərinə düşən ÜDM 12 min 114,5 manata bərabər olub.

Keçən il inflyasiyanın bütün kompo­nentləri üzrə azalma meyli müşahidə olu­nub. Belə ki, hesabat dövründə inflyasiya 2,1 faiz təşkil etməklə hədəf (4±2 faiz) diapazonunun aşağı hissəsində formala­şıb. İnflyasiyada istehlak səbətinin bütün qrup komponentləri üzrə azalma müşahi­də edilib. İllik ərzaq inflyasiyası 0,8 faiz, qeyri-ərzaq inflyasiyası 2,7 faiz, xidmətlər inflyasiyası isə 3,7 faiz təşkil edib. Faktiki inflyasiyanın dinamikası inflyasiya göz­ləntilərinə də təsir edib.

Hesabat ilində mürəkkəb qlobal iqti­sadi mühitin ölkə iqtisadiyyatına təsirləri çoxtərəfli olub. Azərbaycanın əsas ix­rac məhsullarının qiymətləri 2022-ci illə müqayisədə bir qədər azalsa da, əlverişli olaraq qalıb. Bu da respublikanın tədiyə balansına, valyuta bazarında tarazlığa və iqtisadi aktivliyə pozitiv təsir göstərib. 

Yeri gəlmişkən, son illər ölkəmizin ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli in­kişaf mərhələsinə daxil olub, sahibkarlı­ğın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tran­zit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul isteh­salı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəs­sisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub. 

Respublikada Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olun­ması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin gücləndiril­məsi və rəqabətin inkişafı ilə bağlı təd­birlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təh­lükəsizliyinə nəzarətin gücləndirilməsi sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və meteorologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb. Bunun nəticəsidir ki, təkcə bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracı 1,8 milyard dollar, qeyri-neft sektoru üzrə ix­racı 222 milyon dollar təşkil edib. Bu müd­dətdə yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 70 milyon dollara, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 152 milyon dol­lara bərabər olub.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat