Avropa “Şahdəniz”dən hərarət alır

post-img

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının zəngin qaz və kondensat ehtiyatları ölkəmizə olan beynəlxalq marağı getdikcə artırır. Bunun nəticəsidir ki, “Şahdəniz” qazı Avropa məkanında zaman keçdikcə özünə daha çox alıcı tapır. “Köhnə qitə”nin enerji xəritəsinin zənginləşdirilməsinə xidmət edən Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti isə “Şahdəniz” layihəsi səhmdarlarının səmərəli fəaliyyətindən asılıdır. 

Xatırladaq ki, “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99 faiz), Cənub Qaz Dəhlizi (21,67 faiz) LUKOYL (19,99 faiz), TPAO (19 faiz) və NİKO (10 faiz) və şirkətləridir. 

“BP–Azərbaycan” şirkətinin 2023-cü ilin yekunları ilə bağlı hesabatına əsasən, ötən il “Şahdəniz” layihəsinin əməliyyat tədbirlərinə 2 milyard 194 mil­yon dollar, əsaslı məsrəflərinə isə 892 milyon dollar xərclənib. Həmin vəsaitin böyük əksəriyyəti hazırda fəal işlənmə mərhələsində olan “Şahdəniz-2” layihə­sinə sərf edilib. 

İl ərzində qazın “Şahdəniz” yatağın­dan Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə, eləcə də Avropadakı alıcılara çatdırılma­sı davam etdirilib. 

Zəngin qaz və kondensat ehtiyatla­rına görə seçilən “Şahdəniz” yatağında ötən müddətdə iki hasilat platforması quraşdırılaraq istismara verilib. Həmin qurğuların gündəlik hasilat gücü təx­minən 77 milyon (ildə 28 milyard kub­metrdən artıq) kubmetr təşkil edir. Ötən il “Şahdəniz–Alfa” və “Şahdəniz–Bravo” adlı platformalardan, ümumilikdə, təqri­bən 26 milyard kubmetr qaz və 4 milyon tondan artıq kondensat çıxarılıb. 

Məlum olduğu kimi, layihə səhmdar­ları tərəfindən “Şahdəniz” yatağının bir neçə mərhələdə işlənməsi ilə bağlı qə­rar qəbul olunub. Yatağın birinci işlənmə mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə 2003-cü ilin əvvəllərində, ilk qazın hasilatına isə 2006-cı ilin sonlarında baş­lanılıb. Yatağın ikinci işlənmə mərhələ­si isə genişliyi və əhatəliyi baxımından daha çox seçilir. İl ərzində əlavə olaraq daha 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutan bu mərhələ çərçivəsində nəzərdə tutulmuş tədbirlər uğurla həya­ta keçirilir. Hazırda “Şahdəniz-2” layihəsi çərçivəsində ilk dəfə olaraq Xəzər dəni­zində yatağın sualtı işlənməsi texnologi­yası tətbiq olunur ki, bu da BP şirkətinin dünya üzrə operatoru olduğu ən iri sualtı infrasrukturdur. Təxminən 28 milyard ABŞ dolları həcmində investisiya qoyul­muş bu layihə, ümumilikdə, planlaşdırıl­mış ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə birləşdirilmiş iki platformadan, 500 kilometr uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Səngəçal terminalında əsaslı genişləndirmə işlə­rindən ibarətdir. Layihənin detallarına, həmçinin Azərbaycan ərazisində 428 ki­lometr, Gürcüstan ərazisində isə 59 kilo­metr uzunluğunda yeni boru kəmərləri və iki yeni kompressor stansiyası, eləcə də Cənubi Qafqaz boru kəmərinin (CQBK) genişləndirilməsi daxildir. 

“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsində qaz hasilatına 2018-ci il iyul ayının 30-da başlanılıb. Həmin gün yatağın şimal cinahındakı “SDC03Z” qu­yusunun istismara verilməsi ilə “Şahdə­niz Bravo” platformasından ilk qaz əldə olunub. Sonrakı illərdə yeni quyuların istismara daxil edilməsi ilə hasilat artma­ğa başlayıb. 2022-ci ildə “Şahdəniz-2” layihəsi çərçivəsində daha bir uğura imza atan konsorsium iştirakçıları yata­ğın qərb-cənub cinahını işlənməyə daxil ediblər. 

2023-cü ildə isə “Şahdəniz-2” layihə­si çərçivəsində aparılan işlər yatağın şərq-şimal cinahından 2024-cü ilin ilk rübünə planlaşdırılan hasilatın başlan­ması qrafikinə uyğun davam etdirilib. Hesabat dövründə layihə çərçivəsində şərq-şimal cinahında bütün sistemin is­tismar üçün təhvil verilməsi başa çatdı­rılıb. Hazırda bu cinahda EN03 quyusu­nun tamamlama əməliyyatları, həmçinin sualtı və təhvilvermə işləri üzrə fəaliy­yətlər davam edir. 

Hesabatda qeyd olunduğu kimi, ötən il “Şahdəniz” layihəsi çərçivəsində qaz­ma əməliyyatları həyata keçirilməyib. Belə ki, “Şahdəniz-Alfa” platformasının qazma qurğusunda aparılan profilaktiki işlərlə əlaqədar burada quyu qazılma­yıb. Bununla belə, “Şahdəniz” qaz-kon­densat yatağında əsas kəşfiyyat-qiymət­ləndirmə quyularının qazılmasını həyata “İstiqlal” qurğusu vasitəsilə SDF03z qu­yusunda təkrar tamamlama işləri başa çatdırılıb. Eyni zamanda, SDF05 quyu­sunda tamamlama işləri yekunlaşdırılıb. Bütövlükdə isə, ötən müddətdə “Şah­dəniz-2” layihəsi çərçivəsində 21 quyu qazılıb. Həmin quyuların 5-i yatağın şi­mal cinahında, 4-ü qərb cinahında, 4-ü şərq-cənub cinahında, 5-i qərb-cənub cinahında, 3-ü isə şərq-şimal cinahında yerləşir. 

“Şahdəniz” yatağından hasil edilən qaz saultı infrastruktur vasitəsilə Sən­gəçal terminalına nəql olunur. Burada­kı mövcud qurğular qazı qəbul edərək Cənubi Qafqaz boru kəmərinə (CBQK) ötürür. 2023-cü ildə “Şahdəniz” qazının, eləcə də “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan neftlə bərabər çıxa­rılan səmt qazının sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndə­rilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü ha­zırda, təqribən, 81 milyon kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gün­dəlik 100 milyon standart kubmetr təşkil edir. Qaz Səngəçal terminalından Cənu­bi Qafqaz boru kəməri və terminalın qaz emalı obyektlərini SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyininın qazpaylama siste­mi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur. Ötən il bu­radan gündəlik orta hesabla, təxminən, 71 milyon kubmetr “Şahdəniz” qazı gön­dərilib. 

Məlum olduğu kimi, bu ixrac siste­minin səmərəli idarə edilməsi məqsə­dilə Cənubi Qafqaz Boru Kəməri şirkəti yaradılıb. CBQK-nin sərmayədarları BP (29,99 faiz), Cənub Qaz Dəhlizi (21,02 faiz), LUKOYL (19,99 faiz), TPAO (19 faiz) və NİKO (10 faiz) şirkətləridir. Ötən il sərmayədarlar tərəfindən CQBK-nin əməliyyat tədbirlərinə, təqribən, 77,7 milyon dollar, əsaslı məsrəflərinə isə 13,8 milyon dollar xərclənib. 

Qeyd edək ki, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhli­zinin mühüm seqmentlərindən sayılan Cənubi Qafqaz boru kəməri 2006-cı ilin sonlarında istismara verilib. Ötən müd­dətdə Gürcüstan, Türkiyə və Avropadakı istehlakçıları daha çox “mavi yanacaq”­la təmin etmək məqsədilə sözügedən kəmərin imkanları xeyli genişləndirilib. Yeri gəlmişkən, genişləndirilmiş Cə­nubi Qafqaz boru kəməri sistemi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb. 2023-cü ildə CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,1 milyon kubmetr təşkil edib. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat