Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa Birliyinin diqqət mərkəzindədir

post-img

Yanvarın 29-30-da Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyasının təşkilatçılığı ilə Avropa və Mərkəzi Asiya arasında dayanıqlı nəqliyyat bağlantıları üzrə “Global Gateway Investors Forum” keçirilib.

Tədbirin əsas məqsədi xüsusilə də regionda müşayiət olunan geosiyasi problemlər fonunda yenidən şəkillənən qlobal təchizat zəncirində Avropa ilə Asiya arasında etibarlı və effektiv ticarət bağlantısı kimi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialının daha yaxşı dəyərləndirilməsi olub.

Qlobal forumun əsas müzakirə mövzusunu Çin-Qazaxıstan sərhədindən başlayaraq 15 gün ərzində daşımaların həyata keçirilməsi potensialı olan bu dəhlizin Avropa və Mərkəzi Asiyanı birləşdirən ən müasir, multimodal və səmərəli marşruta çevrilməsi üçün zəruri olan infrastruktur və əməliyyat təkmilləşdirmə prosesləri və onların icrası üçün tələb olunan investisiyalar təşkil edib.

Sözügedən tədbir Avropa Komissiyası, Avropa İttifaqına üzv ölkələr, Mərkəzi Asiya, Qafqaz ölkələri və Türkiyənin yüksəksəviyyəli təmsilçilərini, həmçinin G7 ölkələri, maliyyə qurumları və özəl sektor nümayəndələrini bir araya gətirib.

Bu mötəbər forumda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Fariz Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibində “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəsmiləri təmsil olunub.

Forumun “Cənubi Qafqaz və Türkiyə: Mərkəzi Asiya ilə Avropa arasında güclü nəqliyyat bağlantısı” panelində çıxış edən F.Əliyev Azərbaycanın Orta dəhlizdəki rolu, dəhlizin inkişafı məqsədilə ölkədə həyata keçirilən nəqliyyat infrastrukturu layihələri, avtomobil və dəmiryollarının tikintisi və yenidən qurulması, o cümlədən Bakı – Tbilisi – Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi beynəlxalq əhəmiyyətli layihələr barədə məlumat verib. Bu kontekstdə regionda nəqliyyat şəbəkəsinin vacib tərkib hissəsi olacaq Şərqi Zəngəzur – Naxçıvan – Qars bağlantısının dəhlizin yükkeçirmə potensialının artırılması və regional inteqrasiya proseslərinin dərinləşməsi yönündə mühüm perspektivləri forum iştirakçılarının diqqətinə çatdırılıb. 

 

Həmçinin təchizat zəncirinin dayanıqlığının təmin edilməsi məqsədilə əməliyyat proseslərinin təkmilləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, nəqliyyatda rəqəmsal həllərin daha geniş tətbiqi istiqamətində görülən işlər və bütün bunların nəticəsində son 5 ildə tranzit yükdaşımaların həcmindəki əhəmiyyətli artım barəsində məlumat verilib. Təmsilçimiz ölkənin nəqliyyat sektorunun daha da inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən infrastrukturun qurulması istiqamətində beynəlxalq maliyyə institutları və qlobal şirkətlərlə əməkdaşlıq etməyə hazır olduğumuzu, bunun üçün hər cür münbit şərait yaradıldığını vurğulayıb.

Eyni zamanda F.Əliyev ölkə başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanın regional tranzit və ticarət qovşağına çevrilməsi yönündə əldə olunan nailiyyətlər və Orta dəhlizin rəqabətqabiliyyətliliyinin artırılması üçün dəhliz boyu ölkələrlə birgə əməkdaşlıq istiqamətində aparılan tədbirlər barədə danışıb, Qazaxıstan və Gürcüstan Dəmir Yolları ilə birgə dəhliz üzrə vahid operator kimi çıxış edəcək birgə müəssisənin – “Middle Corridor Multimodal” Ltd-nin yaradılmasına diqqət çəkib. 

Məlumat üçün bildirək ki, forum çərçivəsində iştirakçılar, Avropa və beynəlxalq maliyyə institutlarının Orta dəhliz vasitəsilə dayanıqlı nəqliyyat əlaqəsinin təmini, lazımi infrastrukturun qurulması və texniki dəstəyin göstərilməsi üçün maliyyə vəsaitinin ayrılacağına dair elanla çıxış ediblər. Artıq bu istiqamətdə bir sıra mühüm öhdəliklər də qəbul edilib. Belə ki, Avropa İnvestisiya Bankı (EIB) Qazaxıstan, Qırğızıstan və Özbəkistan hökumətləri ilə ayrı-ayrılıqda ümumilikdə 1,47 milyard avro dəyərində müqavilələr bağlanıb və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Qazaxıstanla ümumi dəyəri 1,5 milyard avro olan Anlaşma Memorandumu imzalayıb. Gələcəkdə Transxəzər dəhlizi üzrə belə müqavilələrin davam edəcəyi gözlənilir. Hesab edilir ki, bu cür əməkdaşlıqlar Avropa və Asiya arasında qlobal logistika bağlantılarının gücləndirilməsinə böyük töhfə verəcək və dəhlizin əhəmiyyətini daha da artıracaq.

 







İqtisadiyyat