114 yaşlı Səyalı Nəbiyeva 109 saylı dairənin ən yaşlı seçicisidir

post-img

“109 saylı Qazax seçki dairəsində yaşı yüzdən yuxarı olan 5 nəfər seçicimiz var. Onların arasında ən yaşlısı isə 39 saylı seçki məntəqəsində qeydiyyatda olan 1907-ci il təvəllüdlü Nəbiyeva Səyalı Abdulla qızıdır”. Bunu secki-2024.az saytına açıqlamasında sözügedən dairənin sədri Xəyyam Salehov bildirib.

O, məlumat verib ki, dairə üzrə fəaliyyət göstərən 42 seçki məntəqəsinin hamısında 7 fevral prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri hazırlıq işləri yekunlaşıb: “Məntəqələrin təchizat və təminat məsələləri tələblərə uyğun həll edilib, 1 məntəqədə veb-kameralar quraşdırılıb. Seçicilərə bildirişlərin çatdırılması yanvar ayının 31-ə kimi başa çatdırılıb. Mərkəzi Seçki Komissiyasından bülletenləri almışıq, Seçki Məcəlləsinin 96-cı maddəsinin tələbinə uyğun olaraq səsvermə gününə 3 gün qalanadək, yəni, fevralın 4-dək seçki məntəqələrinə paylanılması təmin ediləcək. Yaşlı və sağlamlıq imkanları məhdud şəxslər üçün isə daşınan qutu vasitəsilə səsvermə imkanı yaradılacaq”.

X.Salehov bildirib ki, dairə üzrə qeydiyyatda olan 48 min 296 seçicidən 3 642 nəfəri prezident seçkilərində ilk dəfə səsvermə hüququndan istifadə edəcəklər: “Həmin seçicilərdən 87 nəfəri (səsvermə günü də daxil olmaqla) 18 yaşı yeni tamam olanlardır. 3 nəfərin isə 18 yaşı məhz seçki günü tamam olacaq”.

Son xəbərlər