Gürcüstan Azərbaycandan 3 milyard kubmetr qaz idxal etməyi planlaşdırır

post-img

Gürcüstan bu il Azərbaycandan 3,017 milyard kubmetr qaz idxal etməyi planlaşdırır. Gürcüstan mətbuatı yazıb ki, bu, 2024-cü il üçün təsdiq edilmiş təbii qaz balansında qeyd olunub.

Qeyd olunub ki, Gürcüstan ümumilikdə 3,217 milyard kubmetr qaz idxal etməyi planlaşdırır. Bu həcmin 200 milyon kubmetri Rusiyanın payına düşəcək. Balans cəmi 3 milyard 231 milyon kubmetr səviyyəsində təsdiq edilib ki, bunun da 99,6 faizi idxaldır.

Qeyd edək ki, Gürcüstan təbii qaza olan tələbatını, demək olar ki, tamamilə idxal hesabına ödəyir. Azərbaycan Gürcüstana “mavi yanacaq”ın əsas tədarükçüsüdür, lakin 2023-cü ildə Rusiyadan tədarüklər xeyli artıb.

Gürcüstanda təbii qaza tələbatın 3,191 milyard kubmetr olacağı bildirilir. O cümlədən, əhali üzrə istehlak 1 milyard 458 milyon kubmetr, istilik elektrik stansiyaları üzrə isə 762,6 milyon kubmetr təşkil edəcək. 970 milyon kubmetr isə kommersiya sektorunun payına düşür.

Rizvan FİKRƏTOĞLU

XQ

 

İqtisadiyyat