Dünya Bankı Orta Dəhlizin səmərəliliyini artırmaq yollarını təklif edib

post-img

Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) səmərəliliyini artırmaq üçün Dünya Bankı (DB) tövsiyə edir ki, Azərbaycan, Qazaxıstan və Gürcüstan bütün nəqliyyat şəbəkəsi üzrə yüklərin izlənilməsi imkanını təmin etsinlər.

“Report” DB-nin hesabatına istinadən xəbər verir ki, bunun üçün həm dəmir yolu daşımalarını, həm də Xəzər dənizi ilə daşımaları əhatə edən vahid elektron sənəd dövriyyəsinə keçidin təmin edilməsi təklif olunur.

"Logistik qovşaqların yaradılması yolu ilə yüklərin konsolidasiyasına, dəmir yolu nəqliyyatına keçidə kömək etmək və Şərqlə Qərb arasında yük axınlarının balansını yaxşılaşdırmaq məqsədəuyğun olardı. Bundan əlavə, yekun nəqliyyat tariflərinin şəffaflığını və proqnozlaşdırıla bilənliyini təmin etmək lazımdır. ”, - deyə hesabatda bildirilir.

DB Azərbaycan və Qazaxıstana limanda yüklərin sərf etdiyi vaxtı azaltmağı, Bakı-Aktau və Aktau-Bakı marşrutları üzrə konteynerlərin daşınma qabiliyyətini artırmağı, konteynerlər üçün yük tarifləri və liman tariflərini azaltmağı tövsiyə edir. Bundan əlavə, Azərbaycan yüklərin gəmilərdən sahilə daşınmasının səmərəliliyini artırmalı, Qazaxıstan isə limanların bağlanması parametrlərini nəzərdən keçirməli və bütün bazar iştirakçıları üçün ayrı-seçkilik olmadan liman xidmətlərinə çıxışı təmin etməlidir. Gürcüstan üçün, öz növbəsində, DB liman-dəmir yolu/avtomobil daşımalarının səmərəliliyinin artırılmasını, naviqasiya kanalının vəziyyətinin yaxşılaşdırılmasını və konteynerlər üçün liman tariflərinin azaldılmasını təklif edir (hazırda onlar bütün Qara dəniz regionunda ən yüksək tarifdir).

Dəmir yolları və sərhəd keçid məntəqələrinə gəldikdə, bankın analitikləri Qazaxıstana hərəkətli heyətin mövcudluğunu təmin etməyi, manevr əməliyyatlarının səmərəliliyini artırmağı, Azərbaycan və Gürcüstana isə xüsusilə Gürcüstan və Azərbaycan arasındakı sərhəd keçid məntəqələrində hərəkətli heyətin olmasını, "dəmir yolu - dəniz limanı"keçid mərhələsində səmərəliliyin artırılmasını təklif edirlər.

Bank hesab edir ki, bu tədbirlər məhdud investisiyalarla əhəmiyyətli təsir göstərə bilər. Eyni zamanda, o, Dünya Bank 2030-cu ilə qədər Orta Dəhliz boyunca nəqliyyatın həcminin 2021-ci ilə nisbətən üç dəfə artacağını və səyahət müddətinin iki dəfə azala biləcəyini gözləyir.

"İnvestisiya və əməliyyat fəaliyyətinin təkmilləşdirilməsi tədbirlərinin yüksək səviyyədə birləşməsi sayəsində dəhliz transkontinental ticarətin iqtisadi və siyasi dayanıqlığına müəyyən töhfə verə biləcək, Mərkəzi Asiya və Cənubi Qafqazın potensialını inkişaf etdirməyə imkan verəcək, dəniz limanlarına çıxış yolu ilə Çin, Avropa və dünyanın digər bölgələrinə etibarlı marşrut təmin edəcək", - hesabatda deyilir.

XQ

 

İqtisadiyyat