Anar Quliyev: Azad olunmuş ərazilərdə planlaşdırma işləri 2024-cü ilin sonuna tam yekunlaşacaq

post-img

İşğaldan azad edilmiş ərazilərdə görülən işlər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında həyata keçirilir.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, bu ilin sonunda proqram çərçivəsində ümumilikdə 100 yaşayış məntəqəsinin planlaşdırılması və yenidən qurulması nəzərdə tutulur.

“Bunlardan 9-u şəhər, 91- i isə əsasən qəsəbə və kəndləri əhatə edir. Bu proses bu gün sürətlə davam edir. Artıq işlərin əksəriyyətinin planlaşdırılması işləri başa çatıb. Çox güman ki, 2024-cü ilin sonuna planlaşdırma işləri tam yekunlaşacaq”, - deyə A.Quliyev vurğulayıb.

Komitə sədri dövlət proqramının davam edəcəyini qeyd edib: “Belə ki, birinci proqram çərçivəsində 140 minə yaxın insanın köçməsi nəzərdə tutulubsa, artıq növbəti illərdə daha çox insan evlərinə qayıda biləcək. Ümumilikdə isə 2024-2025-ci illərdə planlaşdırma işlərinin başa çatacağı gözlənilir”.

İqtisadiyyat