Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı yeni mərhələdə

post-img

Beynəlxalq maliyyə qurumu indiyədək 188 layihəyə 3,6 milyard avrodan çox investisiya yatırıb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşdığı məlumatda ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlığın genişləndirilməsinin müzakirə edildiyini və Böyük Britaniyaya səfəri çərçivəsində AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterinklə görüşdüyünü bildirib. O, bu müzakirələrdə, həmçinin bərpaolunan enerji mənbələri, özəl sektor və informasiya texnologiyaları sahələrində ikitərəfli əlaqələrin perspektiv prioritetlərinə də toxunulduğunu vurğulayıb. 

Qeyd edək ki, AYİB-nin Azərbaycan­dan müdir, iqtisadiyyat naziri M.Cabba­rov həmin görüşdə ölkəmizin adıçəkilən bankla əlaqələrin inkişafına daim önəm verdiyini, bu maliyyə qurumunun respub­likamızın iqtisadi inkişafına uzunmüddətli və davamlı dəstək göstərdiyini bildirib. Nazir ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərinin qlobal məqsədlərə uyğun­luğunu vurğulayaraq, qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün səylərin birləşdirilməsinin önəmini də qeyd edib. 

Xatırladaq ki, AYİB hazırda ölkəmizlə “yaşıl” iqtisadiyyat, bərpaolunan və alter­nativ enerji kimi istiqamətlər üzrə prioritet layihələrin icrasına böyük maraq göstərir. Bankın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konf­ransının 29-cu sessiyasının – COP29-un gələn il Azərbaycanda keçirilməsini yük­sək dəyərləndirməsi və bu istiqamətdə Azərbaycana dəstək verməyə hazır oldu­ğunu bildirməsi də bunun bariz ifadəsidir.

Prezidenti İlham Əliyev bu il sentyabrın 7-də AYİB-in birinci vitse-pre­zidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də maliyyə qurumu ilə ölkəmiz üçün prioritet sahələrdə, xüsusilə bərpaolunan enerji və nəqliyyat-logistika sahələrində əmək­daşlıq məsələləri müzakirə olunub. Eyni zamanda, AYİB ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsi­nin önəmi vurğulanıb, bankın ölkəmizin enerji layihələrinə ayırdığı kreditlərin vacibliyi qeyd edilib. 

Ümumiyyətlə, AYİB tərəfindən apa­rılan tədqiqatlar Azərbaycanda ekoloji cəhəfdən təmiz hidrogen istehsalının məqsədəuyğun olduğunu təsdiq edib. Bu­nunla yanaşı, adıçəkilən bankın dəstəyi ilə Niderlandın tanınmış “Advision” şirkəti ilə Azərbaycanın hidrogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlili də ye­kunlaşıb. Qurumun hesabatında ölkəmi­zin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alıb.

Maliyyə qurumunun ölkəmizin bərpa­olunan enerji layihələrinin həyata keçiril­məsi ilə bağlı fəaliyyətindən danışarkən bankən hazırda respublikamızın şərqin­də 240 meqavatt gücündə külək enerjisi stansiyasının tikintisini maliyyələşdirdiyi daha çox diqqət çəkir. Bu, külək enerjisi sahəsində ölkədə ilk təşəbbüs olmaqla Qafqazda bu cür ən böyük layihədir. Stan­siyası istismara verildikdən sonra ildə 893 qiqavatt-saatadək xalis elektrik enerjisinin hasil olunacağı gözlənilir. Ölkəmiz tərəfin­dən AYİB-in fəaliyyətində xüsusi yer tutan “Xəzər–Avropa İttifaqı Yaşıl Enerji Dəhli­zi” layihəsi də yüksək dəyərləndirilir. 

Beynəlxalq maliyyə institutunun ölə­mizlə əməkdaşlığından bəhs edərkən, ötən ilin yayında Gəncə şəhərinin Azər­baycanda ilk pilot şəhər olaraq AYİB-nin “Yaşıl Şəhərlər Proqramı”na qoşulmasını da xatırladaq. Seçilmiş şəhər üçün “Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanması həmin əsasını təşkil edir. Fəaliyyət Pla­nının əsas məqsədi isə “yaşıl” gələcəyə keçidi dəstəkləmək üçün investisiya qo­yuluşu və digər tədbirlər vasitəsilə Gən­cənin ekoloji məsələlərinin həllinə kömək göstərilməsidir.

AYİB bu ilin əvvəlində Azərbaycanla birgə imzaladığı Anlaşma Memorandu­mu ilə təsdiqlənən investisiyalar, eləcə də texniki əməkdaşlıq və siyasi dialoq vasitə­silə “yaşıl proqram”ın həyata keçirilməsini qarşıya mühüm vəzifə kimi qoyub.

AYİB-in ölkəmizdəki fəaliyyəti təkcə “yaşıl enerji” layihələrinin maliyyələşdi­rilməsi ilə məhdudlaşmır. Ümumiyyətlə, Azərbaycan–AYİB əməkdaşlıq imkanları və bankın maliyyə dəstəyi ilə həyata ke­çirilən layihələr genişmiqyaslıdır. Maliyyə qurumunun indiyədək respublikamızda 188 layihəyə 3,6 milyard avrodan çox sərmayə qoyması, ümumi investi­siyaların 13 faizinin özəl sektorun payına düşməsi də bunun bariz təsdiqidir. Bun­dan başqa, AYİB-in təkcə 2022-ci ildə Azərbaycanda 9 layihəyə 86 milyon avro investisiya qoyması və həmin vəsaitin 71 faizinin “yaşıl iqtisadiyyat”ın inkişafına, bərpaolunan enerji mənbələrinə yönəlt­məsi isə maliyyə qurumunun ölkəmizin inkişafına əhəmiyyətli töhfəsidir.

AYİB-in respublikamıza belə ciddi ma­raq göstərməsi bir sıra amillərlə əlaqədar­dır. Əvvəla, respublikamızın əlverişli coğ­rafi məkanda yerləşməsi, eləcə də tranzit yüklərin daşınması üçün müasir infrast­ruktura malik olması bu baxımdan diqqət çəkir. Bu cür əlverişli şərait səbəbindən mühüm nəqliyyat dəhlizlərinin qovşağın­da yerləşən Azərbaycanla əməkdaşlıq et­məyə calışan beynəlxalq maliyyə qurum­larının və dünya ölkələrinin sayı da ilbəil artır. AYİB-in respublikamızla yükdaşıma­lar sahəsində sıx əməkdaşlıq qurmasını da məhz bu məqam şərtləndirir. Bankla Azərbaycan İnvestisiya Holdinqi arasın­da razılıq əldə edilməsi – niyyət sənədi imzalanması da bu məsələdən qaynaq­lanır. Bu əməkdaşılıq mövcud nəqliyyat dəhlizləri üzrə Azərbaycanın dəniz, avto­mobil və dəmir yolu nəqliyyatının iştirakı ilə multimodal daşımaçılığın səmərəliliyini artıraraq iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verir.

Sonda qeyd edək ki, AYİB 1991-ci ildən fəaliyyətə başlayıb. Ötən müddət ərzində əsasən, keçmiş sosialist ölkələri və Mərkəzi Asiya dövlətlərinə bazar iqti­sadiyyatına keçid məqsədilə kredit və tex­niki yardım üçün kredit, həmçinin ianələr ayırıb. 

Azərbaycan 1992-ci ildən mərkəzi ofi­si Böyük Britaniyada yerləşən bu maliyyə qurumunun üzvüdür. Beynəlxalq maliyyə institutunun layihələrinin 50 faizi enerji sahəsini əhatə edir. Bankın səhm fon­dunda Azərbaycan Dövlət Neft Fondunun 100 milyon dollarlıq kapitalı saxlanılır. 

V. BAYRAMOV
XQ

İqtisadiyyat