Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının nüfuzlu üzvüdür

post-img

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 39-cu Nazirlər Toplantısı keçirilib. “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin elektron ticarət potensialının təkmilləşdirilməsi” mövzusuna həsr olunmuş tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan məra­simdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada baş qaldıran İslamofobiyanın ifadə azadlığı adı altında gizlədildiyini deyib. İsrail–Fələstin qarşıdurmasına toxunan Ərdo­ğan bölgəni dincliyə, sabitliyə aparan yolun məhz bu münaqişənin sülh yolu ilə həllindən keçdiyini bildirib.

Quruma daxil olan ölkələr arasın­da iqtisadi əməkdaşlıqların artırılması istiqamətində çatışmazlıqların aradan qaldırılmasının vacibliyini vurğulayan Türkiyə Prezidenti elektron ticarətin in­kişafı və rəqəmsal transformasiyanın iqtisadiyyat sahəsinə yeni imkanlar ya­ratdığını qeyd edib.

Toplantının rəsmi açılış mərasimin­də çıxış edən İƏT-in baş katibi Hisse­in Brahim Taha üzv dövlətləri iqtisa­diyyatın mühüm sahələrinə daha çox sərmayə qoymağa çağırıb. Baş katib COMCEC-in sədri, Türkiyə Preziden­ti Rəcəb Tayyib Ərdoğanın təşkilatın müxtəlif iqtisadi proqram və layihələ­rinin həyata keçirilməsinə davamlı dəstəyini vurğulayıb.

Hissein Brahim Taha İƏT və onun təsisatlarının son bir ildə iqtisadi sahə­də fəaliyyətini vurğulayaraq iqtisadiyya­tın mühüm sahələrində, xüsusən ərzaq və kənd təsərrüfatı sektorunda təşkilat daxilində əməkdaşlığın daha da geniş­ləndirilməsinin vacibliyini vurğulayıb. O, İƏT-ə üzv dövlətlərdə yerli istehsal potensialının inkişafına kömək etmək üçün daha davamlı qida sistemləri, bi­lik və ən yaxşı təcrübələri bölüşməyə, müvafiq olaraq, həmin ölkələrin inkişaf problemlərinin həlli istiqamətində daha çox əməkdaşlığa, harmonizasiyaya və səylərin sinerjiləşdirilməsinə çağırıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinin müavi­ni Sahib Məmmədov mərasimdə çıxış edərək İslam Əməkdaşlıq Təşkilatın­da daxili ticarət, iqtisadi əməkdaşlıq­da özəl sektorun rolunun artırılması, maliyyə əməkdaşlığı, nəqliyyat və kommunikasiya sahələrinin təkmilləş­dirilməsi və ölkələrin elektron ticarət potensialının təkmilləşdirilməsi kimi aktual məsələlərdən söhbət açıb. Na­zir müavini ölkəmizin İƏT dövlətləri ilə tərəfdaşlığın inkişafına önəm ver­diyini vurğulayıb. İclasda, həmçinin ölkə iqtisadiyyatının şaxələndirilməsi, rəqəmsal ticarət sahəsində görülən iş­lər barədə məlumat verilib, dayanıqlı və rəqabətədavamlı turizm sektorunun inkişafı, kənd təsərrüfatında məhsul­darlığının artırılması və davamlı ərzaq təhlükəsizliyinin təmin edilməsi, eləcə də yoxsulluğun azaldılması istiqamət­lərində İƏT üzvü olan ölkələrlə əmək­daşlıq qeyd olunub. 

Qeyd edək ki, 1981-ci ildə Məkkədə keçirilmiş İƏT-in 3-cü sammitində yara­dılmış COMCEC çoxtərəfli iqtisadi və ticarət əməkdaşlığı üzrə əsas platfor­madır. İƏT-in 4 daimi komitəsindən biri olan COMCEC-in tərkibində 6 sahəvi (ticarət, maliyyə, nəqliyyat və kommu­nikasiya, kənd təsərrüfatı, turizm və yoxsulluğun azaldılması) işçi qrupu fəaliyyət göstərir.

Hər il İƏT-in iqtisadi və ticari inkişaf sahələrində fəaliyyətlərini nəzərdən keçirmək üçün toplanan COMCEC-in dekabrın 2-dən 5-dək davam edən bu­dəfəki sessiyasında təşkilata üzv döv­lətlərin ticarət və iqtisadiyyata məsul nazirləri, həmçinin qurumun təsisatları və beynəlxalq təşkilatların nümayən­dələri iştirak ediblər. Tədbirdə COM­CEC çərçivəsində elektron ticarət və investisiya, kənd təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma, turizm və maliyyə inki­şafı, yoxsulluğun azaldılması və digər sahələrdə müxtəlif layihələrin icrası və­ziyyəti nəzərdən keçirilib. Bununla ya­naşı, sessiya çərçivəsində “Halal serti­fikatlarının qlobal səviyyədə tanınması” və “Qlobal mübahisələrin alternativ həl­li” mövzularında panel iclaslar keçirilib.

Yeri gəlmişkən, Azərbaycan döv­lət müstəqilliyini bərpa etdikdən son­ra üzv olmaq üçün müraciət etdiyi ilk beynəlxalq təsisatlardan biri də İslam Əməkdaşlıq Təşkilatı olub. Ölkəmizin İƏT-ə tamhüquqlu üzvlüyü isə 1991-ci ilin dekabrın 8-də qurumun dövlət və hökumət başçılarının iştirakı ilə Dakar­da keçirilmiş 5-ci konfransında rəsmilə­şib. Həmin vaxtdan etibarən təşkilat ölkəmizin beynəlxalq hüquqlarının dün­ya müstəvisində tanıdılması sahəsin­də bir sıra vacib sənədlər qəbul edib. 1992-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının növbəti sessiyası za­manı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görü­şünün yekun sənədində “Ermənistan–Azərbaycan münaqişəsinə dair” müva­fiq maddənin salınması, bir il sonra isə Kəraçidə keçirilmiş XXI konfransında “Ermənistan və Azərbaycan arasında münaqişə” adlı qətnamənin qəbul edil­məsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qurum sonrakı illərdə də Ermə­nistanın ölkəmizə qarşı apardığı təca­vüzkar siyasətə qarşı bir sıra mühüm sənədlər qəbul edib. 

Hərtərəfli siyasi dəstəkdən sava­yı, qurum ötən müddətdə Azərbayca­nın İslam dünyasının müxtəlif iqtisadi strukturlara inteqrasiyasına yaxından kömək göstərib. Bu baxımdan 1992-ci ildə Azərbaycanın İslam İnkişaf Bankı­na (İİB) üzvü seçilməsini xüsusi qeyd etmək lazımdır. Ölkəmiz həmin vaxt­dan bu beynəlxalq iqtisadi təşkilatla sıx əməkdaşlıq edir. İİB, ilk növbədə, Qarabağ münaqişəsinə görə qaçqın və məcburi köçkün düşmüş azərbaycan­lılara maliyyə və humanitar yardımlar göstərib. Əlaqələr inkişaf etdikcə Azər­baycan İİB ilə kənd təsərrüfatı, infrast­ruktur, neft və qaz, su təchizatı, sənaye və müxtəlif sosial sahələr üzrə layihələ­rin maliyyələşdirməsi istiqamətində əməkdaşlığını davam etdirib. 

Hazırda Azərbaycan İslam Əmək­daşlıq Təşkilatının müxtəlif qurumları – ICESCO, İslam İnkişaf Bankı, İs­lam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə fəal əməkdaşlıq edir.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat