Azəri – Mərkəzi – Şərqi yatağında ilk quyu

post-img

Dünən yeni Azəri–Mərkəzi–Şərqi (ACE) platformasında ilk hasilat quyusunun qazılmasına başlanılıb. Bu barədə XQ-yə BP şirkətindən məlumat verilib. Məlumatda bildirilir ki, bundan əvvəl cari ilin avqust ayında Bayıl tikinti-quraşdırma sahəsindən dənizə yola salınmış ACE platformasının üst modullarının dənizdə bütün quraşdırma işləri və istismar sınaqları təhlükəsiz şəkildə tamamlanıb.

Quyunun ümumi dərinliyinin 3188 metrədək olacağı planlaşdırılır və bu dərinliyə çatmaq üçün qazma işlərinin təxminən üç ay çəkəcəyi gözlənilir. ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlamaqdan məmnun ol­duqlarını bildirən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezi­denti Qəri Counz deyib: “Bu, bizə 2024-cü ilin əvvəllərinə nəzərdə tutulmuş ilk ACE neftinin əldə olunmasına imkan verəcək. Qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün geniş hazırlıq işləri aparmışıq və bütün bunların əsasında bu sahədə olan təcrübəmiz, innovativ yanaşmalar, eləcə də avtomatlaşdırılmış proseslər və qa­baqcıl texnologiyalardan geniş istifadə durur. ACE platformasında bu ilk hasilat quyusunu təhlükəsiz, səmərəli və qra­fikə uyğun şəkildə tamamlayacağımıza inanırıq.”

XQ

İqtisadiyyat